Məhkəmə qərarları › İş №3(006)-4371/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4371/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4371/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 20 iyul 2022ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 20 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus ünvan 1 ünvanında yerləşən “Lamiyə” gözəllik salonunda xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 Baş İdarəsinin əməkdaşları tərəfindən operativ vergi nəzarət tədbiri keçirilmiş və nəzarət tədbiri zamanı obyektdə lazer epilyasiyası aparatı aşkar olunduğundan onun lisenziya almadan özəl tibbi fəaliyyətlə məşğul olmağı qənaətinə gəlinmişdir. Nəzarət tədbirinin nəticələrinə dair DVX-nın Bakı şəhəri KSİBİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, seriya DVX 000288 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş materiallar aidiyyəti qaydada hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Səhiyyə Nazirliyinin Analitik X4 Nəzarət şöbəsinin əməkdaşları tərəfindən materiala qiymət verilərək barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib olunmuşdur. Protokolda onun lisenziya almadan özəl tibb fəaliyyəti ilə məşğul olmağı və bununla İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində göstərilən inzibati xətanı törətdiyi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokola baxılması nəticəsinə dair MN ******* nömrəli, 20 iyul 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilmişdir. Aşağıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar qanunsuz və əsassızdır. İlk növbədə bildirir ki, inzibati xətaya dair iş üzrə icraat aparılan zaman prosessual pozuntulara yol verilmişdir. Belə ki, protokol tərtib olunarkən iştirakı təmin olunmamış, protokol tərəfindən imzalanmamış və onun bir sürəti ona verilməmişdir. Eləcə də, protokolun tərtibi zamanı İXM ilə müəyyən olunmuş müddətlərə əməl olunmamışdır. Buna baxmayaraq, inzibati xətanın törədilməsi faktı xx.xx.2022-ci ildə aşkar olunsa da, protokol xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Eyni zamanda, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılmasında iştirakı təmin edilməmiş və dinlənmə hüququ pozulmuşdur. Lakin göstərilənlərin əksinə barəsində inzibati xətaya dair iş üzrə aparılan icraatda iştirakı təmin edilməmişdir. Bundan əlavə bildirir ki, ümumilikdə onun əməllərində inzibati xəta tərkibi olmamışdır. İXM-nin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Normadan da müəyyən olunduğu kimi, özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziyanın olması tələb olunur və lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmağa görə inzibati məsuliyyət müəyyən edilir. Lakin lazer epilyasiya aparatı vasitəsilə xidmətlərin göstərilməsi tibb xidməti deyildir. Özəl tibb fəaliyyəti haqqında Qanunun 1-ci maddəsinə əsasən: özəl tibb fəaliyyətinin subyektləri tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər; özəl tibbi fəaliyyət - qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxş yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi; özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxş yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət; özəl tibb müəssisəsi - əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi; tibbi yardım xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası diaqnostikası, və xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan sonrakı dövrlərin müşahidəsi; tibbi xidmət - müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım müəyyən olunmuşdur. Göründüyü kimi, lazer epilyasiya aparatı vasitəsilə xidmətlərin göstərilməsi tibbi xidmətlər hesab olunmur və bu səbəbdən onun əmələrində inzbati xəta tərkibi yoxdur. Hazırkı iş üzrə MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar ona xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 20 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X9 baş direktoru tərəfindən Vəkil ünvanlanmış 17 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, dermatoloji və kosmetoloji xidmətlər barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış məktuba X2 baxılmışdır. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəii Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısında qeyd olunan “dermatoloji” iş üzrə tibbi xidmətin göstərilməsi dəri xəstəliklərinin müalicəsini nəzərdə tutur. Öz növbəsində, dermatologiya, dəri və onun əlavələrinin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan sahədir. Siyahıda qeyd olunan “kosmetoloji” iş üzrə tibbi xidmətlin göstərilməsi isə tibbin bir sahəsi olub, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur. Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası, biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, masaj üsulları, plazmoliftinq, “prp” və s. aid oluna bilər. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər, əlavə olaraq, müəyyən cihaz, prosedur və vasitələr ilə xidmət göstərmək üçün xüsusi sertifikatlar da tələb oluna bilər. İstinad olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müvafiq qanunvericilik aktları (əmrlər, qaydalar) götürülmüşdür. İş materiallarına əlavə edilmiş 15 iyul 2022-ci il tarixli, MN ******* saylı protokolun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən “Lamiyə” gözəllik salonunda xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı X3 lisenziya olmadan özəl tibbi fəaliyyətlə (lazer epilyasiya) aşkar olunmuşdur. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən özəl tibb fəaliyyətinin subyektləri - tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər; özəl tibbi fəaliyyətqanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxş yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi; özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxş yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət; özəl tibb müəssisəsi - əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi; tibbi yardım - xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası diaqnostikası, və xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan sonrakı dövrlərin müşahidəsi; tibbi xidmət - müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım Qanunun əsas anlayışlar kimi ifadə olunmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən, Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş materiallarında olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq müəyyən etdi ki, inzibati orqan öz qərarında X3 ünvan 1 ünvanında yerləşən “Lamiyə” gözəllik salonunda lisenziyası olmadan özəl tibbi fəaliyyətlə məşğul olmaqla qanun pozuntusuna yol verdiyini göstərsə də, inzibati xətanın törədildiyi tarixdə X1 olub-olmamasını, lazer epilyasiyasının tibbi xidmət hesab olunub-olunmamasını müəyyən etməmiş, bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən Səlbi Mansurovanın hüquq və vəzifələri ona izah edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 20 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 20 iyul 2022ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar