Məhkəmə qərarları › İş №3(006)-4238/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4238/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4238/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2, zərər çəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Quba rayonu, Digah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Quba rayonu, Xucbala Ərazi Dairəsi, Digah kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraqq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Uber” taksidə X1 xarakterli hərəkətlər edərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Uber” taksidə X1 xarakterli hərəkətlər edərək xırda xuliqanlıq etmişdir. X8 bölməyə ərizə ilə müraciət edərək taksi sifariş etdiyini, yolda sürücünün güzgüdə baxaraq ona əxlaqsız təklif etdiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:30-da sifariş gəlmiş, həmin ünvana gedib xanımı götürüb Park Bulvara aparmışdır. Gediş haqqı 2 manat 90 qəpik yazmışdır. Xanım rəfiqələri ilə görüşəcəyini bildirərək ödəniş haqqını verməyib getmişdir. Bir qədər gözləsə də, o, gəlməmiş və sonra çıxıb getmişdir. Daha sonra xanım yenidən zəng edərək gəlib onu birinci götürdüyü ünvandan götürməsini, pulunu artıqlaması ilə verəcəyini bildirmişdir. O həmin ünvana gedərək xanımı götürmüşdür. Xanımı dediyi ünvana aparmışdır. Yolda olarkən xanım ona rəfiqələrinin “bir oğlanla tanış ola bilmirsən” dediklərini bildirmiş, o da cavabında sonuncuya “niyə gözəl xanımsan” demişdir. Bundan başqa Xırdalan tərəfə gedən zaman xanım ondan tanıdığı otel olub-olmadığını soruşmuş, cavabında xanıma yox demişdir. Səhər pulunu alması üçün xanıma mesaj yazaraq harda olduğunu soruşmuş, xanım da dünən onu götürdüyü ünvanda olduğunu bildirmişdir. Həmin ünvana getdikdə polis əməkdaşları onu saxlamışlar. Xırdalan qəsəbəsi, Quşçuluq massivi 40 ünvanında yaşayır, ailəlidir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izhatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində tanışı Mehriban adlı xanımla Park Bulvarda görüşmək üçün “Uber” takis sifariş etmişdir. Taksiyə əyləşdikdən bir az keçəndən sonra sürücü güzgüdən ona baxaraq “çox gözəl qadınsınız, sizlə sevgili olmaq istəyirəm” deyə bildirmişdir. Daha sonra sürücü onun qeyd etdiyi ünvana deyil, maşını başqa yerə sürmüşdür. Bu zaman sürücüdən hara getdiyini soruşmuş, sürücü isə cavabında Xırdalana otelə getdiyini bildirmişdir. O qorxaraq sürücüyə onu götürdüyü ünvana geri qaytarmasını bildirmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan X4 Nəsimi RPİ-nin 21-ci PB-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Səməd Vurğun küçəsində “Uber” taksi sifariş etmişdir. Taksiyə əyləşdikdən bir az keçəndən sonra sürücü güzgüdən ona baxaraq “çox gözəl qadınsınız, sizlə sevgili olmaq istəyirəm” deyə bildirmişdir. Sürücünün idarə etdiyi maşını o deyən ünvana deyil, başqa ünvana sürdüyünü görmüş, sürücüdən hara getdiyini soruşduqda onu otelə apardığını bildirmişdir. O, sürücüyə öz etirazını bildirmiş və onu götürdüyü ünvana geri qaytarmasını xahiş etmişdir. Həmin taksi sürücüsü barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 16 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Ağasiyev X7 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddədə nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 07 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 16 noyabr 2022-ci il tarixdən saat 17:05-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar