Məhkəmə qərarları › İş №3(006)-4197/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4197/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4197/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:37 radələrində idarə etdiyi “BYD QİN PLUS” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Nəsimi rayonu, Fikrət Əmirov və 28 May küçələrinin kəsişməsində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələblərini pozmaqla “Stop” nişanının tələbinə riayət etməmiş və “Tufan S50” markalı mopedlə toqquşma nəticəsində mopedin sürücüsü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, hal-hazırda "xxxx" MMC-yə məxsus, etibarnamə əsasında idarə etdiyi “BYD QİN PLUS” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yango” taksi şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə, saat 17:37 radələrində idarə etdiyi avtomobillə saatda 10 km sürətlə Nəsimi rayonu, Fikrət Əmirov küçəsi ilə hərəkət edib 28 May küçəsi ilə kəsişmədə düzünə Fikrət Əmirov küçəsi istiqamətində hərəkəti davam etdirdikdə, avtomobillərin sürücüləri avtomobilləri saxlayıb yol versələr də velosiped zolağı ilə hərəkətdə olan “Tufan” markalı moped gəlib onun avtomobilinə vurmuş, zərbənin təsirindən mopedin sürücüsü yerə yıxılmış, hadisə yerinə gələn TTY tərəfindən müayinə olunmuş, sonra isə mopedə minib çıxıb getmişdir. Hadisədən sonra nə o, zərərçəkmiş şəxslə, nə də zərərçəkmiş şəxs onunla əlaqə saxlamışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nə və zərər çəkmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 xx.xx.2025-ci il tarixli, 740 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Respublika Təcili və X1 Mərkəzi PHŞ-yə müraciət etmiş və ona “sağ dizin sıyrılmış yarası” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmə hüququ 06 (altı) ay müddətində məhdudlaşdırılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar