Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4368/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, X3 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ/ seriyalı 22751777 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/ seriyalı 22751777 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət edərək, hər hansı qayda pozuntusuna yol vermədiyindən barəsində tərtib olunmuş “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 03 avqust 2024-cü il tarixdə saat 15 radələrində inzibati xəta ilə bağlı telefonuna SMS gəlmişdir. Elektron kabinetə daxil olub bunun nə ilə bağlı olmasını öyrənərkən məlum olmuşdur ki, bir gün əvvəl saat 19 radələrində “Hundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən 3 mkr. dairəsi adlanan ərazi yaxınlığnda İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati xəta törədilməsi ilə bağlı olduğunu görüb xəta saatına diqqət etdikdə məlum olmuşdur ki, 02 avqust 2024-cü il tarixdə saat 19-da həmin avtomobil onun tərəfindən idarə edilməmişdir. Belə ki, həmin vaxtdan bir saat əvvəl dostuyla birgə iaşə obyektində spirtli içki (pivə) qəbul etdiyindən obyektin müştərilərə xidmət edən işçisi tərəfindən “ayıq sürücü" çağırılmış, onun sürücülük vəsiqəsinin üzərində olmasını yoxlayıb, dostuyla sağollaşdıqdan sonra “ayıq sürücü" sükan arxasında, özü isə avtomobilin arxa oturacağına əyləşdikdən sonra “ayıq sürücü” avtomobili izah etdiyi istiqamətdə hərəkət etdirmişdir. Ona görə də, avtomobilin sükanı arxasında olmadığından tərəfindən inzibati xəta törədilməmişdir. Bu səbəbdən BDYPİ-nin həmin qərarı əsassız olduğundan, inzibati xəta törətmiş şəxsin kimliyi ilə bağlı şübhələr yarandığından məhkəməyə müraciət etmək üçün elektron qərarı və ona əlavə edilmiş fotoşəkilləri əldə etmişdir. BDYPİ-nin 03 avqust 2024-cü il tarixli, EQ22751777 saylı inzibati qərarına əlavə edilmiş fotoşəkillərə diqqət yetirdikdə xətanın qeydə alınması zamanı uyğunsuzluq, ziddiyyət (şübhələr) müəyyən edilmişdir Belə ki, elektron qərara əlavə edilmiş 3 ədəd fotoşəkillərin birində avtobus zolağını bildirən nişan və zolağa daxil olmanı qadağan edən vaxt, digər şəkildə avtomobilin ümumi görüntüsü və üçüncü şəkildə avtomobilin arxa görüntüsü çəkilsə də, həmin fotoşəkillərlə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı göstərən nişanın yolun harasında quraşdırıldığı və hansı hissəsindən qüvvəyə mindiyi məlum deyil (görünmür). Avtomobilin ümumi görünüşü olan fotoda avtobus zolağı nişanı və ya həmin zolaqda asfalt üzərində “BUS” yazısı mövcud deyil, eləcə də bütöv düz xəttə paralel çəkilən qırıq-qırıq nişanlanma xətti avtomobillərin sağ zolağa daxil olmasını (manevr etməsini) qadağan etmir. Belə olan halda avtobus xəttini bildirən nişan yalnız avtomobil ilə birlikdə çəkildikdə nişanın qüvvəyə mindiyi yol hissəsini haradan başlandığını müəyyən etmək olardı. Ona görə də əlavə edilmiş fotoşəkillərlə nişanın qüvvəyə mindiyi yer bəlli olmadığında inzibati xəta ilə bağlı şübhələr yaranır. 02 avqust 2024-cü il tarixdə inzibati xəta törətmədiyindən barəmdə əsassız olaraq elektron cərimə qərarı çıxarılmışdır. İnzibati xəta törədilməsi anında çəkilmiş fotoşəkillərdə “Hundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin konkret kim tərəfindən idarə olunması məlum olmadığından, eləcə də, “xəta” ilə bağlı sübutlar olmadığından, yəni avtobus zolağını bildirən YHH Qanunun 5.9 nişanın yerləşməsi, fotoşəkillərə görə avtomobilin həmin nişanın qüvvəyə mindiyi sahəyə daxil olması ilə bağlı şübhələrin aradan qaldırılması və sübutun təqdim edilməsi vəzifəsi dövlət qurumunun (BDYPİ) üzərinə düşür (İXM-nin 8-ci maddəsi). Bununla bağlı elektron qərarı əldə edib məhkəməyə şikayətlə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4744/2024 saylı, 23 avqust 2024-cü il tarixli qərarı ilə şikayətim qismən təmin edilərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22751777 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilib inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Məhkəmə, şikayətində qeyd etdiyi dəlilləri əsaslı hesab edib onlarla razılaşaraq qeyd etmişdir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Nəticə etibarı ilə qeyd edilmişdir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə qərarı əsasında BDYPİ tərəfindən Qanunvericiliyin tələblərinə və məhkəmə qərarındakı göstərişlərə uvgun hər hansı araşdırma aparılmamış, yeni elektron qərara eyni fotoşəkillər əlavə edilərək BDYPİ-nin 16 oktyabr 2024-cü il tarixli, EQ/ 22751777 saylı elektron qərarı ilə barəsində yenidən İXM-nin 327.1-1 maddəsi ilə cərimə tətbiq edilmişdir. Hazırda həmin qərarı əldə edib yenidən məhkəməyə şikayət vermək qərarına gəlmişdir. 02 avqust 2024-cü il tarixdə tərəfimdən hər hansı inzibati xətaya yol verilməmiş, məhkəmə tərəfindən BDYPİ-nin qərarının ləğv edilməsinə baxmayaraq, hər hansı sübut təqdim edilmədən və şübhələr aradan qaldırılmadan barəsində əsassız və qanunsuz olaraq həmin qurum tərəfindən 2-ci dəfə elektron cərimə qərarı çıxarılmış və guya “sübut” olaraq eyni fotolar əlavə edilmişdir. Odur ki, avtomobilin fotoşəkilləri xüsusi texniki vasitə olan TŞ kamerası ilə (XTV) qeydə alınarkən guya İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan “xəta”ya yol verməklə YHH Qanunun 5.9 avtobus zolağı nişanı, nə də ki, həmin zolaqda YHH Qanunun 1.23 “BUS” yol nişanı tələblərini pozmağım sübut edilmir. Qeyd edilənləri nəzərə alaraq, elektron qərarda göstərilən “xəta”nın törədilməsi ilə bağlı sübutun təqdim edilməsi və şübhələrin aradan qaldırılması vəzifəsi dövlət qurumunun (BDYPİ) üzərinə düşsə də, həmin qurum tərəfindən yeni elektron qərara əlavə edilmiş fotoşəkillərlə “xəta” sübut edilmir. Ona görə də, BDYPİ tərəfindən qəbul edilmiş 16 oktyabr 2024-cü il tarixli, EQ/ 22751777 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/ seriyalı 22751777 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-4744/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 22751777 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmi orqana göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda isə X4 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı sübutla təsdiq olunmur. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X4 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaranmış, iş üzrə aşkar edilmiş inzibati xətanın məhz X4 tərəfindən törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-in vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncunun hüquqlarını pozmuşdur. Eyni zamanda məhkəmə iclasında araşdırılan sübutlarla X3 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmadığından o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/ seriyalı 22751777 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ/ seriyalı 22751777 nömrəli, xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata “şəxsin təqsirliliyi sübuta yetirilmədiyi” əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4368/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4368/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver