Məhkəmə qərarları › İş №3(006)-4374/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4374/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4374/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1972-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 23 noyabr 2022-ci il tarixdə Nəsimi rayonu, Qoqol küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində X2 təhqir etmiş və sonuncunun polisə müraciət etməsindən sonra Şəxs polis şöbəsinə dəvət edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, Qoqol küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində bir nəfər şəxsin X2 nalayiq ifadələrlə təhqir etdiyi üçün həmin ərazidə xidmət aparan 22-ci Polis Şöbəsinin əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və iradlarını bildirərək ictimai asayişi pozmamağı tələb etmişdirlər. Lakin, həmin şəxs polis əməkdaşlarının ona etdiyi irada məhəl qoymayaraq ictimai asayişi pozan hərəkətlərinə davam etmiş və polis əməkdaşlarına spirtli içkinin təsiri altında əsəbi və sərt cavablar vermişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsi 22-ci Polis Şöbəsinə dəvət etmişlər. İlk öncə həmin şəxs polis şöbəsinə getmək istəməsə də, sonradan onun polis bölməsinə gətirilməsi polis əməkdaşlarının səyi nəticəsində mümkün olmuşdur. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hal-hazırda protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun daimi yaşayış yeri yoxdur. O, Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində avtomaşınları park etməyə kömək etmiş və etdiyi kömək nəticəsində qazandığı az miqdarda pulla günlük xərclərini qarşılamışdır. 23 noyabr 2022-ci il tarixdə avtomobillərin park edilməsi üçün istifadə etdiyi dəmir alətin bir nəfər şəxsə məxsus avtomobilin sürücüsü tərəfindən kənara aparıldığını gördükdə bu barədə öz iradını bildirmişdir. Bundan sonra həmin şəxslə aralarında mübahisə yaranmış, lakin həmin şəxsi təhqir etməmişdir. Daha sonra həmin şəxs DİN-nin 102 xidmətinə müraciət etmiş və oraya polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. O, müxtəlif vaxtlarda spirtli içki qəbul etsə də, 23 noyabr 2022-ci il tarixdə heç bir şəxsi təhqir etməmiş və polis əməkdaşlarına hər hansı müqavimət göstərməmişdir. İzahatının sonunda hər hansı inzibati xəta törətmədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə daxil olmuş məlumat əsasında xidməti zərurətlə əlaqədar olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsinə gəlmişdir. Həmin vaxt spirtli içkinin təsirində olan Şəxs nalayiq ifadələr işlətmiş, o, həmin şəxsə yaxınlaşaraq ictimai qaydalara riayət etməsini tələb etsə də, həmin şəxs onu da nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra, Şəxs polis əməkdaşlarının birlikdə səyi nəticəsində Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə gətirilmiş və orada barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs barəsində müxtəlif vaxtlarda polis idarəsinə şikayətlər daxil olmuş, onunla tərəflərindən proflaktik söhbətlər aparılmasına baxmayaraq, sonuncu islah olunmur, içki qəbul etdikdən sonra ətrafdakı şəxsləri təhqir edir, onlara qarşı nalayiq ifadələr işlədir. Məhkəmə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş 23 noyabr 2022-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 23 noyabr 2022-ci il tarixdə, saat 23:57-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 23 noyabr 2022-ci il tarixdən, saat 23:57dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə və Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar