Məhkəmə qərarları › İş №3(006)-4369/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4369/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4369/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/23069113 saylı inzibati xəta haqqında iş üzrə elektron qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, “X8” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi ilə əlaqədar barəsində EQ/23069113 saylı, xx.xx.2024-cü il tarixli elektron qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 19 avqust 2024-cü il tarixdə saat 09 radələrində inzibati xəta ilə bağlı telefonuna SMS gəlmişdir. Elektron kabinetə daxil olub bunun nə ilə bağlı olmasını öyrənərkən məlum olmuşdur ki, həmin gün saat 08:50-də radələrində “Hyundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Nəsimi rayonu, Alı Mustafayev küçəsində guya İXM-nin 327.1-1-ci maddəsi ilə “inzibati xəta” törədilməsi qeyd edilmişdir. Lakin, elektron qərar çıxarılıb sistemə yerləşdirilsə də, hər hansı sübut əlavə edilməmişdir. Bu səbəbdən BDYPİ-nin həmin elektron qərarı sübutsuz, əsassız, şübhəli olması ilə yanaşı İXM-nin tələblərinə uyğun olmadığından məhkəməyə müraciət etmək üçün həmin elektron qərarı əldə etmişdir. Bakı səhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4914/2024 saylı, 30 avqust 2024-cü il tarixli qərarı ilə BDYPİ-nin xx.xx.2024-cü 11 tarixli, EQ 23069113 saylı qərarı ləğv edilərək inzibati iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Sübutla bağlı hər hansı sənədin əlavə edilməməsi, bununla da səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla hüquqlarının pozulması həmin elektron qərarın ləğvi üçün əsas olmuşdur. Məhkəmə qərarı əsasında BDYPİ tərəfindən Qanunvericiliyin tələblərinə və məhkəmə qərarındakı göstərişlərə uyğun hər hansı araşdırma aparılmamış, elektron qərara yalnız fotoşəkillər əlavə edilərək BDYPİ-nin 16 oktyabr 2024-cü il tarixli, EQ/ 23069113 saylı elektron qərarı ilə barəsində yenidən İXM-nin 327.1-1 maddəsi ilə cərimə tətbiq edilmişdir. Hazırda həmin qərarı əldə edib yenidən məhkəməyə şikayət vermək qərarına gəlmişdir. Hesab edir ki, 19 avqust 2024-cü il tarixdə yuxarıda qeyd edilən yerdə tərəfindən hər hansı inzibati xətaya yol verilməmiş və məhkəmə tərəfindən BDYPİ-nin qərarının ləğv edilməsinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq həmin qurum tərəfindən 2-ci dəfə elektron cərimə qərarı çıxarılmış və guya “sübut” olaraq fotolar əlavə edilmişdir. Lakin, elektron qərar əlavə edilmiş fotoların birində yalnız avtomobilin arxa görüntüsü, digər fotoda isə avtomobilin yolda ümumi görüntüsü mövcuddur. Lakin, həmin fotolarda nə yol kənarında yolun sağ zolağının marşurut nəqliyyat vasitələri (avtobus) üçün olan zolağı bildirən YHH Qanunun 5.9 nişanı, nə də ki, hərəkət etdiyi həmin sağ zolaqda YHH Qanunun 1.23 yol nişanı kimi yerdə “Bus” yazısı mövcud deyildir. Bu səbəbdən binaların arasındakı həyətdən çıxaraq ən kənar sağ zolaqla avtomobilini hərəkət etdirmişdir. Odur ki, avtomobilin fotoşəkilləri xüsusi texniki vasitə olan TŞ kamerası ilə (XTV) qeydə alınarkən İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan “xəta”ya yol verməklə YHH Qanunun 5.9 nişanı, nə də ki, yerdə YHH Qanunun 1.23 yol nişanı tələblərini pozmağı sübut edilmir. Qeyd etdiyi halları nəzərə alaraq elektron qərarda göstərilən “xəta”nın törədilməsi ilə bağlı sübutun təqdim edilməsi və şübhələrin aradan qaldırılması vəzifəsi dövlət qurumunun (BDYPİ) üzərinə düşsə də (İXM-nin 8-ci maddəsi), həmin qurum tərəfindən yeni elektron qərara əlavə edilmiş fotoşəkillərlə “xəta” sübut edilmir. Bundan başqa müəyyən olunmuşdur ki, BDYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilərkən inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulduğu da aşkar edilmişdir. Belə ki, BDYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən bir sıra kobud prosessual pozuntulara da yol verilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitənin (XTV) tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt barədə məlumatlar göstəriməmişdir. Göründüyü kimi BDYPİ-nin elektron protokolu əsasında çıxarılmış elektron qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Xüsusi qeyd edir ki, BDYPİ-nin nümayəndələri qəbul etdikləri elektron qərarlardan verilən şikayətlərə məhkəmə iclaslarında baxılarkən iştirak etmirlər, işin nəticəsi ilə maraqlanmırlar, elektron qərarlar ləğv edilsə belə ondan apellyasiya qaydasında şikayət vermirlər. Bu da BDYPİ-nin çıxardığı elektron qərarların əsassız və qanunsuz olduğunu təsdiq edir. Bütün qeyd edilənləri araşdırıb, tərəfindən İXM-nin 327.1-1 maddəsinin, o cümlədən YHH Qanunun 5.9 və ya 1.23 nişanların tələblərinin pozulması elektron qərara əlavə edilmiş fotoşəkillərdə sübut edilmədiyindən barəsində BDYPİ tərəfindən bu dəfə qəbul edilmiş 16 oktyabr 2024-cü il tarixli, EQ/ 23069113 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Eyni Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Eyni zamanda, İXM-nin 119.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat verir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən təqdimatın alındığı gündən bir ay ərzində həmin müəssisələr, idarələr, təşkilatlar, habelə vəzifəli şəxslər təqdimat vermiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) görülən tədbirlər haqqında məlumat verməyə borcludurlar. Odur ki, avtomobil yollarında nişanlanma işlərinin düzgün və dəqiq aparılmaması, onların lazımi yerlərdə quraşdırılmaması və ya ümumiyyətlə olmaması, həmçinin nişanlanma işlərində buraxılmış yalnışlıq səbəbindən inzibati xətanın törədilməsinə kömək edən səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq aidiyyəti qurumun səlahiyyətli orqanına (vəzifəli şəxsə) məhkəmə tərəfindən təqdimat göndərilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş EQ/23069113 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Baş Dövlət Yol Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin həmin qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən həmin qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçini dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Baş Dövlət Yol Polis İdarəsinin EQ/23069113 saylı, xx.xx.2024-cü il tarixli elektron qərarına əsasən X4 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Göründüyü kimi, Baş Dövlət Yol Polis İdarəsinin EQ/23069113 saylı, xx.xx.2024-cü il tarixli qərarı əsassız olaraq qəbul edilmiş, inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində elektron qərar tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük elektron qərar tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İş materiallarından X4 tərəfindən İXM-nin 327.1-1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmir. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi, iş materiallarına əlavə edilmiş foto görüntüdə şəxsin inzibati xəta törətməsi müəyyən edilmədiyi üçün mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə elektron qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə elektron qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Baş Dövlət Yol Polis İdarəsinin EQ/23069113 saylı, xx.xx.2024-cü il tarixli elektron qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar