Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4388/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 19-cu polis şöbəsinin sahə inspektoru tərtib etmiş şəxs: X3 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 04, mənzil 03-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 396, 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 20 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki yaşayış binalarının bloklarına məktəbə narkotik vasitələrinin reklamı üçün sayt adı yazmış, bununla bağlı o, 21 sentyabr 2023-cü il tarixdə saxlanılan zaman polisə tabesizlik göstərmiş, nalayiq ifadələr işlədib səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X5 izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 27, mənzil 31-də yaşayan jurnalist X4 “Facebook” sosial şəbəkədə Daxili İşlər Nazirliyinə müraciət edərək binanın blokunda və 9 nömrəli tam orta məktəbin divarlarında naməlum şəxslərin “СК.МЕФ”, “ГИКС CC” yazmaları və bununla da narkotik vasitələrin və psixotron maddələrin satışını təbliğ etmələri barədə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin üç nəfər şəxs ünvan 1 ünvanda müəyyən olunaraq saxlanılmışdır. Bu zaman onlar məsuliyyətdən boyun qaçırmaq üçün qaçmağa cəhd göstərmiş, polisin qanuni tələblərinə tabe olmamaqla onların və ətrafda yığılan şəxslərin ünvanına təhqiramiz ifadələr işlədərək cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə etmişlər. Lakin polis əməkdaşları fiziki qüvvə tətbiq etməklə həmin şəxslərin qaçmaqlarının qarşısını almış, onları şöbəyə gətirmişdir. Şöbədə bu şəxslərin Şəxs, X2 və X6 olduğu müəyyən edilmişdir. Onlar törətdikləri əməli etiraf edərək binaların və məktəblərin divarlarına yazmış olduqları yazıların “teleqram” sosial tətbiqi vasitəsilə narkotik vasitə və psixotron maddələrin “onlayn” yolla əldə olunması və eyni zamanda pul müqabilində “kuryerlik” xidmətini təklif etmişlər. Bununla da onlar gün ərzində 150 belə yazı yazmaqla 75 manat pul əldə edərək üç nəfər arasında bölmüşlər. Qeyd olunanlarla bağlı onların barəsində ayrı-ayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 396, 510 və 535.1-ci maddələri üzrə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, pula ehtiyacı olduğundan bu işlə məşğul olmağa başlamışdır. Bir daha belə hərəkətə yol verməyəcəyini bildirərək ona köməklil edilməsini xahiş edir. Məhkəmədə 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili X12 şahid qismində izahatında bildirdi ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşayış binalarının blokuna və 9 nömrəli tam orta məktəbin divarlarına “СК.МЕФ”, “ГИКС CC” yazmış və bununla da narkotik vasitələrin və psixotron maddələrin satışını təbliğ etmiş üç nəfər şəxs ünvan 1 ünvanda müəyyən olunaraq saxlanılmışdır. Həmin şəxslərdən üzərlərində şəxsiyyəti təsdiq edən sənədin olub-olmamasını, bu fəaliyyətlə məşğul olmalarının səbəbini və əsaslarını soruşduqda, onlar məsuliyyətdən boyun qaçırmaq üçün qaçmağa cəhd göstərmişlər. Bu şəxslər polisin qanuni tələblərinə tabe olmamaqla polisin və ətrafda yığılan şəxslərin ünvanına təhqiramiz ifadələr işlədərək cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə etmişlər. Onlar fiziki qüvvə tətbiq etməklə həmin şəxslərin qaçmaqlarının qarşısını almış və onları avtopatrula əyləşdirərək şöbəyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 şahid X9 izahatına uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Həmçinin iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 sentyabr 2023-cü il tarixdə, saat 19:00-dan tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair işə baxılması həmin Məcəllənin 43-cü maddəsinə görə məhkəmənin səlahiyyətinə aid olmadığından, bu məsələyə hüquqi qiymətin verilməsi mümkün deyil. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 21 sentyabr 2023-cü il tarixdə, saat 19:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4388/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4388/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver