Məhkəmə qərarları › İş №3(006)-4293/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4293/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4293/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 Saleh barəsində Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 16:53-də idarə etdiyi “Chevrolet Cruze” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, ünvan 1 ünvanda (X7 yanı) hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən polis əməkdaşı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının tələblərinə riayət etmədiyinə görə barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 40 manat məbləğində cərimə edilmişdir. O, hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qeyri-qanunidir və onun əsasında başlanılmış icraata xitam verilməlidir. Belə ki, o, Azərbaycan Respublikası Mərkəzi Bankından Azərbaycan Dövlət Dram Teatrı istiqamətində hərəkət edərkən X9 keçdikdən sonrakı yolayrıcında sol zolaqla düzünə hərəkət etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində inzibati protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, 40 manat məbləğində cərimə edilmişdir. X9 keçdikdən sonra heç bir yerdə 5.8.1 nişanı quraşdırılmamış, yalnız yolayrıcına çatdıqda 2 (iki) ədəd yaxın-yaxın məsafədə 1.18 yol nişanlanması xətti çəkilmişdir. Bu xətlərlə zolaqda hərəkət istiqamətini əvvəlcədən müəyyən etmək mümkün deyil. Həmin yolda yolun hərəkət hissəsinin 04 zolaqdan ibarət olduğunu nəzərə alaraq X5 növbəti yolayrıcına qədər sürücülərin zolaqlarda hərəkət istiqamətini müəyyən etmək üçün heç olmasa bir yerdə, yolun hərəkət hissəsinin solunda 5.8.1 nişanı quraşdırılmalı və ya 1.18 yol nişanlanması xətti ən azı 03 dəfə təkrarlanmalı idi. Hesab edir ki, bu bütün sürücülərdə çaşqınlıq yaradır və onlar barəsində qanunsuz inzibati protokol tərtib edilməsinə, inizbati tənbehvermə haqqında qərar qəbul edilməsinə səbəb olur. İnzibati xətanın qeyd alındığı yerlə bağlı nəqliyyat vasitəsində olan videoqeydiyyatçıdan çıxartdığı videolardan da aydın olur ki, həmin yolda hərəkət hissəsi 04 zolaqdan ibarətdir, 5.8.1 nişanı quraşdırılmamış, 1.18 yol nişanlanması xətti isə iki dəfə yaxın məsafədə çəkilmişdir. Bu da onun qeyd olunan inzibati xətanı törətmədiyinə əsas verir. Göstərilənlərə əsasən Bakı şəhər X11 İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X3 X10 Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhər X11 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Bundan başqa, qərarda inzibati xətanın mahiyyəti açıqlanmamış, sadəcə olaraq yol nişanlarının tələblərinə riayət edilməməsi qeyd olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar