Məhkəmə qərarları › İş №3(006)-4151/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4151/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4151/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 107; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş sənədlərə görə Şəxs MMC 805.890,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, MMC ilə Türkiyədə fəaliyyət göstərən “MAVERA GRUP GEMİCİLİK LOJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ” və Rusiyada fəaliyyət göstərən ООО "xxxx" arasında meyvə və tərəvəzlərin alqı-satqısına dair müqavilə bağlanılmışdır. Müqavilələrin məzmununa görə tərəflərin iradə ifadəsi ondan ibarətdir ki, alıcı qismində çıxış edən ООО "xxxx" təzə meyvə-tərəvəz məhsullarını alır, satıcı qismində çıxış edən “MAVERA GRUP GEMİCİLİK LOJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ” bu məhsulları satır, Şəxs MMC isə həmin məhsulların alqı-satqısında vasitəçi qismində çıxış edir. Bununla bağlı ООО "xxxx" xx.xx.2021-ci il tarixdə Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabına 806.189,74 ABŞ dolları pul göndərmiş, MMC də həmin vəsaitdən 805.890,00 ABŞ dolları xx.xx.2021-ci il tarixdə “MAVERA GRUP GEMİCİLİK LOJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ”nin hesabına köçürmüşdür. Müqavilə əsasında “MAVERA GRUP GEMİCİLİK LOJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ” tərəfindən həmin vəsaitlə bağlı məhsullar ООО "xxxx"a göndərilmiş və bununla bağlı yük gömrük bəyannaməsi də mövcuddur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan: • "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatda Şəxs MMC-nin xx.xx.2021-ci il tarixdə 805.890,00 ABŞ dolları dəyərində vəsaiti xaricə köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; • Köçürmə sənədinə görə Şəxs MMC tərəfindən “MAVERA GRUP GEMİCİLİK LOJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ”nin hesabına xx.xx.2021-ci il tarixli, 02/8/2021 saylı müqavilə ilə bağlı xx.xx.2021-ci il tarixli, 08005 saylı invoys üzrə xx.xx.2021-ci il tarixdə 805.890,00 ABŞ dolları pul göndərilmişdir; • Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən “MAVERA GRUP GEMİCİLİK LOJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ” arasında təzə meyvə və tərəvəzlərin alqısatqısına dair xx.xx.2021-ci il tarixli, 02/8/2021 saylı müqavilə bağlanılmışdır; • Şəxs MMC ilə Rusiyada fəaliyyət göstərən ООО "xxxx" şirkəti arasında meyvə və tərəvəzlərin satışı və çatdırılmasına dair xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilə bağlanılmışdır; • Şəxs MMC-nin "xxxx" ASC-dən olan hesabındakı çıxarışlara görə ООО "xxxx" şirkəti tərəfindən MMC-yə xx.xx.2021-ci il tarixdə pul göndərildikdən sonra MMC-nin kredit hesabı 806.189,74 ABŞ dolları təşkil edir, xx.xx.2021-ci il tarixli, 02/8/2021 saylı müqavilə ilə bağlı xx.xx.2021-ci il tarixli, 08005 saylı invoys üzrə MMC tərəfindən xx.xx.2021-ci il tarixdə “MAVERA GRUP GEMİCİLİK LOJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ”nə 805.890,00 ABŞ dolları köçürülür; • Rusiya Federasiyasının gömrük orqanı tərəfindən tərtib edilmiş mallara dair bəyannaməyə əsasən “MAVERA GRUP GEMİCİLİK LOJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ” tərəfindən ООО "xxxx" şirkətinə xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilə üzrə 805.890,00 ABŞ dolları dəyərində göndərilmiş məhsul idxal olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Şəxs MMC “MAVERA GRUP GEMİCİLİK LOJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ” arasında təzə meyvə və tərəvəzlərin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, 02/8/2021 saylı və ООО "xxxx" şirkəti arasında meyvə və tərəvəzlərin satışı və çatdırılmasına dair xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilələr bağlanılmışdır. ООО "xxxx" şirkəti tərəfindən "xxxx"MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2021 il tarixdə 806.189,74 ABŞ dolları pul göndərmiş, MMC də həmin vəsaitdən 805.890,00 ABŞ dolları xx.xx.2021-ci il tarixli, 02/8/2021 saylı müqavilə ilə bağlı xx.xx.2021-ci il tarixli, 08005 saylı invoys üzrə “MAVERA GRUP GEMİCİLİK LOJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ”nə köçürür. Daha sonra xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqaviləyə uyğun olaraq “MAVERA GRUP GEMİCİLİK LOJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ” 805.890,00 ABŞ dolları dəyərində məhsulu ООО "xxxx" şirkətinə göndərir və onlar da Rusiya Federasiyasına idxal olunur. Göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə Şəxs MMC-nin sifarişi əsasında icra edilmiş ödəniş avans ödənişi deyil, vasitəçilik xidməti ilə bağlı olmuşdur. Belə ki, MMC-nin hesabına Rusiyada fəaliyyət göstərən ООО "xxxx" şirkətindən qabaqcadan göndərilən 806.189,74 ABŞ dolları məbləğində pul daxil olmuş və Şəxs MMC də məhz bu vəsaitdən 805.890,00 ABŞ dollarını Türkiyədə fəaliyyət göstərən “MAVERA GRUP GEMİCİLİK LOJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ”nin hesabına köçürmüş, nəticədə də sonuncu şirkət sifariş verilmiş məhsulları alıcı olan ООО "xxxx" şirkətinə göndərmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar