Məhkəmə qərarları › İş №3(006)-4218/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4218/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4218/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 452.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 iyul 2025-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2025-ci il tarixdə, saat 15:00-da plandankənar (növbədənkənar) yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktı aşkarlanmışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan çıxs Şəxs nümayəndəsi X2 izahatında bildirdi ki, səlahiyyətli orqan tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol heç bir sübuta əsaslanmır. Belə ki, resept tərtib etmiş xəstəxana elektron resepti tərtib edərək informasiya sisteminə yerləşdirmədiyi halda həmin elektron resepti heç bir əczaçı görə bilmir. Səlahiyyətli orqan tərəfindən xətanın nədən ibarət olmasına və necə aşkar edilməsinə dair heç bir mötəbər sübut əlavə edilməmişdir. Həmçinin, bildirmişdir ki, satış qəbzində göstərilən “Diklofenak” adlı dərman vasitəsi reseptsiz satılır. Qeyd etdiklərinin nəzərə alınaraq, tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64 və 112.1.4-cü maddələrinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X4 Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə plandankənar (növbədənkənar) yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktı aşkarlanmışdır. KY252327262 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə aparılacaq plandankənar (növbədənkənar) yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 3- 28-1/3-2-704/2025 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən aptektin fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2023-cü il tarixdə AEM-in əməkdaşları tərəfindən həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları, şahidlərin ifadələri və digər sübutlarla Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək qeyd edir ki, sübutları toplamaq və sübut etmə vəzifəsi inzibati araşdırma aparan orqanın üzərinə düşdüyü halda, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Məhkəmə qeyd edir ki, inzibati orqan protokol tərtib edərkən hər-hansı bir mötəbər sübuta istinad etmədən, Mürsəlov Sadiq adlı şəxsin Şəxs tərəfindən elektron resept əsasında ona satış edilməməsi barədə ərizəsinə istinad etmişdir ki, məhkəmə iclasında Mürsəlov Sadiq adlı şəxsin ərizəsi nəzərdən keçirilən zaman həmin ərizədə qeyd olunanların sadəcə formal mülahizələr olması və hazırkı işin həqiqi halları ilə uyğunluq təşkil etməməsi müəyyən edilmişdir. Bu məqamda məhkəmə xüsusilə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən mötəbər sübutlara istinad edilmədən hər hansı şəxsin (şəxslərin) formal mülahizələri əsasında şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi qəbul edilməzdir. Belə ki, tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxsndə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması qeyd olunsa da, həmin faktı təsdiq edən heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə, iş materialına satış qəbzi əlavə edilmiş, satış qəbzindən isə yalnız “Diklofenak” adlı dərman vasitəsinin satılması qeyd edilmişdir ki, həmin qəbzin hazırki işin faktiki halları ilə hansı əlaqəsinin olmasını, qəbzdə qeyd olunan dərman vasitəsinin kim tərəfindən hansı formada (resept və ya reseptsiz) alınmasını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən (əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən resept əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli Əlavəsinin Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının 1.8-ci bəndinə əsasən həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən “Diklofenak” adlı dərman vasitəsinin reseptsiz satışı qadağan edilməməklə yanaşı, həmin dərman vasitəsinin satışı ilə hansı qanun pozuntusuna yol verilməsini təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə tədim edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik sübutların sübut mənbələri ilə müəyyən edilməsini qeyd edərkən həmin sübutların rəsmiləşdirilməsini də nəzərdə tutur. Hər hansı mənbədən alınan faktik məlumatlar qanunla müəyyən edilmiş qaydada rəsmiyyətə salındıqdan sonra iş üzrə sübut əhəmiyyəti kəsb edə bilər. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixli qəbzin və Mürsəlov Sadiq adlı şəxsin ərizəsinin heç bir sübutedici əhəmiyyəti mövcud deyil. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Ümumiyyətlə, məhkəmə araşdırması zamanı Şəxs MMC-yə məxsus aptekdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktının nə ilə təsdiq olunmasını müəyyən etmək mümkün olmamış, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə işin həlli üçün kifayət etməsi nöqteyinəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların işin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokola baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs tərəfindən aptek təşkilatlarına dair tələblər pozulmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, iş materiallarında olan sənədlərdə təsdiq edilməmişdir. Göründüyü kimi səlahiyyətli orqan səthi və qeyri-obyektiv araşdırma aparmaqla inzibati xəta faktını təsdiq edən əhəmiyyətli sübutları toplamadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyi üçün məhkəmə MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icaata xitam verilməsi qənaətindədir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyi üçün iş üzrə icaata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar