Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4279/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının vəkili "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-in) 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 12 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş, eyni tarixli MN seriyalı ******* nömrəli qərardadı ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X2 xx.xx.2024-cü il tarixindən, X6 xx.xx.2024-cü il tarixindən hal-hazırki dövrədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Protokol tərtib olunarkən MMC-nin nümayəndəsi dəvət olunmasına baxmayaraq iştirak etməmişlər, onların iştirakı olmadan araşdırma aparıldıqdan sonra "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmənin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X3 izahatında göstərmişdir ki, X4 Xidməti tərəfindən tərəfindən hüquqi şəxs "TRZ X9 Anonim Şirketi"nin Azərbaycan Respublikasindaki Filiali barəsində tərtib edilmiş 12 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol va işin materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)- 2844/2024 nömrəli qərardadına əsasən geri qaytarılmışdır. X4 Xidməti heç bir əlavə araşdırma aparmayaraq, protokolda adı keçən şəxsləri çağırıb dindirməyərək, iş üzrə əhəmiyyət kəsb edə biləcək sübutlar tədqiq etməyərək işi yenidən məhkəməyə göndərmişdir. Qeyd olunan şəxslərdən biri ümumiyyətlə şirkətin əməkdaşı və ya işçisi olmamışdır. Həmin şəxslərin icazəsi tələb olunan ərazilərə daxil olmasını sübut edən heç bir əlavə sənəd göstərilməmişdir. Onlara aid olan əmək müqaviləsinin müddəti bitmiş şəxsin isə həmin əraziyə daxil olması və ya iş yerinə gəlməsi halları olmamışdır. Qeyriqanuni əmək fəaliyyəti ilə məşğul olmaq şirkətin imicinə xələl gətirəcək amildir. İri bir şirkətin 1-2 işçi ilə varlanacağı və ya kasıblayacağı nüansı ağılasığmazdır. Hansı ki, 400dən çox işçi əmək müqaviləsi ilə fəaliyyət göstərir. “Zoom” proqramı vasitəsilə iclasa dəvət olunsalar da, 1 saat keçdikdən sonra belə DƏMX qoşulma həyata keçirməmişdir. Əsassız olaraq protokol tərtib edilmiş və başqa sübut tələb etmədən qərardadla iş məhkəməyə göndərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli, 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən X2 xx.xx.2024-cü il tarixindən, X6 xx.xx.2024cü il tarixindən hal-hazırki dövrədək olan müddət ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-2844/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 12 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələbləri pozulmaqla aparılmış, bütün faktiki halların tam və hərtərəfli qaydada öyrənilməsi üçün lazımi təbdirlər görülməmişdir. Belə ki, iş üzrə heç bir əlavə sübut toplanılmamış, protokolda adları qeyd olunan şəxslərin (X2 və X6) həqiqətən də "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialında işləyib-işləməsi real olaraq dəqiqləşdirilməmiş, hansı bağlılığının olması aydınlaşdırılmamış, "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialında rəsmi qaydada işləyən şəxslərin dairəsi müəyyən olunub onların izahatları alınmamış, iş üzrə digər zəruri və mötəbər məlumatlar əldə olunmamışdır. Bununla da hüquqi şəxsin təqsirini şübhə altına almayacaq təkzibedilməz dəlillər toplanılmamışdır. Qeyd olunan prosessual hərəkətlər həyata keçirilmədən və mühüm əhəmiyyət kəsb edə biləcək bütün hallar araşdırılmadan inzibati xətanın tərkibinin mövcudluğunu müəyyən etmək mümkün olmur. Məhkəmə qeyd edir ki, "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının təqsirliliyini təsdiq etmir, həmin sübutlar sübutetmə predmetinə daxil olan bütün halların sübuta yetirilməsi üçün kifayət etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan mötəbər sübutlara istinad etməyərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamadan "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmir. Beləliklə, hazırkı iş üzrə “fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və işəgötürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı barəsində əsassız olaraq “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul etmişdir. Odur ki, "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş hallar məhkəmədə "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən isə məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi sübutlar şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Yalnız belə sübutların mövcudluğu vəziyyətində isə şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 12 iyul 2024-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "TRZ X8 Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4279/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4279/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver