Məhkəmə qərarları › İş №3(006)-4228/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4228/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4228/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi, ev 29A-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Dünya küçəsi, ev 71-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:58 radələrində idarə etdiyi “Ford Fusion” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsindən sol istiqamətə dönərkən manevr etmə qaydalarını pozaraq həmin küçə ilə düzünə hərəkət edən X3 idarə etdiyi “Tufan S50” markalı, 99-F- 807 dövlət qeydiyyat nişanlı motoskiletlə toqquşmuş, nəticədə sonuncuya və avtomobildə olan sərnişin X2 yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Ayxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 23:58 radələrində idarə etdiyi “Ford Fusion” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsində hərəkətdə olan zaman üzü “Zərifə Əliyeva” adına göz klinikası istiqamətində hərəkət edib həyətə girmək üçün icazə verilən yerdən sola dönmə əməliyyatı edən zaman Mirmahmud Kazımovski küçəsi ilə hərəkətdə olan “Tufan S50” markalı, 99-F-807 dövlət qeydiyyat nişanlı motoskillə toqquşmuşdur. Zərər çəkmiş şəxslərlə barışmışdır. Ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxslər məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsində baş vermişdir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 Nəsimi rayon şöbəsinin: - xx.xx.2024-cü il tarixli, 1109 saylı rəyinə əsasən V.S.Hüseynlinin bədən səthində aşkar edilmiş xəsarətlər – sağ bazunun və sol ayaq pəncəsinin iri ölçülü əzilmiş-cırılmış yaraları, sağ bazu oynağı nahiyəsinin və sağ bazunun, sağ diz oynağı nahiyəsinin, sol baldırın sıyrıqları, sol körpücükaltı nahiyənin qançırı bərk küt (əşyanın) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. V.S.Hüseynlinin bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi; - xx.xx.2024-cü il tarixli, 1269 saylı rəyinə əsasən X4 xx.xx.2024-cü il tarixdə X11 PHŞ-yə müraciət etmiş və ona “alının çapılmış yarası” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozada göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X1 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. • BB seriyalı, 046137 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “B1, B” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • X3 16 avqust 2024-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 23:58 radələrində idarə etdiyi “Tufan S50” markalı, 99-F-807 dövlət qeydiyyat nişanlı motoskiletlə işdən çıxıb “Zərifə Əliyeva” adına göz klinikasının yanından Mirmahmud Kazımovski küçəsi ilə üzü “Vorovski“adlanan yerə tərəf gedəndə həmin küçədə əks istiqamətdə hərəkət edən “Ford Fusion” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən əks istiqamətdən sola dönmə əməliyyatı edərək qarşısına çıxmış və o, motosikletin qabaq hissəsi ilə onun avtomobilinin sağ yan hissəsindən vurmuşdur. Hadisə nəticəsində xəsarət aldığına görə 1 saylı X9 müraciət etmişdir; • X1 16 avqust 2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 23:58 radələrində qızı Şəxs idarə etdiyi “Ford Fusion” minik markalı, **- AN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan zaman “Vorovski” adlanan yerdən “Zərifə Əliyeva” adına göz klinikası istiqamətində hərəkət edərkən Mirmahmud Kazımovski küçəsində həmin avtomobil “Tufan S50” markalı, 99-F-807 dövlət qeydiyyat nişanlı motoskiletlə toqquşmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar