Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4163/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında protokolu Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis tərtib etmiş şəxs: bölməsinin sahə rəisi X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 69, mənzil 102-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri üzrə tərtib olunmuş 02 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində ünvan 1 ünvanda tanışı Alina Valentinaya qarşı nalayiq hərəkətlər edərək xırda xuliqanlıq etmiş və qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, 01 oktyabr 2024-cü il tarixdə vətəndaş X3 daxil olmuş müraciətində 28 sentyabr 2024-cü il tarixdə, saat 16:30 radələrində tanışı, Rusiya Federasiyasının vətəndaşı Alina Valentinaya qarşı Nəsimi rayonu, S.Vurğun küçəsi, 110 saylı ünvanda “Anur” adlı şəxs tərəfindən nalayiq hərəkətlər edildiyi göstərilmişdir. Araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Şəxs izahatında Alina Valentina ilə tanış olmaq istədiyini və bu zamanı narkotik vasitələrin təsiri altında olduğunu bildirmişdir. Tibbi müayinədən keçirilməsi məqsədilə o, narkoloji müəssisəyə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 haqqında xx.xx.2024-cü il tarixli, 6590 saylı rəyinə görə onun sidik nümunəsində THC (+), PGB (+) aşkar edilmiş, onda kannabinoidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 28 sentyabr 2024-cü il tarixdə, saat 16:30 radələrində Nəsimi rayonu, S.Vurğun küçəsi, 110 saylı ünvanda yerləşən “BeerBasha” restoranından bir yaraşıqlı qadının çıxdığını görüb ona yaxınlaşıb tanış olmuş, söhbət zamanı Alina olduğunu bildiyi qadın öz “İnstagram” sosial şəbəkəsində olan hesabını ona bildirmiş və onlar bir müddət orada danışmış, o, ona qarşı heç bir nəlayiq hərəkət etməmişdir. Daha sonra isə Alinanın adından onun barəsində polisə şikayət edilmişdir. Eyni zamanda qeyd edir ki, narkotik vasitələrin aludəçisi deyil, sadəcə olaraq tanışının toy axşamında olan zaman bir az marixuanadan istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül tənbehin verilməsini xahiş edir. İş materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 haqqında xx.xx.2024-cü il tarixli, 6590 saylı rəyinə görə Şəxs sidik nümunəsində THC (+), PGB (+) aşkar edilmiş, onda kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; • “İnzibati qaydada tutma haqqında” protokola əsasən Şəxs 01 oktyabr 2024-cü il tarixdə, saat 18:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, 510-cu maddəsi isə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, Şəxs əməlində ictimai qaydanın pozulması müşahidə edilmir və polis orqanı bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilsə də, həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalı, həmin Məcəllənin 510-cu maddəsi üzrə isə onun barəsində başlanılmış iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə müvafiq olaraq xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançalıq çəkməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda o, inzibati qaydada tutulduğu üçün 01 gün müddət həmin Məcəllənin 31.4- 1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4163/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4163/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver