Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4283/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-in) 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 08 avqust 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş, eyni tarixli MN seriyalı ******* nömrəli qərardadı ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4, X1, X2 və X3 xx.xx.2024-cü il tarixindən hal-hazırki dövrədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Protokol tərtib olunarkən MMC-nin nümayəndəsi, hüquq şöbəsinin rəhbəri X6 “Zoom” platforması üzərindən qoşulmuş, əyani iştirak etməmişlər, daha sonra Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə etirazla müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı 20000 (iyirmi min) manat inzibati cərimə məbləği tənbeh növü tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara görə hesab edirik ki, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar tamamilə qanunsuz və əsassız olduğundan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokol tərtib edilərkən iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin baş vermə vaxtı göstərilməmiş, iş üzrə bütün faktıkı halları tam və hərtərəfli qaydada öyrənmək üçun lazımi tədbirlər görülməmiş, yalnız Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsas götürülməklə protokol tərtib edilmişdir. İşğaldan azad olunmuş ərazilərdə icra etdiyimiz dövlət əhəmiyyətli və Ölkə rəhbərliyinin birbaşa nəzarəti altında olan Ağdam yaşayış kompleksi, Şuşa məscidi, Ağdam İmarət, Ağdam stadionu, Ağdam Resort, Laçın, Daşaltı, Suqovuşan və Hadrut məscidi layihələri, Daşaltı kəndi layihəsi, Füzuli Xüsusi nümayəndəlik, Şuşa yaşayış, Şuşa bank və digər layihələri icra olunmaqdadır. Dövlət əhəmiyyətli layihələr ilə əlaqədar daim işğaldan azad olunmuş ərazilərə səfərlərin edilməsi zərurəti vardır. Birbaşa tikinti fəaliyyəti göstərmədikləri nəzərə alınaraq layihələri icra edən onlarla subpodratçılar üçün işğaldan azad edilmiş ərazilərə iş icazəsini verən qurumla əlaqə saxlanılmış və bu zaman müvafiq qurum tərəfindən bildirilmişdir ki, Cəmiyyətin layihələri üzrə xidmət göstərən subpodratçıların əməkdaşlarına işğaldan azad edilmiş ərazilərə iş icazəsinin alınması ilə bağlı Cəmiyyətin adından müraciət edilməsi zəruridir. Bu tələb isə ərazidə baş verə biləcək hadisələrə vaxtında reaksiyanın verilməsi və nəzarətin təmin edilməsi ilə bağlı operativ şəkildə icazə üçün müraciət edən hüquqi və ya fiziki şəxsin aşkarlanması ilə əlaqədardır. Tikinti prosesin dayanmaması və subpodratçılarla dövlət müəssisəsinin münasibətlərinin tənzimlənməsi, o cümlədən icazə verən müvafiq qurumların iş yükünün artmaması xahişi nəzərə alınaraq subpodratçılarla icazə verən qurum arasında vasitəçilik etməyə dəstək olmuşlar. Beləliklə, subpodratçılardan hansı şəxslərin azad olunmuş ərazilərə daxil olmasının zəruri olması barədə cədvəl formasında məlumat daxil olur və bu məlumatlar toplanaraq icazə verən quruma icazələrin aktivləşdirilməsi üçün təqdim edilir. Həmin cədvəldə subpodratçıların əməkdaşlarının şəxsiyyət vəsiqəsi məlumatları və hansı subpodratçının əməkdaşı olması barədə məlumatlar əks etdirilir. Bu məlumatların dəqiqliyi sadəcə subpodratçılara məlumdur və Cəmiyyət olaraq onların doğruluğuna heç bir məsuliyyət daşımadan sadəcə icazə verən quruma təqdim edilməsində vasitəçilik rolu oynayırlar. Həmin cədvəldə subpodratçının, onun əməkdaşlarının adı və digər məlumatlar əks olunmaqla həmin əməkdaşların Cəmiyyətlə heç bir əlaqəsinin olmadığı və müvafiq subpodratçının əməkdaşı olması qeyd edilir. ƏƏSMN-dən isə bildirilir ki guya həmin şəxslər Cəmiyyətin əməkdaşıdır və əmək müqaviləsi olmadan işlədilərək işğaldan azad edilmiş ərazilərə göndərilmişdir. Dəfələrlə məktublarla bildirərək və şifahi danışıqlar, onlayn görüşlər zamanı bildirilmişdir ki, həmin şəxslər Cəmiyyətin əməkdaşı deyil və sadəcə subpodratçılarla müvafiq qurum arasında vasitəçilik funksiyasını icra etmişlər. Həmin şəxslərlə əmək müqaviləsinin bağlanmamasına görə heç bir halda məsuliyyət daşımırlar və müvafiq subpodratçıların adları da siyahılarda təqdim edilmiş, həmin mənbələrə əsasən işəgötürən olaraq həmin subpodratçıların çıxış etməsi aydındır və barələrində müvafiq tədbir görmək aidiyyatı qurumların səlahiyyətindədir. Bundan əlavə, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol heç bir sübuta istinad edilmədən tərtib edilmiş, protokol tərtib edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Həmçinin, protokol düzgün tərtib edilməmiş və ona hər hansı bir sübut əlavə edilməmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasına səbəb və əsaslar müəyyən edilməmiş, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmamış, həmçinin inzibati xəta haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən deyil, səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilmişdir. Ona görə də protokol əsasında başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli, 08 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən X4, X1, X2 və X3 xx.xx.2024-cü il tarixindən hal-hazırki dövrədək olan müddət ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər; Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələbləri pozulmaqla aparılmış, bütün faktiki halların tam və hərtərəfli qaydada öyrənilməsi üçün lazımi təbdirlər görülməmişdir. Belə ki, iş üzrə heç bir əlavə sübut toplanılmamış, protokolda adları qeyd olunan şəxslərin (X4, X1, X2 və X3) həqiqətən də Şəxs MMC-də işləyib-işləməsi real olaraq dəqiqləşdirilməmiş, hansı bağlılığının olması aydınlaşdırılmamış, Şəxs MMC-də rəsmi qaydada işləyən şəxslərin dairəsi müəyyən olunub onların izahatları alınmamış, iş üzrə digər zəruri və mötəbər məlumatlar əldə olunmamışdır. Bununla da hüquqi şəxsin təqsirini şübhə altına almayacaq təkzibedilməz dəlillər toplanılmamışdır. Qeyd olunan prosessual hərəkətlər həyata keçirilmədən və mühüm əhəmiyyət kəsb edə biləcək bütün hallar araşdırılmadan inzibati xətanın tərkibinin mövcudluğunu müəyyən etmək mümkün olmur. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, həmin sübutlar sübutetmə predmetinə daxil olan bütün halların sübuta yetirilməsi üçün kifayət etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan mötəbər sübutlara istinad etməyərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs MMC-nin qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamadan Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmir. Beləliklə, hazırkı iş üzrə “fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və işəgötürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs MMC barəsində əsassız olaraq “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul etmişdir. Odur ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş hallar məhkəmədə Şəxs MMC-nin inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən isə məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi sübutlar şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Yalnız belə sübutların mövcudluğu vəziyyətində isə şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 08 avqust 2024-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 08 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4283/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4283/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver