Məhkəmə qərarları › İş №3(006)-4327/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4327/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4327/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1, qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16100412 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: V.V.Cəfərli şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16100412 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 16:20 radələrində telefonuna cərimə olunması ilə bağlı SMS məlumat daxil olmuş, dərhal nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda cərimə yazan polisə müraciət edib yolun başlanğıcında 3.28 (durmaq qadağandır) nişanın olduğunu və bu nişanın yüklərin boşaldılması üçün qısa müddətə icazə verdiyini bildirdikdə polis əməkdaşı üzrxahlıq edərək, ona cavab olaraq artıq cəriməni yazdığı və silə bilməyəcəyini, lakin DYP-ə müraciət edəcəyi halda köməklik göstəriləcəyini və həll olunacağını bildirdi. ASAN ödəniş sistemi vasitəsilə EQ 16100412 saylı qərardan şikayət ünvanladıqdan 20 gün sonra ona SMS formasında polis kapitanı Tərlan Qasımovdan məlumat daxil oldu. Məlumatda Bakı şəhər DYPİ-ə yaxınlaşması qeyd olunmuşdu. Zəng vasitəsilə əlaqə saxladıqda T.Qasımov DYPİ-nə gəlməyə ehtiyac olmadığını bildirdi. O, qanunun tələbini vurğuladıqdan sonra məlumatı təsdiqləyərək 3.28 nişanının yük boşaltmağa icazə verdiyini, ancaq yük boşaldarkən tək olduğu halda ətrafdan birini çağıraraq maşının yanında durmalı olduğunu izah etdi. O, qanunda belə bir müddəanın olmadığını qeyd etdikdən sonra ona kömək edə bilməyəcəyini və icraatında 300-dən artıq iş olduğu üçün rəsmi cavabı ən tez 30 gün müddətində verəcəyini dedi. Məhkəmənin nəzərinə çatdırır ki, qərar əsassızdır və inzibati xəta hadisəsi olmamışdır. Göründüyü kimi bülün bunlar öz təsdiqini tapmamış və müvafiq şəkildə əks olunmamışdır. Göstərilənləri nəzərə alaraq barəsində tərtib olunmuş EQ 16100412 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi V.V.Cəfərli şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, maşını saxladığı yerdə nişan var ki, yük boşaltmağa icazə verilir, o da bu nişana əsasən maşını saxlamış, maşınında olan yükü götürüb qarşıda olan mağazaya getmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi E.M.Qanbayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, V.V.Cəfərli dayanmadurma nişanının tələbini pozaraq nəqliyyat vasitəsini saxlayaraq avtomobili tərk etmişdir. Bu zaman polis əməkdaşı avtomobilə yaxınlaşmış və orada heç kəsin olmadığını görüb əsaslı olaraq protokol tərtib etmişdir. Bu halı təsdiq edən foto-şəkilləri məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Bakı şəhəri BPİ DYPİnin xx.xx.2023-cü il tarixli, EQ 16100412 saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 16100412 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, V.V.Cəfərli həmin tarixdə, saat 16:31-də Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “Toyota Camry” minik markalı, **-TN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir İş materiallarında olan foto-şəkillərdən görünür ki, V.V.Cəfərli xx.xx.2023-cü il tarixdə saat 16:31-də Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “Toyota Camry” minik markalı, **-TN-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 3.28 yol nişanın tələbini pozmuşdur. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-4327/2023 saylı qərardadından görünür ki, V.V.Cəfərlinin vəsatəti təmin olunaraq inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, V.V.Cəfərli tərəfindən Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 16100412 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayət məhkəmə icraatına qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, V.V.Cəfərli xx.xx.2023-cü il tarixdə, saat 16:31-də Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “Toyota Camry” minik markalı, **-TN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; Həmin Məcəllənin 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə məhkəmə hesab edir ki, V.V.Cəfərli Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16100412 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə idarə etdiyi “Toyota Camry” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. V.V.Cəfərli həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu və iş üzrə icraatın İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinin tələblərinə uyğun aparılmadığını iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin məhkəməyə təqdim edilmiş fotogörüntüdən də aydın olur ki, V.V.Cəfərli xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində idarə etdiyi “Toyota Camry” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında qanunvericiliyin tələbinə əsasən dayanmanın qadağan edildiyi yerdə, yəni 3.28 “durmaq qadağandır” yol nişanının tələbini pozmuş, eyni zamanda avtomobili tərk edilmiş vəziyyətdə saxlamışdır. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, V.V.Cəfərli iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, , V.V.Cəfərli Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16100412 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, V.V.Cəfərlinin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16100412 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar