Məhkəmə qərarları › İş №3(006)-43/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-43/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-43/2024 07.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Nərimanov RPİ X8 Şöbəsinin əməkdaşı İlkin Yolçuyevin qəbul etdiyi TP seriyalı ******* nömrəli, 08 noyabr 2023-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 RPİ X8 Şöbəsinin əməkdaşı İlkin Yolçuyevin qəbul etdiyi TP seriyalı ******* nömrəli, 08 noyabr 2023-cü il tarixli qərarından şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20:41 radələrində idarə etdiyi **-KP-*** dövlət qeydiyyat nişanlı, “BMW 528İ” minik markalı avtomobili ilə Koroğlu Rəhimov küçəsi ilə hərəkət edən edən zaman YPX avtomobili ona «saxla» əmri vermişdir. O, qanuna əsasən, Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 «saxla» əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol patrul xidməti inspektoru İlkin Yolçuyev ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərini istəmişdir. Yol patrul xidməti inspektoru İlkin Yolçuyev ona bildirmişdir ki, guya, o, işıqforun qırmızı işığında avtomobili ilə keçdiyinə görə saxlanılmışdır. O isə öz növbəsində etiraz edərək, bildirmişdir ki, o, işıqforun qırmızı işığında avtomobili ilə keçməmişdir. Bundan sonra İlkin Yolçuyev onun inzibati pozuntunu etdiyini tam sübut etmədən İXP ******* saylı inzibati protokol tərtib etmiş və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Onun qeyd olunan inzibati pozuntunu törətmədiyi nəzərə alınaraq, Nərimanov RPİ X8 Şöbəsi tərəfindən yazılmış 08 noyabr 2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş X4 şikayəti müdafiə edərək 08 noyabr 2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Nərimanov RPİ X8 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Nərimanov RPİ X8 Şöbəsinin əməkdaşı İlkin Yolçuyevin qəbul etdiyi TP seriyalı ******* nömrəli, 08 noyabr 2023-cü il tarixli qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nərimanov RPİ X8 Şöbəsinin əməkdaşı İlkin Yolçuyevin qəbul etdiyi TP seriyalı ******* nömrəli, 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Belə ki, nəqliyyat vasitəsinin svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirməsi videogörüntü olmadan müəyyən edilməsi mümkün deyildir. Şahin Cahangirovun İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə qərarda belə bir sübutdan istifadə edilməsi öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi Şahin Cahangirovun üzərinə düşmədiyindən və sonuncu tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən sübut müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, onun TP seriyalı ******* nömrəli, 08 noyabr 2023-cü il tarixli qərar əsasında Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, Şahin Cahangirovun İXMnin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir, buna görə də onun hərəkətlərində həmin maddə ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından tərtib edilmiş TP seriyalı ******* nömrəli, 08 noyabr 2023-cü il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasını təsdiq edən sübut olmadan formal mülahizələrə əsasən onu inzibati məsuliyyətə cəlb etmişdir. Ona görə də, şikayət təmin edilərək Nərimanov RPİ X8 Şöbəsinin əməkdaşı İlkin Yolçuyevin qəbul etdiyi TP seriyalı ******* nömrəli, 08 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Nərimanov RPİ X8 Şöbəsinin əməkdaşı İlkin Yolçuyevin qəbul etdiyi TP seriyalı ******* nömrəli, 08 noyabr 2023-cü il tarixli qərar ləğv edilsin və X3 Azərbaycan Respublikası İXMin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar