Məhkəmə qərarları › İş №3(006)-4156/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4156/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4156/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət verən X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 27 avqust 2024-cü il tarixli, 3-17-5/1-38612/2024 nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 27 avqust 2024-cü il tarixli, 3-17-5/1-38612/2024 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X11 Xidmətinin rəis müavini X4 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi əsas gətirilərək xx.xx.2024cü il tarixində MN № ******* nömrəli qərar qəbul edilərək 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Sözügedən qərar qəbul edilərkən onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli protokol əsas götürülmüşdür. xx.xx.2024-cü il il tarixli,1933354 nömrəli protokol üzrə daxil olmuş materiallara Ağdam Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixində baxılaraq İnzibati Xətalər Məcəlləsinin 192.1-ci maddəsin tərkibi olmadığından həmin Məcəllənin 53.1.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsinə dair 3(013)-482/2024 nömrəli qərar qəbul edilmişdir. Bununla da nə şikayətçinin, nə də təmsilçisi olduğunu "Shahbulag Mining“ MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmadığı məhkəmə qaydasında öz təsdiqini tapmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(013)-482/2024 nömrəli qərarından cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətinə xx.xx.2024-cü il tarixində Gəncə Apellyasiya Məhkəməsində baxılaraq, apellyasiya şikayətinin təmin edilməməsi və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(013)-482/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barəsində 3(104)-449/2024 nömrəli yekun məhkəmə qərarı qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində ******* nömrəli qərar qəbul edilməsinə əsas olan xx.xx.2024-cü il tarixli ******* nömrəli protokol üzrə işə yekun məhkəmə qararına əsasən xitam verilmişdir. Məhkəmə proseslərinə paralel olaraq onun barəsində xx.xx.2024-cü il tarixində MN №1807806 nömrəli qərardan İXM-nin 129.1.5-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana xx.xx.2024-cü il tarixində şikayət verilmişdir. İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Lakin cavabdeh tərəfindən verilmiş şikayətə qanunvericilyinin tələbləri pozularaq iyirmi gün müddətinə baxılmış və qırx gün sonra xx.xx.2024-cü il tarixində şikayətçiyə təqdim edilmişdir. Şikayətlə müraciət edilən yuxarı səlahiyyətli vəzifəli şəxs (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəisi Vəli Quliyev) təqdim edilmiş sübutlara və məhkəmə qərarına, o cümlədən verilən izahata heç bir hüquqi qiymət vermədən xx.xx.2024-cü il tarixində İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarla xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar hüquqlarımın kobud surətdə pozulduğunu və məhkəmə qərarı ilə öz təsdiqini tapmış halların nəzərə alınmamışdır. Həmçinin, "Shahbulag Mining” MMC cənab Prezidentin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətdə siyasətinə və tapşırıqlarına uyğun olaraq xx.xx.2022-ci il tarixində dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində təsis edilərək işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayan ilk şirkətlərdən olmuşdur. Cəmiyyətin təsisçiləri "xxxx" MMC (71%) və "xxxx" ASC-dir (29%). Hal-hazırda Cəmiyyətin Ağdam rayonunun işğaldan azad edilmiş Şahbulaq kəndindəki istehsalat sahəsində 280 nəfərə yaxın əməkdaşı çalışır. Belə olan halda yuxarəda qeyd edilən protokol və qərarda göstərildiyi kimi 3 nəfər işçinin əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edilməsi ağlabatan deyil. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 27 avqust 2024-cü il tarixli, 3-17-5/1-38612/2024 nömrəli qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X12 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 27 avqust 2024-cü il tarixli, 3-17-5/1-38612/2024 nömrəli qərarı əsaslıdır. Verilmiş şikayətin təmin edilməməsi və qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X1 29 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X16 və X8 xx.xx.2024-cü il tarixindən X5, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü ilə qədər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Ağdam Rayon Məhkəməsinin 3(103)-482/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı protokolla hüquqi şəxs "xxxx" MMC işğaldan azad edilmiş ərazilərə X9 və X10 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə, X3 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə "Shahbulag Mining” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-449/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən verilmiş şikayət təmin olunmamış, Ağdam Rayon Məhkəməsinin 3(103)-482/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəisi Vəli Quliyev tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli, 3-17-5/1- 38612/2024 saylı “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərardan görünür ki, şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin "Shahbulag Mining” MMC-nin baş meneceri X7 barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 27 avqust 2024-cü il tarixli, 3-17-5/1-38612/2024 nömrəli qərardan verdiyi şikayət təmin edilməli, X2 hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, onun tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair başqa hər hansı sübutla təsdiq olunmur. Belə olan halda X2 barəsində inzibati məsuliyyətə cəlb edilməsi inzibati xətalara dair qanunvericiliyin sübutetməyə dair prinsip və müddəalarını heçə endirmiş olar və ədalətsiz hüquqi nəticələrə gətirib çıxarar. Hazırki iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas olmadan və işin hallarına düzgün hüquqi qiymət verməməklə X2 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Əksinə, X2 şikayətində göstərdiyi dəlillər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 27 avqust 2024-cü il tarixli, 3-17-5/1-38612/2024 nömrəli qərarı ləğv edilməli və X2 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 27 avqust 2024-cü il tarixli, 3-17-5/1-38612/2024 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar