Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4236/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş: böyük icra məmuru X3 iştirakları ilə "xxxx" ASC (hüquqi ünvanı: Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 13, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-99/2020 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə il ərzində təkrar əməl etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X4 izahatında bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)- 99/2020 saylı icra vərəqəsinə görə cavabdeh "xxxx" ASC-nin 35 kv-lıq İİ Bərdə hava xəttinin dayaqları və naqilləri X1 mülkiyyətində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilindən "xxxx" ASC-nin öz vəsaiti hesabına kənarlaşdırılmaqla həmin torpaq sahəsi X1 istifadəsinə qaytarılmalıdır. İcra sənədi daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə birlikdə borclunun hüquqi ünvanına göndərilmişdir. Lakin borclu hüquqi şəxs məhkəmə qərarını icra etməmişdir. Bununla bağlı borclu hüquqi şəxs barəsində protokol tərtib edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərarı ilə "xxxx" ASC İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir. Lakin "xxxx" ASC icra sənədi üzrə barəsində inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar heç bir üzürlü səbəblər olmadan tələbi təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-99/2020 saylı icra vərəqəsinə görə X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli, 2(021)-5925/2017 saylı qətnaməsi iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh "xxxx" ASC-nin 35 kv-lıq İİ Bərdə hava xəttinin dayaqları və naqilləri X1 mülkiyyətində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilindən "xxxx" ASC-nin öz vəsaiti hesabına kənarlaşdırılmaqla həmin torpaq sahəsi X1 istifadəsinə qaytarılması qərara alınmışdır; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 3(006)- 2492/2024 saylı qərarına əsasən "xxxx" ASC Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-99/2020 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, "xxxx" ASC Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-99/2020 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar həmin hərəkətə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); • İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); • Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.3-cü maddə). Məhkəmədə "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə "xxxx" ASC tərəfindən törədilən inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, "xxxx" ASC hüquqi şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və quruma həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 5.000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4236/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4236/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver