Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4318/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22722223 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22722223 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, BB 128997 nömrəli sürücülük vəsiqəsilə idarə etdiyi özünə məxsus “Mercedes Benz GL 250” minik avtomobilini ünvan 1 ünvanında yerləşən “Tam-Store” adlı marketin qarşısında yerləşən avtoparkinqdə saxladığı üçün barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən (bundan sonra - DYP) xx.xx.2024-ci il tarixli EQ 22722223 nömrəli protokol tərtib edilmiş və xx.xx.2024-ci il tarixli, EQ 22722223 nömrəli qərar qəbul edilmişdir. Əsas olaraq göstərilmişdir ki, İXM-nin 346.2-ci maddəsinə əsasən - ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına icazə verilmir. Həmin qərardan tərəfindən Nəsimi Rayon Məhkəməsinə şikayət verilmişdir. Məhkəmənin qərarı ilə xx.xx.2024-ci il tarixli EQ 22722223 nömrəli qərar ləğv edilmiş və yenidən baxılması üçün DYP-nə göndərilmişdir. Belə ki, Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(006)-3105/2024 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Bundan başqa, məhkəmə iclasında barəsində icraat aparılan şəxs avtomobilini ünvan 2 ünvanda yerləşən "Tam Store" adlı marketin qarşısında yerləşən avtoparkinqdə saxladığını bildirsə də, qərarda inzibati xətanın "28 May küç" ünvanında törədildiyi göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bundan sonra DYP tərəfindən xx.xx.2024-ci il tarixli EQ 22722223 nömrəli protokol və onun əsasında qərar qəbul edilmişdir. Bu qərar və protokol tamamilə qanunsuz və əsassızdır. Belə ki, çəkilən fotoşəkillərdən də aydın görsənir ki, avtoparkinq ləğv edilməmiş, eyni zamanda avtobus dayanacağına aid edilmiş hissə ilə avtoparkinqin heç bir əlaqəsi yoxdur. İXM-nin 346.2-ci maddəsinə əsasən - ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanma halları pozuntu hesab edilir. Lakin, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası faktiki olaraq mövcud olmadığı üçün, həmin hissədə avtomobilin parkinqini qadağan edən başqa hal da mövcud olmadığı üçün protokol və qərar qanunvericiliyin tələblərinə zidd tərtib edilmişdir. Məlumat üçün bildirir ki, əvvəllər dayanacaq Neftçilər Xəstəxanasının yanında olsa da, yaxın zamanlarda dayanacaq 100 metr irəli köçürülmüşdür. Köçürülmə işləri tamamlanmamış, nə dayanacaq hazırlanmış, nə də avtobus saxlama zolaqları çəkilmişdir, işıq sütununun yanına avtobus nişanı qoyulmuş, habelə arxadakı avtomobil dayanacağı ləğv edilməmiş, heç bir xəbərdarlıq nişanı qoyulmamışdır. Belə ki, hadisə yerinə baxış zamanı da müəyyən edilir ki, avtoparkinglə avtobus dayanacağının heç bir əlaqəsi yoxdur. Tərəfindən hər hansı inzibati xəta törədilməsə belə, barəsində tərtib edilən xx.xx.2024-ci il tarixli EQ 22722223 nömrəli protokol qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, protokol və qərarda inzibati xətanın törədildiyi yer 28 May küç qeyd edilmişdir. Əlavə edilən fotoşəkillər isə həmin ünvanda çəkilməmişdir. Ümumiyyətlə həmin gün 28 may küçəsində avtomobil park etməmişdir. Tərəfindən hər hansı inzibati xəta törədilməsə belə, nəzərə almalıyıq ki, qanunverici 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına icazə verilmədiyini qeyd edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən isə görünür ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası faktiki olaraq mövcud olmadığı halda, əsassız və qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq, bir hal da mövcuddur ki, fotoşəkillərdən görünür ki, 5.12 nişanından 15 metrdən daha artıq məsafədə və qanunla qadağan edilməyən hissədə avtomobil saxlanılmışdır. Lakin, protokol tərtib edən şəxs ümumiliklə İXM-nin tələblərini nəzərə almadığı üçün, fotoşəkillərin çəkilişi zamanı da ölçü məsələsini diqqətə almamışdır. Habelə, xx.xx.2024-cü il tarixdən sonra həmin ünvanda 5.12 nişanı sökülmüş, “Azparking" MMC-yə məxsus parklanma yeri yaradılmışdır. Odur ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/22722223 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətinin məzmunun uyğun olaraq izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/22722223 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən parklanma – nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır. Həmin Qanunun 32-1-ci maddəsinə əsasən parklanma yeri – yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir; X2 tərəfindən təqdim olunmuş çəkilmiş fotoşəkillərdən görünür ki, törədilməsi ehtimal olunan inzibati xətanın qeydə alındığı ərazi avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş dayancaqdır və həmin ərazidə olan avtomobillər park edilmiş, qeyd olunan ərazidə avtomobillərin park edilməsini qadağan edən hər hansı nişan qoyulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Əvvəla məhkəmə qeyd edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair sübutlar kifayət etmir, başqa sözlə sübutetmə predmetinə daxil olan hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir və həmin inzibati xətanın törədilməsinə dair mövcud sübutlar İXM-in tələblərini pozmaqla rəsmiləşdirilmiş, yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, qeyd edir ki, hər hansı bir şəxsin barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-in tələblərinə uyğun aparılmış araşdırmanın nəticəsi kimi qiymətləndirə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin qərardakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları (konkret olaraq video görüntülər) qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəmə iclasında nümayəndə iştirak etməmiş, hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli, qeyri-müəyyən qərar əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXMnin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X2 yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapdığından xx.xx.2024-cü il tarixli, EQ 22722223 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22722223 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4318/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4318/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver