Məhkəmə qərarları › İş №3(006)-4276/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4276/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4276/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı – X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu, Ağdaş şəhəri, Babək küçəsi 4 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227, 232-1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227, 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o, "xxxx" MMC-də işləyir. Həmin MMCdə skuterləri icarəyə verməklə məşğuldur. Skuterlərin beyin yaddaşında limitsiz internet paketi olan simkartların olmasını əvvəlcədən bilir. Ona görə də, qarşısına çıxan başqa şirkətə məxsus skuterin beyin yaddaşı olan simkartı çıxardıb öz telefonuna qoyaraq limitsiz internet paketindən istifadə etmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı – X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "xxxx" marketinin qarşısından MMC-yə məxsus skuterin naməlum şəxs tərəfindən oğurlanması ilə bağlı Zərərçəkmiş şəxs MMC-nin direktoru Əhmədiyyə Cabbarov şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciət əsasında araşdırma aparılmış, həmin araşdırma nəticəsində skuter tapılarkən, dəyəri 150 ABŞ dolları olan skuterin daxili beynini funksionallaşdıran simkartın oğurlanması aşkar olunmuşdur. Həmin hadisənin xx.xx.2005-ci il təvəllüdlü Ağdaş rayon sakini Şəxs tərəfindən törədilməsi müəyyən olunmuş, həmin şəxs saxlanılaraq bölməyə gətirilərkən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmiş, daha sonra şəxs bölməyə təqdim olunmuş, onun izahatı alınmış, əməlində cinayət tərkibi olmadığından, İXM-nin 227, 232-1 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati xəta törətməsinə dair protokol tərtib olunması üçün material ona həvalə olunmuş, tərəfimdən Şəxs barəsində həmin tarixdə İXM-nin 227, 232-1 və 535.1-ci maddələrinə əsasən inzibati protokol tərtib olunaraqa məhkəməyə təqdim olunmuşdur. Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında - araşdırma ilə razı olmayaraq əməldə cinayət tərkibi olduğunu qeyd etdi. Şirkətə məxsus skuterlər rəqib şirkət olan "xxxx" MMC-nn əməkdaşları tərəfindən kütləvi olaraq məhv edilir. Bu bir nəfərin işi deyil, həmin şirkətin sahiblərinin təşkil etdiyi qrup şəklində olan bir neçə nəfərin əməlidir. Həmin rəqib şirkətin əməkdaşları tərəfindən əmlakları bilərəkdən məhv edilir və bazardan çıxarılır. Zərərçəkmiş şəxs MMC-yə məxsus skuterin İOT sistemini qırmış, sim kartı götürmüş və əmlaka qəsdən ziyan vurmuşdur. Həmin oğurlanan adi nömrə deyil, beyin yaddaşıdır. Skuterin özünün hər birinin ayrı ayrılıqda qiyməti 400 ABŞ dollarıdır. Həmin skuterin İOT sisteminin qiyməti isə ayrıca 150 ABŞ dollarıdır. Həmin beyin yaddaşını istifadə edib pullu internet saytlarına girərək şirkətə inanılmaz zərər vurulmuşdur. Bu cür hallarla 15 ədəd skuter yararsız hala salınmışdır. Sonda məhkəməyə ərizə ilə müraciət edərək, əməldə cinayət tərkibi əlamətləri olduğundan işin yenidən araşdırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli raporta əsasən, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Baş Polis İdarəsindən Zərərçəkmiş şəxs MMC-nin direktoru Əhmədiyyə Cabbarov tərəfindən daxil olmuş ərizəyə əsasən, xx.xx.2024-cü il tarixdə gecə saatlarında şirkətə məxsus dəyəri 150 dollar (255 manat) olan ******* saylı skuterin daxili beynini funksionallaşdıran simkart naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı – X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227, 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz; 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə (raport, izahatlar və.s) sübuta yetirilmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Həmçinin o, ictimai qaydanı pozan hərəkətlər etmiş, polis əməkdaşının ictimai qaydanı pozmamaq və polis bölməsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən daxil olmuş ərizəyə münasibətdə isə qeyd edir ki, əməldə cinayət tərkibi olmadığından ərizənin təmin olunması məqsədə müvafiq deyil. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində seçilmiş inzibati qaydada həbsetməsinin xx.xx.2024-cü il tarixdən saat 15:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar