Məhkəmə qərarları › İş №3(006)-4304/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4304/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4304/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Xocavənd ərazi dairəsi, Xocavənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 14 sentyabr 2023-cü il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov və S.Rəhimov küçələrinin kəsişməsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X5 verdiyi izahatında bildirdi ki, Şəxs 14 sentyabr 2023-cü il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov və S.Rəhimov küçələrinin kəsişməsində “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsinə və səslərin çıxarılmasına şərait yaratmışdır. Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq sənədləri tələb edilsə də, sonuncu polis əməkdaşlarının tələblərini yerinə yetirməmiş və sənədləri təqdim etməkdən imtina etmişdir. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polis qüvvələrinin köməkliyi ilə polis şöbəsinə gətirilmiş və tərəfindən Şəxs barəsində inzibati xəta haqqında prorokol tərtib olunaraq aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, o, 14 sentyabr 2023-cü il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov və S.Rəhimov küçələrinin kəsişməsində işıqforun qırmızı işığında gözləmişdir. O taksi fəaliyyəti ilə məşğul olduğuna görə avtomobilində müştəri olmuşdur. Daha sonra avtomobilin dönmə işığını yandırıb sağ istiqmətə hərəkət edərkən yol polisi əməkdaşı ona saxla işarəsi vermişdir. Polis əməkdaşı ona özünü təqdim etmədən avtoxuliqanlıq etdiyini bildirmiş və ondan sənədlərini təqdim etməsini tələb etmişdir. O, polis əməkdaşının tələbinə cavab olaraq avtomobilin texpasportunun mülkiyyətçisində olduğunu, etibarnamənin isə elektron olduğunu bildirmişdir. O, polis əməkdaşının telefonla çəkiliş aparmasına etirazını bildirmişdir. Həmin vaxt polis əməkdaşının qanunsuz çəkiliş aparmasını sübut etmək üçün o da şəxsi telefonu ilə çəkiliş aparmağa başlamışdır. Lakin post-patrul xidmətinin polis əməkdaşları hadisə yeinə gələrək, guya, onun polisə müavimət göstərməsini bildirərək onu 22-ci Polis Şöbəsinə aparmışlar və orada izahatı alınmış, həmçinin barəsində inzbati xəta haqqında protokol tərtib edilmişdir. İzahatının sonunda təqsirinin olmamasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X2 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 14 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov və S.Rəhimov küçələrinin kəsişməsində xidməti vəzifəsini yerinə yetirərkən “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforun yaşıl işığı yandıqdan sonra dönərkən təkərlərin səs etməsini görüb həmin avtomobili xidməti vəzifəsi ilə əlaqədar saxlamışdır. Bundan sonra o təlimata uyğun olaraq həmin avtomobili idarə edən şəxsə yaxınlaşaraq ondan sənədlərini tələb etmişdir. Həmin vaxt avtomobilin sürücüsü Şəxs sənədlərini təqdim etməmiş və onunla kobud formada danışmağa və səs-küy salmağa başlamışdır. O dərhal post-patrul xidməti əməkdaşlarına məlumat vermiş və sonradan polis əməkdaşları gələrək Şəxs Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə aparmış və izahatını almışdır. O hadisə barədə raport tərtib etmiş və aidiyyəti quruma ünvanlamışdır. Bundan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X6 da şahid X1 izahatına oxşar məzmunlu izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan 14 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 sentyabr 2023-cü il tarixdə, saat 09:30 radələrində inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə tərəfindən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyətini yüngüllləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar