Məhkəmə qərarları › İş №3(006)-4152/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4152/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4152/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, 01400/01855 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, 01400/01855 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Gömrük Ərazi İdarəsinin rəisi X5 tərəfindən 09 mart 2023-cü il tarixdə AR İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməsi və inzibati xətanın bilavasitə obyekti olan 20000 manat məbləğində valyuta dəyərinin 50 faizi 10000 manat məbləğində cərimə edilməsi barədə inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın surətini 12 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon icra məmuru tərəfindən müraciət edilərkən məlumatı olmuşdur. Hələ də həmin qərarı rəsmi olaraq almamışdır. Yalnız surətini aldıqdan sonra qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İlk növbədə, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən onu Şimal Ərazi Gömrük idarəsinə çağırmaları ilə bağlı məlumat tamamilə yanlışdır. Bu günə qədər heç vaxt bildiriş gəlməmişdir. Baxmayaraq ki, uzun müddətdir ki, mal idxal ixracı ilə məşğul olur və VÖEN-nə bağlı olan bütün sənədlərdə onun mobil nömrəsi qeyd edilmişdir. Digər tərəfdən onun barəsində inzibati tənbeh vermə haqqında qərarın verilməsinə əsas olmuş 24 sentyabr 2021-ci il tarixli **********7322 saylı, 09.11 2021-ci il tarixli **********2167 saylı və **********2166, xx.xx.2021-ci il tarixli **********3027 saylı gömrük bəyannamələrinə görə Respublikadan ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 22202.64 dollar məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülməsinin təmin edilməməsi olmuşdur. Həmin yüklərlə bağlı Respublikadan kənara apardıqları yüklərə görə vəsait üzrlü səbəbdən geri gətirilməmişdir. Belə ki, müqavilələrdən də göründüyü kimi 2021-ci ilin sonlarında göndərilən yüklərə görə vəsait 180 gündən sonra geri qaytarılmalı idi. Amma 22 fevral 2022-ci il tarixdə Rusiya ilə Ukrayna arasında baş verən mübaribədən sonra X2 və Qərb ölkələrinin Rusiya Federasiyasına tətbiq etdikləri sanksiyalara görə dollarla pul vəsaitinin köçürülməsində problemlər yaranmağa başlamışdır. Rusiya Federasiyasında olan tərəfdaşları pul vəsaitini göndərmək istəsə də, valyuta sahəsində tətbiq edilən sanksiyalar onların ticarət münasibətlərinə kəskin təsir göstərmişdir. Ona görə də, Rusiya Federasiyasından olan tərəfdaşları pul vəsaitini yalnız müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində göndərə bilmişdir. Pul vəsaitinin geri göndərilməməsində onun qanuna məhəl qoymamaq kimi bir niyyəti olmamışdir. X6 Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi bu faktı nəzərə almamış və İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş ən ağır inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, 01400/01855 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X3 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, № 01400/01855 saylı qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin Azərbaycan Respublikası CM-nin 208-ci maddəsi ilə əlaqəli səkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarını rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 20000,00 (iyirmi min) manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 10000.00 (on min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, Azərbaycan Respublikası vətəndaşı X1 xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 22202,64 ABŞ dolları (37744,48 manat) məbləğində vəsaitn onun barəsində qəbul olunmuş qərarın qəbul edildiyi xx.xx.2023-cü il tarixdən etibarən müvəkkil olunmuş bank hesabına küçürülməsininin təmin edilməsi, Azərbaycan Respublikası vətəndaşı X3 tərəfindən 22202,64 ABŞ dolları (37744,48 manat) məbləğində vəsaitin xx.xx.2023-cü il tarixdən etibarən müvəkkil olunmuş bank hesabına köçürülməsinə nəzarəti Şimal Ərazi Baş Gömrük İdarəsi-Gömrük Əməliyyatları İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydad köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən şikayət vermiş şəxs barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də şikayət vermiş şəxsin izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, şikayət vermiş şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati tənbeh vermə haqqında qərarda şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, şikayət vermiş şəxs barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla şikayət vermiş şəxs barəsində xx.xx.2023-cü il tarixli, № 01400/01855 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də şikayət vermiş şəxs Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, 01400/01855 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, 01400/01855 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar