Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4307/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X3 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 66, mənzil 68-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli, 2(001)- 4128/2013 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında icra məmuru X6 izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli, 2(001)-4128/2013 saylı icra sənədinə əsasən Şəxs Aydin qızından xx.xx.2008-ci il tarixdə doğulmuş X5 və X1 üçün yetkinlik yaşına çatanadək hər uşağa görə ayda 93 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin dərhal təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Şəxs bu günə olan aliment borcu 23.064 manat təşkil edir. İcra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün “Elektron İcra” informasiya sistemindən sorğular edilmiş, borclunun adına minik avtomobili olduğu məlum olmuş, lakin həmin avtomobilin heç vaxt borclunun istifadəsində olmadığı, bir tanışı üçün onun adına rəsmiləşdirildiyi borclu tərəfindən qeyd olunmuşdur. Borclu ilk dəfə xx.xx.2019-cu il tarixdə şöbəyə gəlmiş, ona icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilmiş, izahatı alınmış və icra işi materialları ilə tanış olunmuşdur. Ötən müddət ərzində borclu tərəfindən aliment borcu üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli, 2(001)-4128/2013 saylı icra sənədi üzrə ona ödənilməli olan 23.064 manat pulu bugünə qədər ödəməmişdir. Şəxs özü ilə birbaşa əlaqə saxlamamış, həmişə anası ilə danışmışdır. O, uşaqları özü böyütmüş, ikinci dəfə ailə həyatı qurmuş və bu nikahdan da onun iki uşağı var. Uşaqları yaxşı saxlamaq üçün ona maddi kömək lazımdır. Şəxs məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2013cü il tarixli, 2(001)-4128/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş pulu ödəyə bilmir, heç bir yerdə işləmir. Səhhəti ilə əlaqədar olaraq ayaq üstə dayana bilmədiyindən həkim tərəfindən işləməyinə icazə verilməmişdir. Anası ilə birgə yaşayır və anasının pensiyası ilə dolanışığını təmin edir. 2024-cü il tarixdən etibarən işləmək iqtidarında olacaq və ödəniş etməyə başlayacaq, ona vaxt verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4307/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4307/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver