Məhkəmə qərarları › İş №3(006)-4162/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4162/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4162/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 iştirakı ilə "xxxx" QSC-nin sədri X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" QSC-nin sədri X9 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilir ki, "xxxx" QSC-nin sədri X3 Əmək Müfəttişliyinin 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3.000 manat məbləğində cərimə edilmişdir. Lakin onun tərəfindən həmin maddənin tələblərinin pozulması halı mövcud deyil. Belə ki, "xxxx" QSC-nin Daxili İşlər Nazirliyinin “İşğaldan azad olunmuş ərazilərdə buraxılış informasiya sisteminə” giriş səlahiyyəti yoxdur. Qərarda adları çəkilən işçilərdən X10 ilə xx.xx.2023-cü ildən qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü ildə əmək müqaviləsinə xitam verildiyi gün icazənin ləğv olunması üçün layihəsini icra etdikləri "xxxx" MMC-yə müraciət edilmişdir. Onun barəsində tərtib olunmuş 12 iyul 2024-cü il tarixli, ******* saylı protokolda adı qeyd olunmuş X4 isə "xxxx" QSC-nin işçisi olmamış, onun əmək müqaviləsi "xxxx" MMC ilə bağlanmışdır. "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış subpodrat müqaviləsinə əsasən "xxxx" MMC-nin əməkdaşı X2 əmək müqaviləsi bildirişi alındıqdan sonra layihəsini icra etdikləri “Ağdam, Füzuli və Xocəvənd rayonlarında da bərpa tikinti və idarəetmə” PHŞ-yə icazənin alınması üçün müraciət edilmişdir. "xxxx" MMC-dən alınmış məlumata əsasən X4 xx.xx.2024-cü ildə öz ərizəsi ilə işdən azad edilmiş, lakin "xxxx" MMC-dən onlara məlumat verilmədiyi üçün adı icazə portalında qalmışdır. X4 05 may 2024-cü il tarixdə vəfat etmişdir. Protokolda qeyd olunmuş X15 "xxxx" QSC-nin işçisi olmamış, onun əmək müqaviləsi fərdi sahibkar X16 ilə bağlanmışdır. "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış subpodrat müqaviləsinə "xxxx" MMC-nin öz növbəsində fərdi sahibkar X16 ilə bağlanmış subpodrat müqaviləsinə əsasən X12 əmək müqaviləsi bildirişi alındıqdan sonra layihəsini icra etdikləri “Ağdam, Füzuli və Xocəvənd rayonlarında bərpa tikinti və idarəetmə” PHŞ-yə icazənin alınması üçün müraciət edilmişdir. 05 iyul 2024-cü ildə öz ərizəsi ilə işdən azad edilmiş, lakin "xxxx" QSC-yə bu barədə məlumat verilmədiyindən cəmiyyət də öz növbəsində “Ağdam, Füzuli və Xocəvənd rayonlarında bərpa tikinti və idarəetmə” PHŞ-yə məlumat verməmişdir. Bundan əlavə, eyni hal və eyni əsaslar üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-2783/2024 saylı qərarı ilə "xxxx" QSC-yə inzibati tənbeh tətbiq edilməsi barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci madəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola baxılmış və hüquqi şəxsin barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən artıq iş üzrə bütün faktiki hallar araşdırılmış, həmin hallara düzgün hüquqi qiymət verilmiş və "xxxx" QSC-nin direktoru kimi onun tərəfindən törədilmiş inzibati xəta halı aşkar edilmədiyindən barəsində qəbul edilmiş qərar ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda işlə bağlı məhkəməyə “elektron kabinet” vasitəsilə "xxxx" QSC-nin sədri X5 vəsatəti daxil olmuşdur. İş materiallarında olan: • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X10, X4 və X15 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğuna görə "xxxx" QSC-nin sədri X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir; • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən "xxxx" QSC tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X10, X4 və X15 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri müəyyən olunmuşdur; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 3(006)- 2783/2024 saylı qərarına əsasən "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; • Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 3(103)- 1996/2024 saylı qərarına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən verilmiş şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin "xxxx" QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilməsi barədə 02 avqust 2024-cü il tarixli, 3(006)-2783/2024 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X10, X4 və X15 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri üçün "xxxx" QSC barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 3(006)-2783/2024 saylı qərarına əsasən "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan verilmiş şikayət də Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 3(103)-1996/2024 saylı qərarına əsasən təmin edilməmiş və rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X14 Xidməti tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı məhkəmənin artıq qüvvəyə minmiş qərarı mövcud olduğundan və fakt öz təsdiqini tapmadığından mübahisələndirilən qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə: • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8-ci maddə); • İnzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər (134.1.3-cü maddə); • Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.5-1-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar