Məhkəmə qərarları › İş №3(006)-4236/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4236/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4236/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1, zərər çəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87 məhəlləsi, mənzil 121-122 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, vətəndaş X6 qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 izahatında göstərmişdir ki, Şəxs vətəndaş X6 qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Belə ki, vətəndaş X8 xx.xx.2022-ci il tarixdə 119-cu PŞ-yə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrində M.Əcəmi metrostansiyasının yaxınlığına “Uber” taksi proqramı vasitəsilə taksi sifariş vermişdir. Taksiyə əyləşdikdə yol boyu həmin taksi sürücüsü ona nalayiq təkliflər edərək onunla gedib içki içməyini istəmişdir. O da qorxduğu üçün onun sözləri ilə razılaşmış kimi özünü göstərib taksidən düşən kimi dərhal 19-cu PŞ-yə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 8-9 radələri arası M.Əcəmi metrostansiyası tərəfdən sifariş gəlmişdir. Əlaqə saxlayaraq həmin şəxsi gedib götürmüşdür. Həmin şəxs özü maşına deyə-gülə minmişdir. Yasamala gedib rəfiqəsini götürəcəyini bildirərək, “istəyirsən gedək çay içək” demişdir. Cavabında həmin şəxsə əsl çay içmək havası olduğunu deyərək dostu ilə görüşəcəyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izahatında göstərmişdir ki, M.Əcəmi metrostansiyasından Yasamala taksi sifariş etmişdir. Taksi həmin ünvana gəldikdən sonra taksiyə əyləşərək rəfiqəsinə zəng edib “gəlim səni götrüm, çay içməyə gedək” deyə bildirmişdir. Bu zaman sürücü “çayı neyləyirsiniz, gedək içki içək” deyə bildirmişdir. O, sürücüyə çay içək deyə təklif irəli sürməmişdir. Onda görüntülər var. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan X3 Nəsimi RPİ-nin 19-cu PŞ-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrində M.Əcəmi metrostansiyasının yaxınlığına “Uber” taksi proqramı vasitəsilə taksi sifariş vermişdir. Taksiyə əyləşdikdə yol boyu həmin taksi sürücüsü ona nalayiq təkliflər edərək onunla gedib içki içməyini istəmişdir. O da qorxduğu üçün sürücünün sözləri ilə razılaşmış kimi özünü göstərib taksidən düşən kimi dərhal 19-cu PŞ-yə müraciət etmişdir. Həmin şəxs barəsində qanuni göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X3 şikayət ərizəsi əsasında ünvan 4 ünvanın qarşısında “Toyota Prius” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 19-cu PŞ-yə dəvət edilmişdir. PŞ-də həmin şəxsin xx.xx.1997-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87 məhəlləsi Yat., mənzil 121- 122ünvanında qeydiyyatda olan Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 16 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Qənbərli X4 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddədə nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 07 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 15 noyabr 2022-ci il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar