Məhkəmə qərarları › İş №3(006)-4229/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4229/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4229/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə1, inzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhər BPİ X9 İdarəsinin 21 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ X9 İdarəsinin 21 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 21 iyun 2025-ci il tarixdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun mülkiyyətində olan və yol vərəqəsi əsasında idarə etdiyim **-AB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Tucson” markalı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu, Mehbala Zeynalabdiyev küçəsindəki binanın həyətindən çıxıb sağa Mehbala Zeynalabdiyev küçəsinə döndüyüm üçün **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən polis əməkdaşı ona saxla əmrini vermişdir. O da əmrə tabe olaraq, hərəkəti dayandırmışdır. Bakı şəhəri DYPİ Müşayiət - Eskort Bölüyü YPX inspektoru polis baş serjantı X4 tərəfindən mənim yol hərəkət qaydasını pozmağım bildirilmiş və AR İXM 327.4-cü maddənin tələblərinə əsasən İXP7215941 saylı inzibati protokol tərtib etmişdir. Qeyd edir ki, barəsində tərtib olunan xx.xx.2025-ci il tarixli, İXP7215941 nömrəli protokol ilə razı deyil və həmin protokola imza atmamışdır. xx.xx.2025-ci il tarixində xx.xx.2025-ci il tarixli, İXP7215941 nömrəli protokoldan yuxarı dövlət orqanı olan Baş X9i İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətində ona hadisə yerinin video görüntülərinin təqdim olunması barədə məlumatların göndərilməsini və ona məxsus elektron kabinetində yerləşdirilməsini xahiş etsədə, Baş X9i İdarəsi buna əhəmiyyət verməmiş və video görüntüləri ona təqdim etməmişdir. Onun müraciətindən sonra protokol qərarsız statusundan xx.xx.2025-ci il tarixində qərarlı statusuna çevrilmişdir. Həmin video görüntülərə baxılan zaman müəyyən olunacaqdır ki, o, Mehbala Zeynalabdıyev küçəsinə döndüyü zaman heç bir hərəkət qadağanedici nişan və ya tələb yoxdur. Yol patrul əməkdaşı ona bildirmişdir ki, həmin nişan yolun başındadır və “sən dünən həmin yolu keçən zaman və yaşadığın həyətə daxil olan zaman həmin nişanı xatırlamalı idin” demişdir. Yol patrul əməkdaşının ağlasığmaz yanaşması heç cür anlaşılan deyildir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Aşağıda göstərilənlərə əsasən barəmdə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokolu və inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu 42-ci maddəsinin V hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Yuxarıda göstərilənlərə əsasən 21 iyun 2025-ci il tarixdə Bakı şəhəri DYPİ YPX inspektoru polis baş serjantı X4 tərəfindən onun barəsində tərtib edilmiş İXP N° ******* saylı 21 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol və və inzibati tənbeh vermə haqqında qərar əsaslandırılmış formada tərtib edilməyib, sübutlarla təsdiq olunmur, mülahizə xarakterlidir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Hazırkı şikayətin tam, obyektiv və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş X9i İdarəsi aidiyyəti yol polisi şöbəsində toplanmış inzibati xəta haqqında iş üzrə protokol, qərar, foto, video və digər sənədlərin əslinin barəsində şikayət verilən orqandan tələb olunması zəruridir. Azərbaycan Respublikası İXM-nin 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 83.2-ci maddəsi ilə təqsirləndirilməyinə dair inzibati xəta materialının Azərbaycan Respublikası DİN Baş X9i İdarəsindən tələb olunmasını xahiş edir. Azərbaycan Respublikası İXM-nin 67.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırıla bilərlər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur. Barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olan halların müəyyən edilməsi, həmçinin barəsində inzibati tənbeh tədbiri görülmüş şəxs kimi onun istinad etdiyi halların təsdiqi üçün ərazidə quraşdırılmış kamera görüntülərinin aidiyyəti orqandan tələb olunmasını xahiş edir. Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Qeyd olunanları nəzərə alaraq, 21 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər BPİ X9 İdarəsinin nümayəndəsi X5 şikayətə etiraz edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış şəxs X3 həyətə girərkən həmin yolun başlanğıcında olan yol nişanının tələbini görmüş lakin ona əməl etməmişdir. Belə ki, şəxsin həmin nişanı görməməsi də onun məsuliyyətdən yayınması üçün əsas ola bilməz. Qeyd olunmalıdır ki, X3 həmin yoldan mütəmadi istifadə etdiyindən qeyd olunan nişanı görməməsi inadırıcı deyil. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 21 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 21 iyun 2025-ci il tarixində saat 12:18 radələrində idarə etdiyi “Hyundai Tucson” minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Mehbala Zeynalabdiyev küçəsində hərəkətdə olarkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 21 iyun 2025-ci il tarixində saat 12:18 radələrində idarə etdiyi “Hyundai Tucson” minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.Zeynalabdiyev küçəsində hərəkətdə olarkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 21 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər BPİ X9 İdarəsinin 21 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 avtomobili əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edərək inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhər BPİ X9 İdarəsinin 21 iyun 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhər BPİ X9 İdarəsinin 21 iyun 2025-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar