Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4237/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi, ev 93, mənzil 21; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (01400- 06624/24) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* (01400-06624/24) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-331700/012/003670 saylı raportunun icrası ilə əlaqədar olaraq bildirilir ki, Şəxs MMC tərəfindən 2023-cü il tarixdə 1 gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 2061,94 ABŞ dolları (3505,29 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Dövlət Gömrük Komitəsinin “VAİS” sistemindən əldə etdiyi məlumata əsasən 2061,94 Abş dolları (3505,29) manat məbləğində vəsait MMC-nin müvəkkil olunmuş bank hesabına koçürülməmişdir. Beləliklə də Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyannamələr üzrə köçürülməli olan 2061,94 ABŞ dolları (3505,29 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, şirkət tərəfindən mallar 2023-cü ilin dekabr ayında göndərilmiş, həmin malların müqabilində ödənilən pulun bir qismi yanvar ayında, qalan hissəsi isə iyul ayında ödənilmişdir. Göstərilənləri nəzərə alaraq hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Xaçmaz Gömrük İdarəsindən daxil olmuş 3- 331700/012/003670 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) 2023-cü ilin dekabr ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 2061,94 ABŞ dolları dəyərində (3505,29 manat) “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli 3-33-1700/2-001966/2024 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs MMC-nin barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində inzibati cərimə edilməsini və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta dəyəri 2061,94 (iki min altmış bir, doxsan dörd) ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 618,58 (altı yüz on səkkiz, əlli səkkiz) ABŞ dolları məbləğində inzibati cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4237/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4237/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver