Məhkəmə qərarları › İş №3(006)-4148/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4148/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4148/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X5 iştirakı ilə, X5 Bakı şəhər X11 İdarəsinin əməkdaşı X1 qəbul etdiyi TP seriyalı ******* nömrəli, 28 avqust 2023-cü il tarixli qərarından verdiyi şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhər X11 İdarəsinin əməkdaşı X1 qəbul etdiyi TP seriyalı ******* nömrəli, 28 avqust 2023-cü il tarixli qərarından şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun şikayəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əməl etməyən, süründürməçilik yaradan, vətəndaş narazılığına səbəb olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X11inin Bakı şəhər DYPİ-nin qanunsuz və əsassız qərarındandır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X11inin Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol əsasında Bakı şəhər DYPİ-nin inspektoru polis mayoru X2 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli Qərar ilə qəbul edilmiş və həmin qərar əsasında o, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edir ki, Bakı şəhər DYPİ-nin barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolu o heç bir inzibati xətaya yol vermədiyi üçün mübahisələndirmiş və bu barədə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3(006)-3449/2023 saylı qərar ilə onun şikayəti təmin edilmiş və inzibati iş təkrar araşdırma aparılması üçün inzibati orqana yəni, Bakı şəhər DYPİ-nə göndərilmişdir. Lakin sözügedən orqanın vəzifəli şəxsi, polis kapitanı Fərid İldırımzadə məhkəmənin geri qaytardığı iş üzrə hər hansı təkrar araşdırma aparmadan, onu dəvət edib müvafiq izahatını almadan, iş üzrə zəruri olan təkrar baxış və ekspertiza keçirmədən hər hansı sübut və əsaslar olmadan, əvvəlki qərarı “kopyalayapışdır” texnikasını icra etməklə qanunsuz və əsassız olan TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli Qərar qəbul etmişdir. Hansı ki, bu əməlləri ilə qanunçuluq, humanizm və ədalət prinsiplərini pozmaqla, onun konstitusion hüquqlarını pozmuşdur. İşin faktiki halları ilə bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixində saat 09:10-da etibarnamə ilə idarə etdiyi X4 məxsus olan “Mercedens-Benz Minik” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Rəşid Behbudov-Ü.Hacıbəyov küçəsinin kəsişməsində hərəkətdə olarkən **-YP-*** nömrəli YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlama səbəbi olaraq polis əməkdaşı avtomobilin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsini iddia etmişdir. Lakin o bunu təkzib etdiyi halda yoxlamaq adı ilə yol polisi əməkdaşı tərəfindən avtomobil dayanacağa yerləşdirilmişdir. Qeyd edir ki, avtomobildə heç bir texniki baxış aparılmamış və müayinə aktı tərtib edilməmişdir. O bunun qanuna zidd olduğunu qeyd etdikdə, polis əməkdaşı məsələni BDYPİ-nin 23-cü otağına yaxınlaşıb həll etməyini izah etmişdir. Beləcə xx.xx.2023-cü il tarixdə o, BDYPİ-nə qeyd olunan 23-cü otağa polis mayoru Elçin Qasımovun qəbuluna getmiş və ona avtomobilin işlənmiş qazları xaric etmə sisteminə səsboğucu normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilmədiyini bildirmişdir. Əslində istehsal ili 2001-ci il olan etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz Minik” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin işlənmiş qazları xaric etmə sistemi yəni səsboğucu dəyişdirilmiş, lakin bu dəyişim normativ tələblərə tam riayət edilməklə olmuşdur. Belə ki, etibarnamə əsasında idarə etdiyi avtomobilin sahibi Şamil İbrahimli avtomobilin orijinal səsboğucunun sıradan çıxması səbəbindən həmin avtomobilə aid olan eyni firmanın yəni “Eisenmann” firmasına məxsus olan avadanlıqla dəyişdirmişdir. Hazırda avtomobildə olan “Eisenmann” markalı AK 21/Q9SS;DB W203; C180-C320 seriyalı səsboğucudur. Yəni həmin səsboğucunun dəyişdirilməsi hər hansı normativ tələbləri pozmadan baş vermişdir. Avtomobil xx.xx.2022-ci il tarixdə texniki baxışdan keçirilmişdir. Əgər iddia olunduğu kimi avtomobilə qurlaşdırılmış qazları xaric etmə sisteminin qurğusu normativ tələblərə cavab vermirdisə, bu həmin vaxt müayinə zamanı aşkar olunmalı idi. Deməli, yol polisi əməkdaşı məhz səbəbsiz olaraq onu qanunun tələbini pozmaqla ittiham etmişdir. Digər tərəfdən bildirir ki, iddia olunduğu kimi o avtomobilin işlənmiş qazları xaric etmə sistemində səsboğucu normativ tələbləri aşmaqla dəyişdirmişdisə, həmin halı yol polis əməkdaşı müvafiq qaydada texniki müayinə aktının tələbinə əsas götürməklə onu inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb etməli idi. Beləcə Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-3449/2023 saylı qərarı ilə iş təkrar araşdırmaya göndərilmişdir. Ancaq Bakı şəhər DYPİ-nin məsul əməkdaşı yenidən araşdırma aparmalı olduğu və zəruri hərəkətlər etməli olduğu halda heç bir prosessi icra etmədən ilkin qərarı olduğu kimi qüvvədə saxlamaqla qanunsuz nəticəyə gəlmişdir. O qeyd edir ki, oxşar hal 2020-ci ildə avtomobilin sahibi Şamil İbrahimlinin də başına gəlmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə ona avtomobilin işlənmiş qazları xaric etmə sistemindəki səsboğucunun normativ tələbləri aşmaqla dəyişdirməsi iddia edilməklə İXP ******* saylı protokol tərtib edilmişdir. Lakin mülkiyyətçi Şamil İbrahimli tərəfindən protokol mübahisələndirilmiş və hələ Bakı şəhər DYPİ-də onun şikayəti araşdırılıb avtomobil baxışdan keçirilərkən mövcud qurğunun normativ tələbləri aşmadığı təsdiq olunmuşdur. Bu barədə də vətəndaşa xx.xx.2020-ci il tarixli 046-22445i-4220 saylı məktubla inzibati xəta haqqında protokola xitam verildiyi qeyd olunmuşdur. Eyni hal onda da təkrarlanmış, lakin onun şikayətinə Bakı şəhər DYPİ-də baxılmamışdır. Onun idarə etdiyi “X9” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillin mühərrikin səs gücünün artırılması məqsədi ilə sözügedən avadanlıq quraşdırılmamışdır. Normaya uyğun olaraq minik markalı avtomobildə mühərrikin səs gücünün müəyyən olunmuş səviyyəsi 75 db-dir. Hansı ki, hazırda idarə etdiyi avtomobilində olan “Eisenmann” markalı AK 21/09SS;DB W203; C180-C320 seriyalı işlənmiş qazları xaric etmə sistemi də müəyyən olunmuş normativi aşmır. Son olaraq bildirir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə iştirak etmişdir. Belə ki, 2016-cı ildə aprel döyüşlərində və 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə qatılaraq ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşmüşdür. Həmin döyüşdə göstərdiyi şücaətə görə 4 medalla mükafatlandırılmışdır. Bunu o səbəbdən vurğulayır ki, o, vətənə dövlətə bağlı, qanunlara riayət edən vətəndaşdır. Yəni hər hansı normativ tələbi pozmaqla heç bir inzibati xəta pozuntusuna yol verməmişdir. Ona görə də haqqında 500 manat cərimə olunmağı ilə bağlı yazılmış TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı qanunsuz və əsassız hesab edir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məcəllənin 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Lakin əfsuslar olsun ki, müvafiq icra hakimiyyəti funksiyalarını icra edən Bakı şəhər DYPİ və vəzifəli şəxsləri qanunları və onun normalarını rəhbər tutmalı olduqları halda, öz şəxsi ambisiyalarına əsaslanmaqla, qanunları icra etmək əvəzinə şablonizmə yol vermişlər. Nəticədə o, heç bir xəta törətmədiyi halda əsassız olaraq İXMnin 342.3-cü maddəsinə əsasən 500 manat cərimədən əlavə həmin cəriməyə gündəlik cərimə və dəbbə pulu hesablanmağa davam etməkdədir. Bu da, onun konstitusiya ilə qorunan vətəndaş hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri X11 İdarəsi tərəfindən yazılmış 28 avqust 2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş X7 şikayəti müdafiə edərək 28 avqust 2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhər X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər X11 İdarəsinin əməkdaşı X1 qəbul etdiyi TP seriyalı ******* nömrəli, 28 avqust 2023-cü il tarixli qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər X11 İdarəsinin əməkdaşı X1 qəbul etdiyi TP seriyalı ******* nömrəli, 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X7 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə -beş yüz manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 342.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Belə ki, nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasının və ya dəyişdirilməsinin xüsusi texniki vasitə olmadan müəyyən edilməsi mümkün deyildir. Əşrəf Quliyevin İXM-nin 342.3cü maddəsi ilə təqsirli bilinməsi barədə qərarda belə bir texniki vasitədən istifadə edilməsi və ya həmin vasitənin nəticələrinin olması öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi Əşrəf Quliyevin üzərinə düşmədiyindən və sonuncu tərəfindən İXM-nin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən sübut müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, onun TP seriyalı ******* nömrəli, 28 avqust 2023-cü il tarixli qərar əsasında Azərbaycan Respublikası İXM-in 342.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, Əşrəf Quliyevin İXM-nin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir, buna görə də onun hərəkətlərində həmin maddə ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından tərtib edilmiş TP seriyalı ******* nömrəli, 28 avqust 2023-cü il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, X5 Azərbaycan Respublikası İXM-in 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasını təsdiq edən sübut olmadan formal mülahizələrə əsasən onu inzibati məsuliyyətə cəlb etmişdir. Ona görə də, şikayət təmin edilərək Bakı şəhər X11 İdarəsinin əməkdaşı X1 qəbul etdiyi TP seriyalı ******* nömrəli, 28 avqust 2023-cü il tarixli qərarı ləğv edilməli və X5 Azərbaycan Respublikası İXM-in 342.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər X11 İdarəsinin əməkdaşı X1 qəbul etdiyi TP seriyalı ******* nömrəli, 28 avqust 2023-cü il tarixli qərar ləğv edilsin və X5 Azərbaycan Respublikası İXM-in 342.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar