Məhkəmə qərarları › İş №3(006)-4243/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4243/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4243/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 25 sentyabr 2024-cü il tarixli, 13000-01355/24 nömrəli (EP № 0174581) inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-3200/012/003917 nömrəli raporta əsasən, xx.xx.2024-cü il tarixində “Guanqwu Automobile trade Co. LTD” tərəfindən hüquqi şəxs “SMT İnşaat" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixində **********6171 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmiş, lakin həmin bəyannamə vaxtında təqdim edilməmişdir. Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hüquqi şəxs “SMT İnşaat" MMC- nin ünvanına gələn "Minik avtomobili Toyota Camry" adlı yük xx.xx.2024-cü il tarixdə saat 03:00-da "Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və şirkət tərəfindən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsində xx.xx.2024-cü il tarixində **********6171 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Aparılan araşdırma çərçivəsində Şəxs MMC-nin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, “SMT inşaat" MMC-nin ünvanına gələn içərisində avtomobillər olan konteyner gec açılmış, daha sonra sənədlər ekspertizaya təqdim olunmuş və avtomobilə görə Texniki eyniləşdirmə şəhadətnaməsi alınmış, bundan sonrakı iki gün şənbə və bazar gününə düşmüş, həm şənbə günü (xx.xx.2024-cü il), həm də xx.xx.2024-cü il tarixində gömrük bəyannaməsini yazmağa cəhd etmiş, lakin həmin tarixdə gömrüyün internet saytı işləmədiyi üçün, bəyannaməni vaxtında tərtib edə bilməmişlər. xx.xx.2024-cü il tarixdə gömrük xidmətinin proqram təminatında hər hansı axsamaların olub-olmamasının müəyyən olunmasından ötrü Rəqəmsal idarəetmə Baş İdarəsinə 3-33-3200/2-001757/2024 saylı məktubla müraciət olunmuşdur. Rəqəmsal idarəetmə Baş İdarəsinin 3-33/2-013725/2024 saylı məktubuna əsasən, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində gömrük xidmətinin Vahid X1ndə texniki səbəbdən dayanmalar müşahidə edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, konteyner Ələt gömrük terminalına ayın 10-u daxil olub, 07 gün sonra yəni ayın 17-si isə konteyneri açmışlar. 07 gün gecikmə olub, qanunvericiliyə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Belə ki, növbəti ayın 01-nə kimi vaxt olmasına baxmayaraq, 27-si gömrük bəyannaməsi tərtib edilmişdir. Gecikmə olmayıbdır, həmin müddəti konteynerin açıldığı vaxtdan hesablanmalıdır. Çünki, konteyner açılandan sonra müvafiq sənədlər ekspert rəy verilməsi üçün təqdim olunmalıdır ki, bəyannamə tərtib edilsin. Qeyd olunanlara əsasən, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-33-3200/012/003917 saylı raportdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 həmçinin saylı "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Qərarının 3.6-ci bəndinə əsasən, gömrük Ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 3.6-cı bəndinə əsasən **********6171 saylı gömrük bəyannaməsi vaxtında təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs MMC tərəfindən idxal olunan mallara dair gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddətdə təqdim olunmamış və nəticədə Şəxs MMC tərəfindən İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar