Məhkəmə qərarları › İş №3(006)-4337/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4337/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4337/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında telefon cihazları və ona aid olan aksesuarların satışı ilə məşğul olur və bununla bağlı fiziki şəxs kimi vergi ödəyicisidir. xx.xx.2025-ci il tarixdə təxminən saat 16-da işlədiyi mağazanın qarşı tərəfindəki tökülmüş xəzəlləri süpürüb karton materialdan olan yeşiyə yığıb, istəmişdir ki, mağazanın içini də süpürüb həmin yeşiyə yerləşdirib tullantı yerinə aparsın. Bu vaxt Nəsimi RPİ-nin 22-ci PB-nin polis sahə inspektoru X3 ona yaxınlaşaraq inzibati xəta törətdiyini bildirib və onun barəsində EXP ******* nömrəli inzibati protokol tərtib edərək, onu 300 (üç yüz) manat cərimə etdiyini elan etmişdir. Baxmayaraq ki, o, polisə izah etmişdir ki, işlədiyi yerdə təmizlik yaradır və onun bu süpürdüyü xəzəllər məişət tullantısı sayıla bilməz. Lakin, Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə inspektoru X3 onun izahatına məhəl qoymaraq, onu dinləməyib, yalnız cəriməni ödəməli olduğunu bildirmiş və ondan yazılı izahat almayıb inzibati xəta haqqında AR İXM-nin 266.3-cü maddəsinin tələblərini pozduğuma görə, şahidlər və onların izahatları olmadan protokol tərtib etmişdir. Baxmayaraq ki, AR İXM-nin 266.3-cü maddəsində göstərilmişdir ki, “məişət tullantılarının tutumlardan (umalardan) kənar yerlərə atılmasına görə” inzibati xəta yaranır və bu əməli törətmiş fiziki şəxs 300 (üç yüz) manat məbləğində cərimə olunur. Onun isə işlədiyi mağazada və eləcə də onun ətrafında məişət tullantısı olmamış, yalnız karton yeşikdə süpürülmüş xəzəl olmuşdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EXP ******* saylı protokolun etibarsız hesab edilməsi, bununla bağlı 300 manat inzibati cərimə tətbiq edilməsinə dair xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv olunması və inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib təmin olunmasını xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarından müəyyən edilir ki, X1 inzibati xətanı törətməsi sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, şikayətçi işlədiyi yerdə təmizlik yaratdığını və onun bu süpürdüyü xəzəllər məişət tullantısı sayıla bilmədiyini qeyd edir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Lakin şikayətçinin qeyd etdiklərinə qarşılıq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 İXM-nin 266.3-cü maddəsində göstərilən inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, şikayət təmin edilməli və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar