Məhkəmə qərarları › İş №3(006)-4312/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4312/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4312/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 08 sentyabr 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən **********7721 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş, gömrük dəyəri 24990 manat olan “Qazma maşın hissələri” yükünün daxildə emal müddəti xx.xx.2023-cü il tarixdə başa çatmış, lakin qeyd olunan malların emal əməliyyatlarından sonra geriyə qaytarılması və ya idxal gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına heç bir müraciət daxil olmamışdır. “Malların daxil emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli, 4 nömrəli qərarının 7.4-cü bəndinə əsasən daxildə emal xüsusi gömrük prosedurunun başlama və sona çatma müddətləri malların bu prosedur altında yerləşdirilməsi üçün gömrük orqanlarının verdiyi icazədə göstərilir. Şəxs MMC tərəfindən daxildə emal xüsusi gömrük prosedurunda yerləşdirilərək gətirilmiş mallara dair gömrük orqanına təqdim edilmiş **********7721 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 44-cü qrafasına əsasən MMC tərəfindən daxildə emal xüsusi gömrük prosedurunda yerləşdirilmiş malların xx.xx.2023-cü il tarixədək geriyə qaytarılmasına zəmanət verilmiş, lakin qeyd olunan müddət başa çatanadək həmin malların geriyə qaytarılması barədə gömrük orqanına heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni nümayəndəsi X2 izahatında bildirmişdir ki, direktoru olduğu MMC tərəfindən 2 ədəd “qazma maşınların hissələri” adlı mallar xx.xx.2023-cü il tarixdə **********7721 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023cü il tarixədək daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Bu zaman gömrük orqanının işçisi emalın nə qədər davam edəcəyini soruşduqda “1 ay” demişdir. Lakin malların təmiri 2 aydan çox davam etmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********7721 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən 2 ədəd “qazma maşınların hissələri” adlı mallar xx.xx.2023-cü il tarixinədək geri qaytarılması şərti ilə gömrük postundan keçməklə Gürcüstan Respublikasının “BLOCK OPERATİNG COMPANY” LLC şirkətinin ünvanına göndərilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 169-cu maddəsinə əsasən tranzit xüsusi gömrük prosedurundan və bu Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa, xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar və ya emal olunmuş məhsullar növbəti gömrük proseduru altında yerləşdirildiyi, gömrük ərazisindən aparıldığı, tullantılar qalmadan məhv edildiyi və ya dövlətin xeyrinə imtina edildiyi zaman xüsusi gömrük proseduru başa çatır. Tranzit xüsusi gömrük proseduru, göndərən gömrük orqanına və təyinat gömrük orqanına təqdim olunan məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır. Xüsusi gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 169-cu maddəsinin, Nazirlər Kabinetinin 2014-cü il 06 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.7-ci bəndinə əsasən icazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən, malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48-50, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin yəni, 24990 (iyirmi dörd min doqquz yüz doxsan) manatın 30 (otuz) faizi, yəni 7497 (yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar