Məhkəmə qərarları › İş №3(006)-4229/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4229/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4229/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:50 radələrində idarə etdiyi “RAVON R4 LTZ minik” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.1991-ci il təvəllüdlü piyada X3 yüngül dərəcəli bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlini qismən etiraf edərək, zərər çəkmiş şəxsin əlini maşının üstünə qoyaraq yıxılıb sonra durduğunu gördüyünü bildirmişdir. Maşının surəti çox aşağı idi və həmin yol piyadalar üçün keçid deyildi. Qeyd olunanlara əsasən, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 13763 saylı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:59-da DİN-in 102 xidmətindən ********** saylı daxil olan müraciətə əsasən, Binəqədi rayonu, Xocasən qəsəbəsi, X1 rayonu, 20 yanvar dairəsi, Velotrekin qarşısında piyada hərəkət edən zaman “Chevrolet” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun ayağının üstündən keçməsi barədə şikayət daxil olmuşdur. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 23:50 radələrində ona məxsus idarə etdiyi “Chevrolet Ravon” markalı **-LD-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, X7 marketin qarşısında hərəkətdə olan vaxt dayanmış, sağ tərəfində bir nəfər taksidən düşmüş, əlini onun maşının üstünə qoymuş və sola çıxmaq istəyəndə həmin şəxs yerə yıxılıb yenidən ayağa qalxmışdır. Maşından həmin şəxsə iradını bildirərək, hərəkətinə davam etmişdir. Maşının sürəti 2 km/saat olardı. Maşına hər hansı ziyan dəyməmişdir. O elə bilmişdir ki, həmin şəxs əlini ani olaraq maşının üzərinə qoyub və tezliklə əlini çəkəcəkdir. Həmin şəxs ayağa qalxdığından sağlam olduğunu fikirləşərək hərəkətini davam etmişdir. Araşdırma zamanı izahatı alınmış zərər çəkmiş şəxs X4 bildirmişdir ki, xx.xx.2024 tarixində təxminən saat 23:45-də taksi ilə Nəsimi rayonu, 20 Yanvar dairəsinə gəlib, sol tərəf arxa qapını açaraq avtomobildən düşmüşdür. Həmin an arxadan Şamaxinka istiqamətində hərəkətdə olan “Chevrolet Cobalt” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilin qabaq sağ tərəfi ilə onun sağ ayağından vurmuş və nəticədə o yerə yıxılmışdır. Bu zaman sürücü avtomobili saxlamayaraq hərəkətini davam etmiş və beləliklə onun sol ayağının pəncə-topuq hissəsini üstünə təkəri ilə çıxaraq, hadisə yerindən uzaqlaşmışdır. Bir qədər sonra ağrıları hiss etdiyindən DİN-in 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2024-cü il tarixli, 1197 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü X2 bədənində aşkar edilmiş xəsarət – sol aşıqbaldır oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançırşişkinliyi xəsarət bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. X2 bədən səthində aşkar edilmiş xəsarətin lokalizasiyasını və xarakterini nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəfin çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə münasibətdə baxılaraq müvafiq qərar qəbul edilməsi üçün Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar