Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4246/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri X5 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 iştirakları ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 137; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı və xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* və MN ******* nömrəli protokollar tərtib edilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə Şəxs “Müştəri bonus informasiya sistemi”nin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmadan fərdi məlumatların toplandığı və işləndiyi faktı müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixdə Şəxs MMC-yə məxsus “Müştəri bonus informasiya sistemi”nin tərkib hissəsi olan “www.araz-customer-api.retail.az” internet informasiya ehtiyatında zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən müştərilərə dair fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsi faktı aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X9 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən ölkədə kibertəhlükəsizlik vəziyyətinin mütəmadi təhlili və kiberhücumların qarşısının alınması məqsədilə internet informasiya ehtiyatlarının fəaliyyətinin monitorinqinin aparılması nəticəsində Şəxs MMC-yə məxsus “Müştəri bonus informasiya sisteminin” tərkib hissəsi olan “www.araz-customer-api.retail.az” internet informasiya ehtiyatında zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən bonus kartları əldə etmiş müştərilərə dair fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü faktı aşkar edilmişdir. Belə ki, Şəxs MMC-dən bonus kartı əldə etmiş hər hansı müştəri müvafiq informasiya sisteminə daxil olaraq avtomatlaşdırılmış üsullarla müştəri identifikasiya kodlarını dəyişməklə həmin sistemdə digər müştərilərə aid fərdi məlumatları sorğulaya, oxuya, surətini çıxara və ya dəyişdirə bilir. Müvafiq informasiya sistemində girişə nəzarət mexanizmlərinin düzgün tətbiq edilməməsi səbəbindən istifadəçinin giriş hüququ olmayan məlumatları – digər müştərilərin adı, soyadı, ata adı, doğum tarixi, bonus kart nömrəsi, mobil nömrəsi, e-poçt ünvanı, cinsi, ailə vəziyyəti barədə məlumatları əldə etməsi mümkündür. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Qeyd olunan Qanunun 5.5-ci maddəsinə əsasən, fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır, habelə Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir. Bununla yanaşı, Şəxs MMC-yə məxsus “Müştəri bonus informasiya sistemi”nin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçirilmədiyi də müəyyən edilmişdir. Beləliklə, Şəxs MMC-nin müştərilərin fərdi məlumatlarının toplanıldığı, saxlanıldığı və işlənildiyi informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatları topladığını və işlədiyini, o cümlədən həmin informasiya sistemində məlumatların mühafizəsinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan texniki tədbirlərin həyata keçirilmədiyini göstərən kifayət qədər hallar aşkar edilmişdir. Bu səbəbdən də 28 sentyabr 2022-ci il tarixdə Şəxs MMC-nin nümayəndələri – İT şöbəsinin müdiri X6, İT infrastrukturu şöbəsinin müdiri X3 və MMC-nin hüquqşünası X1 iştirakı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə MN 03166404 və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X9 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X8 izahatında bildirmişdir ki, barələrində tərtib olunmuş protokollarla razı deyillər. Belə ki, digər müştərilər tərəfindən görünən məlumatlar bonus kartı olan müştərilərin yalnız ad və soyadlarıdır. Bu məlumatlar da hamıya açıq məlumatlardır. Ona görə də həmin məlumatların mühafizə edilməsinə və sistemləşdirilməsinə zərurət olmadığını hesab edirlər. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, “www.araz-customer-api.retail.az” internet informasiya ehtiyatında bonus kartları əldə etmiş müştərilərə dair fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsi mümkündür. Beləliklə də, xx.xx.2022-ci il tarixdə Şəxs “Müştəri bonus informasiya sistemi”nin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmadan fərdi məlumatların toplandığı və işləndiyi faktı müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdə Şəxs MMC-yə məxsus “Müştəri bonus informasiya sistemi”nin tərkib hissəsi olan “www.araz-customer-api.retail.az” internet informasiya ehtiyatında zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən müştərilərə dair fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsi faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən Fərdi məlumatların informasiya sistemləri, o cümlədən bu Qanunun qüvvəyə minməsinə qədər mövcud olan informasiya sistemləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməlidir. Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır (5.5-ci maddə); mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir (5.8-ci maddə); fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir (10.1-ci maddə). Azərbaycan Respublikası İXM-nin 375.0.1-ci maddəsinə əsasən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 375.0.2-ci maddəsinə əsasən fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, qurum Azərbaycan Respublikası İXM-nin 375.0.1 və 375.0.2-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə təqsirli bilinib, barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4246/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4246/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver