Məhkəmə qərarları › İş №3(006)-4147/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4147/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4147/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.21» elektron hesabat sistemindən xx.xx.2023-cu il tarixdə alınmış məlumata əsasən Şəxs MMC (VÖEN **********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə ümumilikdə 5000 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış NWC- 1812-0001 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda, 5000 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi, Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-02212/23 saylı inzibati xəta haqqında protokolla, gömrük bəyannaməsi və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 09 avqust 2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasıya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə ki, ixracatçı şirkətlər konsiqnasıya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir. "X4" MMC-yə (VÖEN **********) bu barədə xəbərdarlıq (1400-012/0xxxx/006947 : xx.xx.2022 10:23:11) və bildiriş (1400-012/0xx-xx/008771 : xx.xx.2022 14:10:08) məktubları göndərilmişdir. X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1" elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixində alınmış məlumata əsasən "X4" MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 5000 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. İş materiallarında olan Şəxs MMC ilə Qazaxıstan Respublikasında fəaliyyət göstərən «Makhmud Too» şirkəti arasında 9.500,00 ABŞ dolları dəyərində xx.xx.2018-ci il tarixli, NWC-1812-00001 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan **********1911 saylı gömrük bəyannaməsinə əsasən xx.xx.2018-ci il tarixdə Şəxs MMC tərəfindən Qazaxıstan Respublikasında fəaliyyət göstərən «Makhmud Too» şirkəti xx.xx.2018-ci il tarixli, NWC-1812-00001 nömrəli müqavilə ilə bağlı 9.500,00 ABŞ dolları dəyərində dizel generatoru məmulatları göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Beləliklə müəyyən edilir ki, Şəxs MMC tərəfindən xx.xx.2018-ci il tarixdə Qazaxıstan Respublikasında fəaliyyət göstərən «Makhmud Too» şirkətinə xx.xx.2018-ci il tarixli, NWC- 1812-00001 nömrəli müqavilə ilə bağlı 9.500,00 ABŞ dolları dəyərində mal göndərilmiş və və həmin tarixdən 180 gün ərzində ixrac olunan mala dair pul vəsaitini Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmişdir. Eyni zamanda məhkəmədə müəyyən edilir ki, hazırki inzibati xətanın törədildiyi gündən artıq 01 il müddət keçib. Belə ki, iş üzrə inzibati xətanın törədildiyi vaxt - malın ixrac olunduğu tarixin (xx.xx.2018-ci il) 180-ci gününün səhəri, yəni xx.xx.2019-cu il tarix müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi həmin Məcəllənin XXXVİİ fəslinə, yəni gömrük qaydaları əleyhinə olan inzibati xətalara daxil edilir və inzibati xətalar qanunvericiliyinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə olan halda hesab edirəm ki, müddətin keçməsi ilə bağlı Şəxs MMC inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olubolmamasını həll edir. Qeyd olunan Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar