Məhkəmə qərarları › İş №3(006)-4236/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4236/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4236/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25828549 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25828549 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 13 noyabr 2024-cü il tarixdə ona məxsus olan “Mercedes E240” minik markalı, **-CV-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi yol polis əməkdaşı tərəfindən duracağa (cərimə meydançasına) yerləşdirilmişdir. Həmin vaxtdan avtomobili maddi imkanı olmadığından cərimələri ödəyə bilmədiyi üçün qeyd edilən duracaqdan götürməmişdir. Bu yaxınlarda cərimələri ödəyib avtomobilinə çıxartmaq qərarına gəldikdən sonra ona məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə avtomobili rəsmi qaydada duracaqda olmasına baxmayaraq ona xx.xx.2025-ci il tarixli, EQ 25828549 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 400 manat cərimə tətbiq edilmişdir. Qərarla razı deyil. Belə ki, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə 13 noyabr 2024-cü il tarixli aktından görünür ki, 13 noyabr 2024-cü il tarixdə ona məxsus olan “Mercedes E240" minik markalı, **-CV-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi duracaqda (cərimə meydançasında) olmasına baxmayaraq ona cərimə yazılmışdır. Həmçinin, polis əməkdaşı tərəfindən ona təqdim edilmiş xətanı törədən avtomobilin şəklindən görünür ki, xətanı törədən avtomobil “Mitsubishi” minik markalı, **- EV-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsidir. Ümumiyyətlə onun avtomobili ilə heç bir əlaqəsi yoxdur. Hesab edir ki, barəsində qəbul edilmiş həmin qərar qanunsuzdur və bu səbəbdən də ləğv edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ25828549 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ25828549 nömrəli inzibati tənbeh vermə haqqında qərarında qeyd olunmuşdur ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 17:24-də “Mercedes E240” minik markalı, **-CV-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:24-də “Mitsubishi” minik markalı, **-EV-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, “Mercedes E240” minik markalı, **-CV-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 339.1-1-ci maddəsinə görə, Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə görə, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Mercedes E240” minik markalı, **-CV-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25828549 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X1 xx.xx.2025-ci il tarixdə, saat 17:24-də “Mercedes E240” minik markalı, **-CV-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi əsas gətirilərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Halbuki, işin faktiki halları nəzərdən keçirilən zaman xx.xx.2025-ci il tarixdə, saat 17:24-də “Mitsubishi” minik markalı, **-EV-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilməsi müəyyən olunmuşdur. Məhkəmə, qeyd edir ki, hər hansı bir şəxsin barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2025-ci il tarixli, EQ 25828549 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yanlışlığa yol verilmiş, xx.xx.2025-ci il tarixdə, saat 17:24-də “Mitsubishi” minik markalı, **-EV-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilsə də, eyni zamanda, X2 məxsus “Mercedes E240” minik markalı, **-CV-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi duracaqda olmasına baxmayaraq, sonuncu Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25828549 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd) yüz manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25828549 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar