Məhkəmə qərarları › İş №3(006)-4209/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4209/2020

28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4209/2020 28.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” QSC-nin nümayəndəsi – X1 iştirakı ilə, “xxxx” QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində ünvan 1 ünvanında yerləşən “xxxx” QSC-yə məxsus obyektdə ikinci mərtəbədə qapalı məkanda iaşə obyektlərinin fəaliyyət göstərməsi aşkar olunmuşdur. Bununla da, “xxxx” QSC epidemiya əleyhinə rejiminin, sanitariya-gigiyena və karantin rejimlərinin pozması səbəbindən QSC Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” QSC-nin nümayəndəsi Ə.T.Nəbiyev bildirmişdir ki, “xxxx” QSC barəsində tərtib edilmiş protokol əsassızdır, maddi və prosessual normaların tələblərinə zidd olaraq inzibati xəta tərkibi olmadan tərtib olunub, bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolda xəta kimi “qapalı məkanda qeyri-ərzaq mallarının pərakəndə satışına icazə vermə” qeyd olunub. İlk növbədə qeyd edilməlidir ki, protokol tərtib olunan tarixdə ölkədə tətbiq olunan karantin rejimi “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli 336 nömrəli Qərarı ilə tənzimlənirdi. Həmin Qərara nəzər yetirdikdə qapalı məkanda qeyri-ərzaq mallarının pərakəndə satışı ilə bağlı hər hansı müddəanın nəzərdə tutulmadığı aydın olur. Bundan əlavə nəzərə alınmalıdır ki, “xxxx” QSC icazə verən orqan deyil və hər hansı məkanın fəaliyyət göstərməsinə icazə vermək səlahiyyəti yoxdur. Həmçinin, Dövlət Vergi Xidməti tərəfindən karantin rejimin pozulduğu iddia edilən obyekt, Fikrət Əmirov küçəsi 24 ünvanında yerləşən Bakı Dəmiryol Vağzalıdır. Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra 2017-ci ilin fevralın 10-da istifadəyə verilmiş, Vağzal binasında dünyanın bütün müasir standartlara cavab verən vağzallarında olduğu kimi ticarət və iaşə obyektləri üçün ərazilər nəzərdə tutulmuşdur. Həmin ərazilər “xxxx” QSC tərəfindən sahibkarlara icarəyə verilməkdədir və qarşılıqlı münasibətlər yalnız icarə müqaviləsi ilə tənzimlənir. Belə olan halda icarəyə verilmiş obyektin fəaliyyəti “xxxx” QSC tərəfindən hər hansı formada koordinasiya edilmir. Qeyd edilməlidir ki, Bakı Dəmir Yolu Vağzalı fasiləsiz fəaliyyət göstərən obyektdir ki, sərnişinlərin daşınması bu Vağzal vasitəsi ilə təmin edilir. Göstərilənləri nəzərə alaraq “xxxx” QSC-nin barəsində başlanımış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, “xxxx” QSC tərəfindən karantin rejiminin pozulması halı tam sübuta yetirilir. Buna görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə qida məhsullarının ticarəti üzrə və sair fəaliyyət sahələrində xüsusi sanitar rejim tətbiq edilir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılmışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən “xxxx” QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “xxxx” QSC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 211.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” QSC (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar