Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4217/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayət vermiş şəxs: X2 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 26 sentyabr 2022-ci il tarixdə, saat 13:40 radələrində “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olan zaman Bakı şəhəri, Nəsimi rayonunda yolayrıcında sağa dönərkən piyada yolunda qəflətən skuterlə hərəkətdə olan bir nəfər onun qarşısından keçmiş, sonra barəsində Daxili İşlər Nazirliyinə şikayət etmiş və nəticədə o, 05 noyabr 2022-ci il tarixli qərarla İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Həmin Qanunun 1-ci maddəsinin 6-cı hissəsinə əsasən piyada - nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaqda gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq üçün araba və ya əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacağı aparan şəxslər də piyadaya bərabər tutulur). Onun hərəkət etdiyi yol ayrıcında “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin 6-cı bəndinin 15-ci yarımbəndində nəzərdə tutulmuş velosiped yolunu əks etdirən 1.15 nişanlanma xətti nəzərdə tutulmamışdır. O, digər piyadaların yolu keçməsini gözləyərək yoluna davam etmək istədikdə, skuterdə olan şəxs qəflətən sürətini artıraraq onun yoluna çıxmışdır. O, həmin şəxsə yol verməyə borclu olmasa belə, təhlükə yarandığı üçün avtobusun əyləcini basmış və onun keçməsini gözləmişdir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə tədqiq edərək, şikayət vermiş şəxsin izahatını dinləyib və onun tərəfindən təqdim edilmiş video görüntüyə baxaraq belə nəticəyə gəlir ki, X3 düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi üzrə məsuliyyətə cəlb edilmişdir. Belə ki, videoregistrator əsasında çəkilmiş görüntüdən avtobusun yolayrıcından sağa dönən zaman bir nəfərin piyada keçidində skuterlə hərəkətdə olması və avtobusun sürücüsünün ona yol verməməklə piyadanın hərəkət istiqamətini dəyişdirməyə məcbur etməsi müşahidə edilir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərara əsasən X3 xx.xx.2022-ci il tarixdə, saat 13:35-də Nəsimi rayonu ərazisində “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol vermədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə məsuliyyət müəyyən edir. Həmin maddənin Qeydhissəsinə görə bu Məcəllənin 330 və 331-ci maddələrində yol verilməməsi dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının - uşaqların, əlilliyi olan şəxslərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən görmə qabiliyyəti tam məhdud olan piyadanın siqnalı ilə (siqnal ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur (37-ci maddənin İ hissəsinin 11-ci bəndi); nəqliyyat vasitəsi - yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür) (1-ci maddənin 17-ci bəndi); yol hərəkəti iştirakçısı - hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir (1-ci maddənin 33-cü bəndi); piyada - nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaqda gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq üçün araba və ya əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacağı aparan şəxslər də piyadaya bərabər tutulur) (1-ci maddənin 36-cı bəndi). Beləliklə müəyyən edilir ki, X3 26 sentyabr 2022-ci il tarixdə, saat 13:35-də idarə etdiyi “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nəsimi rayonunda yolayrıcında sağa dönərkən dönəcəyi yolun hərəkət hissəsini yol hərəkətinin iştirakçısı kimi skuterdə keçməkdə olan piyadaya yol verməyərək onun hərəkət istiqamətini dəyişdirməyə məcbur etmişdir. Bu səbəbdən də X3 barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslı və qanuni olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4217/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4217/2022
25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver