Məhkəmə qərarları › İş №3(006)-4310/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4310/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4310/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva, ev 55, mənzil 3, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, o, 15000.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə avans olaraq Azərbaycan Respublikasından kənara köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilməsinə baxmayaraq, onlar nümayəndələrinin məhkəmədə iştirakını təmin etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs həmçinin məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı xx.xx.2025-ci il tarixdə EP № ******* saylı inzibati xəta barəsində protokol tərtib edərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən 15000.00 ABŞ dolları məbləğində vəsaiti 19 iyun 2023-cü il tarixdə avans olaraq, xaricə köçürmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 15000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta 20 iyun 2025-ci il tarixində hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. AR Mərkəzi Bankı AR İXM-nin 18.6-ci maddəsinə əsasən tərtib etdiyi 07 iyul 2025-ci il tarixli EP ******* saylı İnzibati Xəta haqqında protokoluna əlavə edilmiş sənədlərlə birlikdə baxılmaq üçün Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. AR Mərkəzi Bankı protokol tərtib edərkən digər tərəfin prosesdə iştirakını təmin etməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmalı idi. Bank bunu da etməmişdir. Şəxs MMC Mərkəzi Bankın tərtib etdiyi protokol üzrə onun Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli hesab olunmasına qəti etirazını bildirir. Belə ki, "xxxx" MMC Çinin “X1” fırması (bundan sonra “Dardi” adlandırılacaq) ilə bağladığı xx.xx.2023-cü il tarixli DR/01 nömrəli müqaviləyə əsasən “Satıcı ona məxsus olan və razılaşdırılmış keyfiyyətdə Dəzgah və onun ehtiyat hissələrini alıcının mülkiyyətinə verir”. Həmin müqavilə üzrə "xxxx" MMC alacağı dəzgah və onun ehtiyat hissələrinin alınmsı üçün xx.xx.2023-ci il tarixdə “Dardi” firmasının hesabına 15000.00 ABŞ dolları məbləğində vəsaiti avans olaraq köçürmüşdür. Müqavilə üzrə dəzgah və onun ehtiyat hissələrinin vaxtında göndərilməməsi “Dardi” firmasında baş vermiş texniki səbəbdən yaranmışdır. Bunu, müraciətlərinə “Dardi” firmasının cavabı da təsdiq edir. Həmçinin, Mərkəzi Bankın sədri cənab Taleh Kazımova ünvanladıqları xx.xx.2025-ci il tarixli, 04 saylı, xx.xx.2025-ci il tarixli, 52 saylı məktublarla məlumat vermişlər. X3 tərəfindən məlumatları nəzərə alınmamışdır. Köçürülmüş pul vəsaiti hesabına malın idxalına isə qısa müddətdə nail olunacaqdır. İnzibati xətanın anlayışından bəhs edən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, əməlin (hərəkət və hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır. ŞəxsMMC-yə münasibətdə isə belə bir tərkib yoxdur. Bəllidir ki, qanunvericilikdə ağırlaşdırıcı halda qanunun geriyə qüvvəsi yoxdur. İXM-nin 11.3-cü maddəsinə əsasən “İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur”. Məhkəməyə təqdim edilən sənədlər də bir daha sübut edir ki, Şəxs MMC xaricə köçürdüyü pul vəsaitinə müvafiq malların ölkəyə idxalını təmin etmək üçün mümkün vasitələrdən istifadə etməyə çalışmışdır. Yuxarıda qeyd etdikləri kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqa zidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcüd deyildir. Odur ki,o, İXMnin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”nm 4.3..1.3.-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüququ məsuliyyət müəyyən edilmişdir. İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özü- özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “AR İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydaları ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn, forsmojor, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla, barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qəymətləndirə bilər. Malın idxalı zamanı ləngimədə Şəxs MMC-nin hər hansı bir təqsiri (qəsdən və ya ehytiyatsızlıqdan törədilən hərəkət və ya hərəkətsizlik) yoxdur. Bunu “Dardi” firmasının sorğularına cavabı da təsdiq edir.(Cavab əlavə edilir). Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, inzibati protokol tərtib etmək səlahiyyəti olan orqan həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İXM-nin tələblərinə uyğun müəyyən etməlidir. Konstitusya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibini yaratması üçün kifayət etmir. Valyutanin vaxtında geri qaytarlmamasının səbəbləri araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsir yoxdursa, inzibati məsuliyyət də yarana bilməz. Hətta qanunda göstərilən müddətdən sonra “Valyuta tənzimi qaydaları” ilə bağlı ictimai münasibətlərə qəsd mövcud olmursa, aradan qalxmış olursa, bununla da inzibati məsuliyyət aradan qalxmış olur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin, burada Şəxs MMC-nin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində inzibati protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Bu İXM-ni 8.2-ci maddəsində təsbit olunub. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin, İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyətli və şübhəli məqamların barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun izibati xəta törədilməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM- nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Bir halda ki, İXM-nin 18.5-ci maddəsinə əsasən, “Hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edilməsi nəzərdə tutulubsa, bu, o deməkdir ki, inzibati xətaya görə məsuliyyət müəyyən edilərkən, təkcə Mərkəzi Bankın protokoluna deyil, İXM-nin 3-cü maddəsinə, inzibati məsuliyyətin əsaslarına istinad edilməli və digər tərəf kimi Şəxs MMC-nin də arqumentləri nəzərə alınmalıdır. Qanunda nəzərdə tutulan, inzibati məsuliyyət yaradacaq hallar Şəxs MMC-nin əməlində yoxdur. Qeyd etdikləri kimi, təqsir olmayan yerdə cəza tədbiqi mümkün deyi. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Mərkəzi Bank heç nəyi, köçürülmüş valyutaya görə malın gecikmə səbəblərini, onun obyektv əlamətlərini nəzərə almadan, araşdırma aparmadan inzibati protokol tərtib edərək, sonda məhkəməyə müraciət etmiş, nəticədə də vergi ödəyicisi olaraq Şəxs MMC çıxılmaz vəziyyətə düşmüşdür. Yuxarıda qeyd etdikləri kimi Şəxs MMC yüksək vergi ödəyicisidir və onda çoxsaylı işçi qüvvəsi çalışır. Şəxs MMC uğurla həyata keçirdiyi layihələrə və səmərəli idarəetmə fəaliyyətinə görə onun təsisçisi Vahib Dəvəli “Qızıl Buta” mükafatı, Naxçıvan MR-da “Qızıl medal”-la 04 oktyabr 2016-cı ildə Azərbaycan Respubilkası Prezidentinin “Fəxri Diplomu” ilə təltif olunub. Beləliklə, hesab edirlər ki, etirazları təmin edilməli, hüquqi şəxsin vəziyyətini yüngülləşdirən qanunvericilik norması Şəxs MMC barəsində tətbiq edilməli, bununla da onun əməlində AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Mərkəzi Bankın tələbi təmin edilməməlidir. Şəxs MMC ümid edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ədalətli qərar qəbul edəcəkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respubilkasının İXM 114.1.4-ciü maddəsini rəhbər tutaraq, məhkəmədən "xxxx"MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının tələbi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Təqdim edilmiş materiallara əsasən: - "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin xx.xx.2023-cü il tarixdə 15000.00 ABŞ dolları göndərildiyi qeyd olunmuşdur; - Ödəniş tapşırığına əsasən Şəxs MMC tərəfindən Çin Xalq Respublikasında yerləşən «X1» firmasının hesabına xx.xx.2023-cü il tarixli müqavilə ilə bağlı xx.xx.2023-cü il tarixdə 15000.00 ABŞ dolları məbləğində pul göndərilmişdir; - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 6-1-21/2-10495/2025 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda ən geci 2 (iki) il müddətində müvafiq mallar idxal edilməli, işlər görülməli və ya xidmətlər göstərilməli, yaxud ödənilmiş valyuta vəsaiti geri qaytarılmalıdır. Göründüyü kimi, Qaydalarda qabaqcadan ödəniş əməliyyatının borcla əvəzləşdirilməsi nəzərdə tutulmur. Beləliklə müəyyən edilir ki, Şəxs MMC 15000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində 2 il müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 15000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi – 3000.00 (üç min) ABŞ dolları məbləğində inzibati cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar