Məhkəmə qərarları › İş №3(006)-4352/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4352/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4352/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Cəbrayıl rayonu, Xələfli ST ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:14-də idarə etdiyi “İsuzu NPR 71” yük markalı nəqliyyat vasitəsinin **-JS-*** dövlət qeydiyyat nişanının qarşısına görünüşünü gizlədən soyuducu qoyduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, ərazidə soyuducuların paylanması və yığılması ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə 5 ədəd soyuducunu maşının yanına ondan ötrü qoymuşdur ki, həmin soyuducuları maşına yükləyib aparsın. O, bir qədər sonra soyuducuları maşına yükləyərək oradan getmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində protokol tərtib olunan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş foto şəkillərdən müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə “İsuzu NPR 71” minik markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin sol tərəfində saxlayaraq həmin nəqliyyat vasitəsinin qarşısına dövlət qeydiyyat nişanının görünüşünü gizlədən soyuducu qoymuşdur. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar