Məhkəmə qərarları › İş №3(006)-4164/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4164/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4164/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, Dərləyəz küçəsi, mədən 03, korpus 106, ev 68-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:36 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi ilə Hüseynbala Əliyev küçəsinin kəsişməsində işıqforun yaşıl işığında keçərkən işıqforun piyada üçün qırmızı işığında piyada yolu keçən X4 ehtiyatsızlıqdan vuraraq ona yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş, habelə hadisə yerindən yayınmışdır. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 10:36 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində hərəkətdə olan vaxt Hüseynbala Əliyev küçəsinin kəsişməsində işıqforun yaşıl işığında keçərkən işıqforun piyada üçün qırmızı işığında piyada yolu keçən, adını sonradan bildiyi X5 ehtiyatsızlıqdan toxunmuşdur. O, avtomobili saxlayıb düşüb həmin şəxsə yaxınlaşmaq istəmiş, lakin sonuncu yerdən qalxaraq çıxıb getmişdir. O da buna görə maşını sürüb oradan uzaqlaşmışdır. O, Z.Məmmədovanın xəsarət aldığını sonradan bilmişdir. Zərər çəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi ilə Hüseynbala Əliyev küçəsinin kəsişməsində baş vermişdir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1152 saylı rəyinə əsasən X2 bədənində aşkar edilmiş xəsarətlər – sağ aşıq-baldır oynağının və pəncənin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançırşişkinliyi, sağ dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; • 12.09.2017-ci il tarixli, AD seriyalı, 190026 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • xx.xx.2023-cü il tarixli, BB517119 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 məxsusdur və bu avtomobil xx.xx.2023-cü il tarixli etibarnamə ilə xx.xx.2027-ci il tarixədək idarə edilməsi üçün Şəxs verilmişdir; • X11 Hicran qızının iştirakı ilə yazılmış X3 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 10:36 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində piyada keçidində piyada yolu keçən vaxt qara rəngli “Toyota Prius” markalı maşın onu vurmuşdur. O, yerə yıxılmış, sonra tez ayağa qalxıb qarşı tərəfə keçmiş, həmin sürücü çıxıb getmişdir. O, bir müddət orada ağrıdığı üçün gözləmiş, lakin həmin şəxs gəlməmişdir. Sonra o, yaşadığı ünvana getmiş, bu barədə anasına məlumat vermişdir. Anası dərhal “102” xidmətinə məlumat vermiş və onu xəstəxanaya aparmışdır; • X3 X11 Hicran qızının 24 avqust 2024-cü il tarixli ərizəsinə əsasən onlar Şəxs ilə barışmış, şikayət və tələbləri yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 54-cü maddəsinin İ hissəsinə görə nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə uyğun olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar