Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4210/2024 18.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxs X5 vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 09 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X15 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi 09 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru olaraq fəaliyyət göstərir. Ona aid mobil telefonuna 23 sentyabr 2024-cü il tarixində SMS göndərilərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələblərinə əsasən 4000 (dörd min) manat cərimə edildiyi bildirilmişdir. O, bununla bağlı dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə müraciət etmiş, onun cərimə olunması ilə bağlı qərarın rəsmi qaydada ona təqdim edilmədiyi bildirilmişdir. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən 30 sentyabr 2024-cü il tarixində qərar göndərilmiş, qeyd edilmiş qərar Cəmiyyətin yerləşdiyi ünvana 02 oktyabr 2024-cü il tarixində çatdırılmışdır. O, qərarla tanış olarkən müəyyən etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 09 iyul 2024-cü il tarixli qərarı ilə o, yəni - X15 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərinə əsasən təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Yuxarıda da qeyd etdi kimi inzibati orqanın qərarı onun ünvanına rəsmi şəkildə 02 oktyabr 2024-cü il tarixində göndərildiyi üçün həmin qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət tərəfindən buraxılmamışdır. Hesab edir ki, inzibati orqanın vəzifəli şəxs olaraq onun cərimə edilməsi barədə qərarının heç bir hüquqi əsası yoxdur və həmin qərar inzibati xətaya dair işə baxan məhkəmə tərəfindən ləğv edilməli, vəzifəli şəxsin əməlində inzibati xətanın tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən direktoru olduğu "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 27 iyun 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən tərtib edilmiş 27 iyun 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda və məhkəmə iclasında Xidmətin nümayəndəsi tərəfindən bildirilmişdir ki, X9 Daxili İşlər Nazirliyinin təqdim etdiyi siyahı üzrə Qarabağ və X18 zonalarında işləyən şəxslər üçün portala daxil edilmiş icazə ilə bağlı siyahı təqdim edilmişdir. Həmin siyahıda əmək müqaviləsi bağlanmamış şəxslər qeyd edilmişdir. Belə ki, bəzi şəxslər barəsində işçi kimi şirkətlər tərəfindən icazə alınsa da, həmin şəxslərlə əmək müqaviləsi bağlanmamışdı. Həmin şəxslərin əmək müqaviləsi elektron sistemdə aşkar edilməmişdir. Həmin şəxslər əmək müqaviləsi olmadan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə işlərə cəlb edilmişlər. Bununla əlaqədar olaraq protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsində aparılan araşdırma zamanı və təqdim edilən sübutlarla müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən tərtib edilmiş siyahıda adları qeyd edilən işçilərin əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. Adları qeyd edilən daha 2 nəfər şəxslə isə "xxxx" QSC arasında işlərin görülməsinə dair podrat müqaviləsi bağlanmışdır. Tərtib edilmiş siyahıda adları qeyd olunan şəxslərlə bağlanmış əmək müqavilələrinə xitam verilsə də, həmin şəxslərin adları portalda qaldığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən əsassız qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 3(006)- 2584/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibatı xəta haqqında ış üzrə icraata xitam verilmişdir. Hesab edir ki, vəzifəli şəxs qismində onun direktoru olduğu "xxxx" QSC barəsində inzibati xəta haqqında protokolda qeyd edilənlər öz təsdiqini tapmadığı və inzibati xətanın tərkib əlamatləri olmamasından xitam verildiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən onun barəsində qəbul edilmiş 09 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı qərar Nəsimi Rayon Məhkəməsi tərəfindən ləğv edilməli, inzibati xətanın tərkib əlamətləri olmadığı üçün inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Hər halda həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri kompleks olaraq tövsif ediləcəyi təqdirdə bunu görmək mümkündür. Hesab edir ki, bununla bağlı olaraq əmək qanunvericiliyində qeyd edilən institutların anlayışını birinci instansiya məhkəməsi öz qərarında gözardı etməklə qanunsuz və əsassız bir qərarın qəbul edilməsinə səbəbiyyət vermişdir. İnzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi üçün bu institutların anlayışının qərarda qeyd edilməsi kifayət idi. Birinci instansiya məhkəməsi isə sadəcə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini qeyd etməklə inzibati xətanın törədildiyini qeyd etmişdir. X14 Məcəlləsinin 192.1-ci maddəsində “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən” qeyd edilən terminologiyasının açılışını verən Əmək Məcəlləsinin müvafiq maddələrini qeyd eyməmişdir. Bu isə birbaşa birinci instansiya məhkəməsinin bu işə baxarkən qərəzli yanaşdığına və obyektiv davranmadığına dəlalət edir. Belə ki, Əmək Məcəlləsinin 3.5-1 -ci maddəsinin tələblərinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7.2-ci maddəsinin tələblərinə görə Bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin dövrdə qüvvədə olan Əmək Məcəlləsinin 49.1 -ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fıziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qeyd etmək istəyirik ki, maddənin tələblərindən də göründüyü kimi inzibati xətaya görə tənbehin maddədə alternativ qaydada verilməsi nəzərdə tutulmuşdur. Belə ki, inzibati tənbeh qismində maddənin tələblərində fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi bir-birinə bağlı qaydada yox, müstəqil qaydada nəzəzrdə tutulmuşdur və bu maddənin dispozisiyasından da anlaşılmaqdadır. Hər nə qədər İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsində “Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və va onun törədilməsində hər hansı səkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir.” devə qeyd edilsə də, hesab edir ki, maddənin tələblərindən də göründüyü kimi vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi şəxsin həmin əməli törətmiş olmasına və ya onun törədilməsinə hər hanıs şəkildə iştirak etməsinə bağlı qılınmışdır. Yəni vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün şərtlər aşağıdaklardan ibarətdir: 1) Hüquqi şəxsin inzabati məsuliyyətə cəlb edilməsi; 2) Vəzifəli şəxsin əməli törətmiş olması; 3) Vəya vəzifəli şəxsin həmin əməlin törədilməsində hər hansı şəkildə iştirak etmiş olması Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X5 vəkili Vəkil şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, "xxxx" QSC tərəfindən Qarabağ və X18 rayonlarına giriş informasiya sistemi üzərindən işçilərin işğaldan azad edilmiş ərazilərə giriş icazəsi alınmış, lakin həmin şəxslərin əmək müqaviləsi bildirişləri Nazirliyin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməmiş və işçilər əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 izahatında bildirmişdir ki, o, aqlay işlərinin yerinə yetirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixində "xxxx" QSC ilə xidmət müqaviləsi bağlamışdır. Həmin müqavilə əsasında Şuşada mərmər işləri görmüşlər. Qarabağ bölgəsində başqa bir şirkətlə işləməmişdir. Məhkəmə iclasında “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlanılaraq şahid qismində dindirilən X6 oğlu izahatında bildirmişdir ki, o, əmək müqaviləsi əsasında "xxxx" QSC-də Şuşa rayonu ərazisində işləmişdir. Daha sonra "xxxx" QSC ilə onun arasında olan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmiş, həmin tarixdən sonra şirkət tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Məhkəmə iclasında “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlanılaraq şahid qismində dindirilən X17 oğlu izahatında bildirmişdir ki, o, əmək müqaviləsi əsasında "xxxx" QSC-də Şuşa rayonu ərazisində işləmişdir. Daha sonra "xxxx" QSC ilə onun arasında olan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmiş, həmin tarixdən sonra şirkət tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi haqqında əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi haqqında əmək müqaviləsi bildirişindən görünür ki, X3 ilə "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi haqqında əmək müqaviləsi bildirişindən görünür ki, X12 ilə "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi haqqında əmək müqaviləsi bildirişindən görünür ki, X17 ilə "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, "xxxx" QSC tərəfindən Qarabağ və X18 rayonlarına giriş informasiya sistemi üzərindən işçilərin işğaldan azad edilmiş ərazilərə giriş və icazəsi alınmış, lakin həmin şəxslərin əmək müqaviləsi bildirişləri Nazirliyin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməmişdir. Nəticədə işçilərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi – bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; Həmin Məcəllənin 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. İnzibati araşdırmanı aparan və protokolu tərtib edən orqan X6, X3, X12 və X7 "xxxx" QSC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi barədə nəticəyə gəlsə də, buna dair mötəbər sübutlar mövcud deyildir, yerinə yetirilmiş işlərin (xidmətlərin) məhz nədən ibarət olması, həmin işlər (xidmətlər) həyata keçirildiyi halda isə onların mülki qanunvericiliklə müəyyən olunmuş işlər (xidmətlər) (tapşırıq müqaviləsində nəzərdə tutulmuş) sırasına deyil, məhz əmək münasibətləri pozulmaqla, müqavilə bağlanılmadan işlərin, xidmətlərin görülməsinə cəlb edilməyə aid olması, bu zaman inzibati xətanın törədilməsi və bunda hüquqi şəxsin təqsirinin olması müəyyən və təsdiq olunmamışdır. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi onu özündə ehtiva edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bir sözlə, burada, sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Təqdim olunan sübutlara münasibətdə qeyd edilməlidir ki, "xxxx" QSC tərəfindən X4, X2, X8 və X10 işçi icazəsi alınması barədə “Qarabağ və X18 rayonlarına” giriş informasiya sistemi üzərindən təqdim olunan məlumatlar inzibati məsuliyyətin əsasını təşkil edən “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” barədə hüquqi nəticəyə gəlinməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, X15 tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar X5 təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə X5 təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddasinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 09 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" QSC-nin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4210/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4210/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver