Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4320/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1nun iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 10:36-da Bakı şəhər Nəsimi rayon ərazisində 20 yanvardan “Şamaxinka” adlanan ərazi istiqamətində hərəkət edərkən sağa dönmək üçün qırıq xəttlərdən avtobus zolağına keçərək, irəlidən sağa dönmüşdür. Bununla bağlı elektron kabinetinə 100 manat cərimə gəlmişdir. Sübut kimi təqdim olunan foto və videoda qətiyyən qayda pozuntusuna dair bir fakt görməmişdir. Qeyd etmişdir ki, cərimənin tətbiq edildiyi Moskva prospekt 73a m2 ünvanında yaşayır və hər gün uşaqlarını məktəbə aparıb gətirir. Həmin cərimənin sistematik bir xəta olduğunu və yanlışlıq olduğunu düşündüyünü qeyd etmişdir. Göstərilənlərə əsasən, istifadəsində olan ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilinə tətbiq edilmiş EQ23768817 nömrəli protokolun qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə etmiş, inzibati xəta haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan DİN BDYPİ X2 tərəfindən tətbiq edilmiş EQ23768817 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 10:36-da idarə etdiyi “Volvo XC-90” minik markalı, 90AS571 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Moskva prospekti istiqamətində hərəkət edərkən Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması və fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının X2nin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin X2nə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin X2nin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə səlahiyyətli orqanın əməkdaşının bu xətanı kompüter qarşısında təhlükəsiz şəhər kameralarının görüntülərini təhlil edərək müəyyən etməsi, həmin inzibati xətaların bilavasitə aşkar edilməsi hesab edilə bilməz. Yəni, qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla həmin inzibati xətanı yerində aşkar etməmiş, əksinə inzibati xətanı İXM-in 122-ci maddəsində göstərilən xüsusi texniki vasitələrin köməyi ilə aşkar etmişdir. Buna görə də hazırki halda icraat İXM-in 122.1-ci maddəsində nəzərdə tutulan qaydada aparılmaqla iş üzrə real vaxt rejimində elektron qərarın qəbul edilməsi təmin edilməli olduğu halda, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında qərar inzibati xəta aşkar edildikdən və inzibati xəta haqqında protokol tərtib edildikdən 1 aydan artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır Həmin Məcəllənin 81.2-ci maddəsinə görə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının X2nə inteqrasiya olunmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.6-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.11-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Göründüyü kimi, inzibati xətanın törədildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən bir ay sonra, xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında elektron qərar tərtib edilmiş, bununla da İXM-nin 122.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı İXM-nin 122.1-ci maddəsinin tələbləri pozulduğundan, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.11, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4320/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4320/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver