Məhkəmə qərarları › İş №3(006)-4145/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4145/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4145/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs - X1 vəkili "Mirzəyev və partnyorları" vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə X2 məxsusdur. O, 1992-ci ildən həmin mənzildə yaşayır və mənzil daha əvvəl atasına məxsus olmuşdur. Tərəfindən 2024-cü il may ayından mənzildə təmir işlərinə başlanılmış və həmin il avqust ayının əvvəli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin (növbəti cümlələrdə qısa olaraq Bakı Regional İdarəsi yazılacaqdır) əməkdaşları mülkiyyətçinin icazəsi olmadan evə daxil olmuş və mənzildə fotoşəkillər çəkmişlər. Daha sonra mülkiyyətçiyə 16 avqust 2024-cü il tarixli xəbərdarlıq təqdim edilmiş və Bakı Regional İdarəsinə dəvət olunmuşdur. O, İdarədə olarkən izahatlarında bildirmişdir ki, 1992-ci ildən ailəsi ilə birlikdə bu mənzildə yaşayır və müxtəlif vaxt aralıqlarında (5 dəfə) təmir bərpa işləri aparmışlar. Mənzil planında edilmiş dəyişikliklər İlk təmir zamanına təsadüf edir (1992-ci il) və hazırki təmir zamanı mənzilin planında heç bir dəyişiklik etməmişdir. (48 saylı MKİS Aktı və Mənzilin texniki pasportu əlavə edilir.) Şikayətçi də daxil olmaqla binada yaşayan heç bir sakinə binanın tarixi abidə kimi dövlət mühafizəsinə götürülməsi barədə bildiriş verilməmiş, binaya onun tarixi əhəmiyyətini bildirən lövhə asılmamışdır. Daha sonra X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 19 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X3 İXM-nin 231.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat cərimə edilmişdir. Əlavə olaraq, Dilarə Əliyeva küçəsində (D.Əliyeva 190, 188, 186, 184, 182, 180, 178) təxminən 2016-2018-ci il tarixi aralığında Dövlət qurumu tərəfindən küçə boyunca bütün evlərin fasad hissəsində təmir bərpa işləri aparılmış və bütün taxta pəncərələr sökülərək plastik pəncərə ilə əvəz olunmuş, taxta qapılar dəmir qapı ilə əvəzlənmişdir. Şikayətdə qeyd edilir, əgər bina tarixi abidə kimi qorunurdusa nəyə görə binaya müasir pəncərələr qoyulmuşdur? Həmçinin qeyd edir ki, 16 avqust 2024-cü il tarixində xəbərdarlıq məktubu verilmiş, inzibati xəta haqqında protokol isə 06 sentyabr 2024-cü il tarixində tərtib olunmuşdur. Protokol tərtib edilərkən onun iştirakı təmin edilməmiş və protokola onun izahatları əlavə edilməmişdir. Bu səbəbdən də qeyd edilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin vəkili ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş baxmayaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən binanın 11 nömrəli mənzilin daxilinin Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq razılaşdırılmadan sökülməsi və yeni quruluşa salınmasına görə, X3 İXM-nin 231.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 1500 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. 05 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən qəbul edilmiş aktdan görünür ki, xx.xx.2024-cü il tarxində günün ikinci yarısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş, ünvan 2 ünvanında yerləşən abidə-binada (3113 inventar nömrəli) 11 nömrəli mənzildə (102 kv.m) “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılmamış təmir işlərinin aparılması faktı aşkar olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol üzrə “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 231.2-ci maddəsinə əsasən, mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə, fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol üzrə “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Bununla da inzibati orqan inzibati xəta haqqında protokola baxaraq qərar qəbul edərkən X1 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul etdiyindən sonuncunun hüquqlarını pozmuşdur. Belə ki, X1 xüsusi mülkiyyətində olan mənzilin memarlıq abidəsi olub-olmamasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona “İnzibati icraat” haqqında qanunun 62-ci maddəsi ilə müəyyən olunmuş rəsmi məlumatın verilməsi, müvafiq icra hakimiyyəti orqanı ilə onun arasında qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan abidənin qorunmasına dair müvafiq mühafizə müqaviləsinin bağlanıb-bağlanmaması müəyyən edilməmişdir Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol üzrə “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə tapşırılmalı, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətdə göstərilən xüsusatlar yenidən ətraflı araşdırılmalı, müvafiq sübutlar əldə olunmaqla iş üzrə obyektiv qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar