Məhkəmə qərarları › İş №3(006)-4149/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4149/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4149/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, lombard nəzarətçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1127/2022 saylı, 16 iyun 2022-ci il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq verdiyi izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1127/2022 saylı, 16 iyun 2022-ci il tarixli icra sənədi barədə xəbərdar olmuş və ümumi borc üzrə hal-hazırda əmək haqqından tutulmaqla müəyyən məbləğdə borcu ödəmişdir. Onun maddi imkanı olmadığından borcunu tam ödəmək iqtidarında olmamışdır. O, işləyir və həmin işlə bağlı əmək haqqından müəyyən məbləğdə tutulma həyata keçirilir. O, borc üzrə 1044 manat məbləği ödəmişdir və əlavə borcunu hissə-hissə ödəyəcəkdir. O heç vaxt icra məmurunun çağırışlarından yayınmamış, lakin maddi imkanı olmadığından borc üzrə ödənişi tam icra edə bilməmişdir. Gələcəkdə maddi imkanı olarsa, borc üzrə məbləği daha yüksək məbləğdə olmaqla ödəniş edəcəkdir. Qeyd olunanları və onun icra sənədinin icrasından yayınmamasını nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1127/2022 saylı, 16 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 19073 manat məbləğində pulun alınaraq Əli-zadə Rafael Kamal oğlunun xeyrinə ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən tələbkara borc tam olaraq ödənilməmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, hal-hazırda borclunun işlədiyi yerə görə əmək haqqından tutulma aparılır və buna görə də, hal-hazırda borcundan 1044 manat ödəniş bu yolla həyata keçirilmişdir. Tələbkar isə borcun tam olaraq ödənilməsini tələb edir. Sonda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1127/2022 saylı, 16 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 19073 (on doqquz min yetmiş üç) manat məbləğində pulun alınaraq tələbkar Əli-zadə Rafael Kamal oğlunun xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs tərəfindən əmək haqqından tutulmaqla ödəniş edilməsi təmin edilmiş və 1044 manat pul vəsaiti tələbkarın müvafiq hesabına borc üzrə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs faktiki olaraq əmək haqqından tutulmaqla icra sənədi üzrə ödənişin edilməsinin təmin olunması üçün borcundan müəyyən məbləğ tələbkara ödəniş etməsi onun icra sənədinin icrasından qərəzli olaraq yayınmadığına dəlalət edir və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar