Məhkəmə qərarları › İş №3(006)-4292/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4292/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4292/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, ev 03, mənzil 04-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:52 radələrində idarə etdiyi “Nissan Note” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski küçəsi ilə hərəkət edərək “STOP” yol nişanının tələbinə riayət etməyib Vaqif prospektinə daxil olmuş, nəticədə həmin prospekt ilə hərəkətdə olan, X5 idarə etdiyi “Kia Picanto” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncunun yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Zaur Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 14:52 idarə etdiyi “Nissan Note” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, X.Şuşinski küçəsi ilə hərəkətdə olan vaxt fikirli olduğundan Vaqif prospektinin kəsişməsində “STOP” yol nişanını görmədən yolayrıcına daxil olduğu üçün həmin prospektdə hərəkətdə olan X2 idarə etdiyi “Kia Picanto” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Vurulmuş zərəri ödəmişdir. Ona yüngül tənbein verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ilə Xan Şuşinski küçəsinin kəsişməsində baş vermişdir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1241 saylı rəyinə əsasən X7 xx.xx.2024-cü il tarixdə X8 müraciət etmiş və ona “Sağ saidin kəsilmiş yarası” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarət iti kənarına malik olan alətin (əşyanın) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gəlmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X5 bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə və lokaziyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi istisna olunmur; • 24.05.2024-cü il tarixli, BA seriyalı, 432276 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, B» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • 01.06.2023-cü il tarixli, BA284742 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Note” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs məxsusdur; • X5 izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 14:52 radələrində idarə etdiyi “Kia Picanto” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Vaqif prospektində hərəkətdə olan zaman X.Şuşinski küçəsində hərəkətdə olan Şəxs idarə etdiyi “Nissan Note” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil “STOP” yol nişanının tələbinə riayət etməyib yolayrıcına daxil olduğu üçün toqquşmuşlar. Hadisə nəticəsində o, xəsarət almış və X8 müraciət etmişdir; • 10.09.2024-cü il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən X1 Şəfəq Ələmdar qızı ilə barışmış, ona dəyən ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinə əsasən 1.12 (stop-xətt) - 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir. Həmin Qanunun 75-ci maddəsinin İV hissəsinə görə yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə uyğun olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar