Məhkəmə qərarları › İş №3(006)-4271/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4271/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4271/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1 iştirakı ilə, X1 Nəsimi rayon X10 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, “X8” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi ilə əlaqədar barəsində TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon məhkəməsinin 3(006)- 2992/2025 saylı iş üzrə 23 may 2025-ci il tarixli qərarına əsasən, Nəsimi Rayon X9 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin quruma göndərilməsi nəzərdə tutulmuşdur. Lakin qərarın icrası ilə bağlı uzun müddət heç bir addım atılmadığına və nəqliyyat vasitəmə həbs qoyulduğuna görə, sözügedən məhkəmə qərarını özü əldə edib Nəsimi Rayon X9 İdarəsinə təqdim etmiş və qərarın ləğvini tələb etmişdir. Həmin idarədə ona bildirilmişdir ki, qərarı Baş X9 İdarəsi ləğv etməlidir. Daha sonra qərarı götürərək Baş X9 İdarəsinə yaxınlaşmışdır. Orada isə əksinə, ona bildirilmişdir ki, bu qərarı Nəsimi Rayon X9 ləğv etməlidir və bu səbəbdən geri qaytarılmışdır. Yenidən Nəsimi Rayon X9 İdarəsinə müraciət etmiş və təkid etdikdən sonra 5 dəqiqə ərzində TP ******* saylı qərar ləğv edilərək, yeni bir qərar çıxarılmışdır. Bu qərar isə heç bir araşdırma və obyektiv baxış keçirilmədən, sadəcə kompüter arxasında hazırlanaraq təqdim edilmişdir. Bundan əlavə, ona bildirilmişdir ki, məhkəmə yalnız əvvəlki qərarın ləğvini qeyd edib, protokolun ləğvini ayrıca göstərməmişdir. Bu səbəbdən, yenidən məhkəməyə müraciət etsə, onlar yeni bir qərar çıxara bilərlər. Açıq şəkildə ona bildirilmişdir ki, “istədiyiniz qədər məhkəməyə müraciət edin, biz istənilən sayda qərar çıxara bilərik.” Bütün bu hallar sual doğurur ki, onun məhkəməyə müraciət etməyinin hüquqi nəticəsi varmı? Qeyd edir ki, o, 09 fevral tarixindən etibarən barəsində çıxarılmış qanunsuz qərarların ləğv olunması üçün ciddi səylər göstərir. Artıq yarım ildən çoxdur ki, həm fiziki, həm maddi, həm də mənəvi baxımdan tükənmiş vəziyyətdədir. Göstərilənlərə əsasən Nəsimi rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixində gecə saat 01:10 radələrində Bakı şəhəri, Xəqani bağı yaxınlığında yerləşən “Xəqani” avtodayanacağından şəxsi avtomobilini çıxararaq onu idarəetmə hüququ olan başqa şəxsə (bundan sonra “sürücü”) təhvil vermişdir. Bir neçə metr hərəkət etdikdən sonra **-AP-*** dövlət qeydiyyat nişanlı Post Patrul Xidməti əməkdaşları avtomobilin qarşısını kəsərək dayanmaq tələbini irəli sürmüşlər. Sürücü bu əmri icra etmiş, lakin nə ona, nə də sürücüyə saxlanılma səbəbi barədə izahat verilməmişdir. Təxminən 5-10 dəqiqə sonra hadisə yerinə YPX əməkdaşı yaxınlaşaraq nəqliyyat vasitəsinin sərnişin hissəsində oturduğu halda şəxsən onun avtomobildən düşməsini tələb etmiş, o isə dəfələrlə qeyd etmişdir ki, həmin an nəqliyyat vasitəsini idarə edən şəxs o deyil və hüquqi əsas olmadan ondan bu tələb irəli sürülə bilməz. Buna baxmayaraq, avtomobildən düşməyə məcbur edilmiş və polis əməkdaşı tərəfindən heç bir izahat, protokol və ya hüquqi əsas olmadan tibb müəssisəsinə aparılmışdır. Orada sərxoşluq testi verməyi tələb olunmiş, o isə sərnişin olduğunu və testin hüquqi əsas olmadan tətbiq edilməsinin qanunsuz olduğunu bildirərək imtina etmişdir. Nəticədə, heç bir inzibat protokol tərtib edilmədən və hüquqi akt təqdim edilmədən avtomobili cərimə meydançasına aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Nəsimi rayon X10 Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Nəsimi rayon X10 Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon X10 Şöbəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X4 Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2992/2025 saylı, 23 may 2025-ci il tarixli qərara əsasən X3 barəsində Nəsimi rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Nəsimi rayon X10 Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, Nəsimi rayon X10 Şöbəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı əsassız olaraq qəbul edilmiş, inzibati orqan tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2992/2025 saylı, 23 may 2025-ci il tarixli qərarında qeyd edilən xüsusatlar barədə heç bir araşdırma aparılmamışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İş materiallarından X4 tərəfindən İXM-nin 343.1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmir. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Nəsimi rayon X10 Şöbəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar