Məhkəmə qərarları › İş №3(006)-4147/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4147/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4147/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayətçi: X2 Qərarından şikayət verilən orqan: Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə Bakı şəhər X11 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, uzun müddətdir sürücülük fəaliyyəti ilə məşğul olur. 19 mart 2024-cü il tarixdə, saat 15:00 radələrində Nəsimi rayonu, metronun “28 May” stansiyası yaxınlığında, Puşkin küçəsi ilə Dəmiryolu Vağzalı arasında olan magistral yolda avtomobil idarə edərkən polis əməkdaşı tərəfindən qanunsuz olaraq guya əks istiqamətdə avtomobil idarə etdiyi üçün saxlanılmışdır. Polis əməkdaşının dediyinə görə o, avtomobil idarə edərkən qarşıda olan yol nişanının tələbini pozmuşdur. Halbuki, o, həmin nişana çatmamış avtomobili saxlamış və onu keçməyərək geri dönüş etmiş, yoluna davam edərkən saxlanılmışdır. O, yol hərəkəti qaydalarını pozmadığını bildirsə də, onunla uzun söhbət heç bir nəticə verməmişdir. Beləliklə, polis əməkdaşı avtomobili cərimə meydançasına aparmış və ona Badamdar qəsəbəsində yerləşən Polis idarəsinə getməli olduğunu bildirmişdir. O, İdarədə 27-ci otağa daxil olmuş və onu Fərid adlı polis zabiti qarşılamışdır. Həmin şəxs ona yol hərəkəti qaydalarını pozduğu üçün cərimə balı yazılacağını və bununla da nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılacağını bildirmişdir. O, heç bir qayda pozmadığını, polis əməkdaşı tərəfindən qanunsuz olaraq saxlanıldığını bildirsə də, sözlərinə əhəmiyyət vermədən yalnız rüşvət müqabilində bu işi həll edə biləcəyini söyləmişdir. O, pulun məbləğini soruşduqda isə 1.400 manat təşkil etdiyini bildirmişdir. Lakin üzərində yalnız 150 manat olduğunu desə də, o, bunun mümkün olmayacağını təkidlə qeyd etmişdir. Daha sonra o, 2024-cü ilin 20-21 mart tarixlərində iki dəfə Fərid adlı polis zabitinin yanına getmişdir. O, hər dəfə də tələb etdiyi məbləğdə pulunun olmadığını söylədiyinə görə onu idarədən qovmuşdur. Sonuncu dəfə 2024-cü ilin 22 mart tarixdə, saat 14 radələrində bibisi oğlu X6 ilə həmin idarəyə getmiş və Fərid adlı polis zabitinə tələb etdiyi pulun onda olmadığını yalnız bir miqdar pul verəcəyini və onun müqabilində isə cərimə balının ona yox, bibisi oğlu Nurana yazılmasını təklif etmişdir. Lakin Fərid adlı şəxs bu təklif ilə də razılaşmamışdır. Belə olan halda o, ona cərimə balının yazılmasını və avtomobili cərimə meydançasından qaytarmalarını tələb etmişdir. Bu zaman polis əməkdaşı onun bu sözlərindən əsəbələşərək ona qarşı təhqiramiz ifadələr işlətmiş, onu hədələyərək otaqdan qovmuşdur. İdarədən çıxdıqdan sonra öz-özünə deyinmiş və bu qanunsuz hərəkətlərdən bibisi oğluna gileylənmişdir. Bu vaxt idarənin həyətində polis əməkdaşları arxadan 5-6 nəfər olmaqla ona yaxınlaşmış və üzərinə hücum edərək biri boynundan tutmuş, başını aşağı doğru əymiş, digərləri isə əl-qolunu tutaraq zorla onu idarəyə aparmışlar. Orada onu bir otağa həbs edib təxminən 01 saat saxlamış, onu döymüş, ona qarşı təhqiramiz ifadələr səsləndirmiş, fiziki və psixoloji zorakılıq hərəkətləri törətmişlər. Onlar etdikləri qanunsuz hərəkətlərin guya onun polis əməkdaşlarını təhqir etməyinə görə olduğunu bildirmişlər. Halbuki, o, heç bir əməkdaşı təhqir etməmiş, orada yalnız qanunsuz əməllərindən gileyləndiyini ifadə etmişdir. Qeyd edir ki, idarədə bir neçə videokamera yerləşdirilmiş və onun qeyd etdikləri həmin videokameralarda qeydə alınmışdır. Təqribən 01 saatdan sonra onu həmin otaqdan çıxarmışlar. Ondan sonra avtomobilini cərimə meydançasından götürüb evə qayıtmışdır. Lakin evdə idarədə ona qarşı edilən fiziki zorakılıq hərəkətləri nəticəsində aldığı xəsarətlərlə əlaqədar olan fiziki ağrılarına tab gətirə bilməmiş və elə həmin gün təcili yardım xidmətinə zəng vurmaq məcburiyyətində qalmışdır. Təcili yardım xidmətinin əməkdaşları həmin gün, saat 18:00 radələrində yaşadığı ünvana gəlmiş, ilkin tibbi yardım göstərmiş, lakin onlar onu ev şəraitində müayinə etməyin qeyri-mümkün olduğunu bildirmişlər. Buna görə də onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. O, xəstəxanadan çıxdıqdan sonra telefonuna zəng gəlmiş və onu 28-ci polis bölməsinə dəvət etmişlər. O, həmin gün, təxminən saat 20:00 radələrində bölməyə getmiş, orada təhqiqatçı tərəfindən ilkin izahatı alınmış və təhqiqatçı ona elə həmin gün ekspertiza mərkəzinə getməli olduğunu bildirmişdir. O, 25 mart 2024-cü il tarixdə, saat 11:00 radələrində ekspertiza mərkəzinə getmiş və aldığı xəsarətlərlə əlaqədar ekspert müayinəsindən keçmişdir. Ona ekspert rəyi ilə tanış olmağa imkan verməmişlər. Daha sonra o, dəfələrlə təhqiqatçıya zəng etmiş, lakin nə rəylə, nə də ki, barəsində olan işlə bağlı ona dəqiq məlumat verilməmişdir. O, 2024-cü ilin may ayının 22-də yenidən təhqiqatçıya zəng etmiş, sonuncu baş idarəyə getməli olduğunu bildirmişdir. O, həmin gün baş idarəyə getmiş, dəftərxanaya yaxınlaşmış və ona cinayət işinin başlanmasının rədd olunması barədə qərar təqdim etmişdir. Polis əməkdaşının qanunsuz olaraq cərimə balı yazması nəticəsində onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. O, 2024-cü ilin may ayının 06 və 20-si tarixlərində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etdiyi üçün həmin tarixlərdə ona 02 dəfə 300 manat olmaqla ümumilikdə 600 manat cərimə yazılmışdır. Onun yeganə dolanışıq yeri sürücülük fəaliyyəti ilə məşğul olmaqdır. Onun qanunsuz olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı üçün sürücülük fəaliyyəti ilə məşğul ola bilmir, hazırda maddi cəhətdən ağır durumdadır. Bütün bu yuxarıda sadaladığı polis əməkdaşlarının səlahiyyət hədlərinin aşması, vəzifələrindən sui-istifadə edərək onu döymələri, təhqir etmələri, bədən xəsarətləri yetirmələri polis adına ləkə gətirməklə bir vətəndaş olaraq onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bununla yanaşı, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətinə isə elə polis orqanı tərəfindən baxılmışdır. Bu isə qeyri-obyektiv və qərəzli qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, nə kamera görüntüləri aşkar edilmiş, nə onun yanında şahid dindirilmiş, ekspert rəyinə hüquqi qiymət verilməmiş, nəticədə özbaşınalıq edən polis əməkdaşları öz qanunsuz hərəkətlərinə görə cəzalandırılmamışlar. O, qeyd olunanlarla bağlı müvafiq dövlət orqanlarına şikayətlər etmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 3(006)-2552/2024 saylı qərarı ilə onun şikayəti qismən təmin edilmiş, 22 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 237.2 və 327.7ci maddələri üzrə iş yenidən baxılması üçün Bakı şəhər X11 İdarəsinə göndərilmişdir. Lakin onun bu şikayətinə baxılmamış, yenidən 12 sentyabr 2024-cü il tarixdə əsassız olaraq yeni qərar qəbul edilmişdir. Hazırki qərarda isə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2.3.1-ci maddəsi üzrə qərar qəbul olunduğu qeyd edilmişdir. Göründüyü kimi qərarlarda maddələr də fərqlidir. Qeyd olunanları nəzərə alaraq bu qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X5 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən qurumun nümayəndəsi Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi X4 bildirdi ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 12:20-də idarə etdiyi “Hyundai İ30” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Puşkin küçəsi ilə D.Əliyeva küçəsində 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq hərəkətin davam etdirdiyinə və bununla da il ərzində 20 və daha çox bal topladığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinmişdir. Belə ki, D.Əliyeva küçəsində 3.1 “Giriş qadağandır” yol nişanı mövcuddur, həmin yerə yalnız avtobusların girişinə icazə var. Bununla bağlı videogörüntünü təqdim edərək şikayətin rədd olunmasını xahiş etdi. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 3(006)- 2552/2024 saylı qərarına əsasən X5 barəsində Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 3(006)- 3645/2024 saylı qərarına əsasən X5 barəsində Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir; • Bakı şəhər X12 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 xx.xx.2024-cü il tarixdə, saat 12:20-də idarə etdiyi “Hyundai İ30” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Puşkin küçəsi ilə D.Əliyeva küçəsində 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq hərəkətin davam etdirdiyinə və bununla da il ərzində 20 və daha çox bal topladığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinmişdir; • Videogörüntüyə əsasən “Hyundai İ30” markalı, **-XN-*** qeydiyyat nişanlı taksi avtomobili D.Əliyeva küçəsində 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq yalnız avtobusların girişinə icazənin verildiyi halda hərəkətinə davam edir və yolun sol zolağından avtobusun önündən sağ zola manevr edərək avtobusların hərəkətinə maneə yaradır və dayanır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və təqdim olunmuş videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edilir ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 12:20-də idarə etdiyi “Hyundai İ30” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı taksi avtomobillə Bakı şəhəri, Puşkin küçəsi ilə D.Əliyeva küçəsində 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq hərəkətin davam etdirdiyinə və bununla da il ərzində 20 və daha çox bal topladığına görə haqlı olaraq Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər X11 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar