Məhkəmə qərarları › İş №3(006)-4372/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4372/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4372/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, ev 33; VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi mülkiyyətində olan «TOYOTA CAMRY MİNİK» markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 04:12-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 izahatında bildirdi ki, Nəsimi RPİ-nin DYPŞ tərəfindən inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğu onlara çatmamışdır. Sözügedən sorğunun alınmasına dair xəbərnaməyə “Şahsuvarova Leyla” adlı şəxs tərəfindən imza edilərək sorğunun qəbul edildiyi müəyyən edilsə də, Mərkəzin həmin adlı işçisi yoxdur. Eyni zamanda, sorğu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquqi ünvanına, yəni ünvan 4kəz faktiki olaraq ünvan 5 ünvanında yerləşən ofisdə fəaliyyət göstərir. Belə ki, 20 dekabr 2024-cü il tarixli icarə müqaviləsinə əsasən həmin ofis Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən icarəyə götürülmüş və xx.xx.2025-ci il tarixindən etibarən həmin ünvanda fəaliyyət göstərir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin məktubu və müvafiq xəbərnamədən görünür ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə məxsus «TOYOTA CAMRY MİNİK» markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə, saat 04:12-də İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuş, bununla bağlı göndərilmiş məktub xx.xx.2025-ci il tarixdə “Şahsuvarova Leyla” adlı şəxs tərəfindən “Etibarnamə ilə” qrafasının qarşısında imza edilərək qəbul edilmişdir. İş materiallarında olan 20 dekabr 2024-cü il tarixli, 01 saylı Əmlakın icarəyə verilməsi haqqında İcarə müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanlarında yerləşən 664,7 kv.metr olan sahəni ofisini yerləşdirmək üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə (icarəyə) müddətli istifadəyə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut da təqdim olunmamışdır. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar