Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4391/2024 18.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası X10 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Vəzifəli şəxs X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Vəzifəli şəxs X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə ünvan 1 ünvanında 15 oktyabr 2024-cü il tarixdə, saat 12:25-də “Niel” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmiş, bununla da, vəzifəli şəxs X6 Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X10 Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, X5 məxsus ünvan 1 ünvanında 15 oktyabr 2024-cü il tarixdə, saat 12:25-də “Niel” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yayımı həyata keçirilmişdir. Agentliyin əməkdaşları tərəfindən bu fakt 15 oktyabr 2024-cü il tarixdə, saat 12:25-də aşkar edilmişdir. Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və məlumat üçün vəzifəli şəxsə də göndərilmişdir.. Göstərilənləri nəzərə alaraq barəsində inzibati iş üzrə icraat aparılan vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanladığı etiraz ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası X10nin Bakı şəhər Reklam İdarəsi vəzifəli şəxs kimi X6 barəsində müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması faktı əsasında Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə xx.xx.2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və xx.xx.2024-cü il tarixdə qərar qəbul edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda həmin fakt əsasında inzibati qərar qəbul edilməsi ilə bağlı inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olaraq tərtib edilməsi ilə bağlı aşağıda qeyd edilənləri diqqətə çatdırır. 1. İlkin olaraq bildirir ki, Azərbaycan Respublikası X10nin Bakı şəhər Reklam İdarəsinin (bundan sonra Reklam İdarəsi) müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması ilə bağlı faktı əsasında həmin qurumun qeyd etdikləri həqiqətə uyğun deyil. Belə ki, faktın aşkar edildiyi hesab edilən adı çəkilən Niel şadlıq sarayı (bundan sonra obyekt) uzun illərdir fasiləsiz və davamlı olaraq fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi bu illərdə Reklam İdarəsinin və ondan əvvəlki bu fəaliyyətə nəzarət edən qurumların müvafiq razılığı və ödənilmiş dövlət rüsumu və yayım haqqı ilə bağlı ödənişi əsasında reklam yayımını qanunauyğun formada həyata keçirmişdir. (əvvəlki illərin ödəniş qəbzləri əlavə edilir.) Hazırda da obyektin fasadında və damında olan hərf və loqotiplərə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan 1 illik dövr üzrə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə Elçin Hüseynovun xx.xx.2024-cü il tarixli ərizəsi əsasında Reklam İdarəsi tərəfindən verilmiş qaimə faktura əsasında 199,85 manat dövlət rüsumu və 1485,68 manat reklam yayımına görə haqqı hesablanaraq Reklam idarəsinin müvafiq hesablarına köçürülmüşdür. Göründüyü kimi obyektin fasadında və damında olan hərf və loqotiplərlə bağlı yayım haqqı və dövlət rüsumu ödənildiyindən bu faktla bağlı hər hansı bir icazəsiz fəaliyyətdən söhbət gedə bilməz. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və həmin Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi Reklam İdarəsi ilə obyektin damında və fasadında olan hərf və loqotiplərlə bağlı reklam yayımına görə hər hansı bir mübahisəli məsələ yoxdur. Hazırda Reklam İdarəsinin tərtib etdiyi protokolda qeyd edilən icazəsiz açıq məkanda reklam yayımlanması belə başa düşülür ki obyektin fasadına konstruktiv element olaraq bərkidilmiş monitordan gedir. 2. Monitorla bağlı qurumun iddiasına əsasən bildirir ki, 2013-dən həmin monitor obyektə möhkəm dəmir konstruksiya olunaraq birləşdirilmiş formada mövcud olub və bir neçə il həmin monitor fəaliyyət göstərərək reklam yayımı həyata keçirmiş və bununla da bağlı müvafiq ödənişlər (rüsum və yayım haqqı) ödənilmişdir. Buna baxmayaraq Reklam İdarəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair akt tərtib edərək 7 ədəd 27,36 m2 reklam aşkar edilməsi və bunu 4 ədəd fotoşəkillə təsdiq edərək 29 avqust 2024-cü il tarixdə rəsmiləşdirmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli aktda qeyd edilən pozuntuların 5 gün ərzində aradan qaldırılmalı olduğunu və bu müddət başa çatdıqdan sonra 1 gün ərzində inzibati xəta haqqında protokol tərtib ediləcəyi, müvafiq qanun pozuntularının aradan qaldırılması barədə xx.xx.2024-cü il tarixli 11-2-1/2- 2967/2024 nömrəli icrası məcburi olan göstəriş vermişdir. Lakin Reklam İdarəsi xx.xx.2024-cü il tarixdə tərtib etdiyi aktda, daha sonra hazırki protokolda həmin monitorların işlək vəziyyətə olmasını təsdiq edən hər hansı bir fakta istinad etməmişdir. Qeyd edilən bütün sənədlərdə olan fotoşəkillərdə həmin monitorun işlək olmaması açıqaşkar görünür. Ancaq buna baxmayaraq Reklam İdarəsi həmin monitor üçün də dövlət rüsumu və xidmət haqqı hesablayaraq guya açıq məkanda reklam qanunvericiliyinin tələblərini pozulması səbəbi ilə E.Hüseynov barəsində əsassız protokol tərtib etmişdir. Reklam haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən reklam reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Göründüyü kimi, obyektin üzərinə (fasadına) möhkəm dəmir konstruksiya ilə bərkidilmiş həmin monitor ümumiyyətlə 2024-cü ildə işlədilməmişdir. Buna baxmayaraq Reklam İdarəsi ödəniş üçün göndərdiyi xx.xx.2024-cü il tarixli qaimədə həmin monitor üçün istifadə edilmədiyi halda ilin əvvəlindən yəni xx.xx.2024-cü il tarixdən hesablama apararaq rüsum və xidmət haqqını tələb etmişdir. Əvvəla həmin monitor təkrar olaraq qeyd etdiyi kimi cari ildə ümumiyyətlə işləməmişdir. Fərz edir ki həmin monitorda reklam yayımlanmışdır nə səbəbdən 29 avqust və sentyabr aylarında akt və göstəriş tərtib edildiyi halda 2024-cü ilin yanvar ayından rüsum və yayım haqqı hesabanmışdır. Eyni zamanda Reklam İdarəsi xx.xx.2024-cü il tarixli protokolu maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq tərtib etmişdir. Aşağıda qeyd etdiyi səbəblərdən həmin protokolun qanuni və əsaslı olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin İXM-nin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Lakin iş materiallarına əlavə edilmiş reklam haqqında qanunvericiliyin pozulması dair Akt xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, lakin faktın aşkar edilməsindən 52 gün sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu isə yuxarıda qeyd edildiyi kimi inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməli olması barədə qanunun imperativ normasının pozulmasının əyani və təkzib edilməz sübutudur. Həmçinin, məhkəmənin diqqətinə bir məqamıda çatdırmaq istəyir ki, İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Göründüyü kimi, qanunvericiliyin bu tələbi də inzibati orqan olan Reklam İdarəsi tərəfindən pozularaq xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokol üzrə 5 gün sonra 21 oktyabr 2024-cü il tarixdə inzibati qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi, qeyd olunan maddədə nəzərdə tutulan hüquqularda kobud şəkildə pozulmuşdur. Belə ki, nə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda nə dəki xx.xx.2024-cü il tarixli protokolda barəsində inzibati tənbeh tədbiri görüləcək şəxsin iştirakı təmin edilməmiş, nə də ki, bu barədə ona məlumat verilməsi barədə hər hansı bir vasitə ilə ona məlumat verildiyini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat verir. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Belə ki, iş üzrə materaiallardan göründüyü kimi ümumiyyətlə həmin reklam monitoru 2024-cü il tarixdə işləməmişdir. Eyni zamanda aidiyyəti fəaliyyətə nəzarət edən qurum isə bu mmonitorun işlək vəziyyətdə olan hər hansı bir vaxtda foto və yaxud videosunu sübut kimi təqdim etməmişdir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə müəyyən edilməli hallardan biri və ən əsasıda inzibati xəta hadisəsi ilə yanaşı inzibati xəta törətmiş şəxsin kimliyini dəqiqləşdirməkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi). Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Göründüyü kimi qeyd edilən (reklam yayımı) faktı, həmin inzibati xətanı törətmiş şəxsin və onun təqsirinin olması heç bir tutarlı və əsaslı dəlillərlə müəyyən edilməmişdir. Bu hal isə özlüyündə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Belə ki, iş materiallarına əsasən inzibati hüquq pozuntusu ilə bağlı yeganə sübut kimi Reklam İdarəsinin xx.xx.2024-cü il tarixli aktına əlavə edilmiş 4 ədəd və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əlavə edilmiş 3 ədəd foto şəkil olmuşdur ki, həmin fotoşəkillərin heç birində reklam kimi istehlakçının diqqətini cəlb edəcək, marağını formalaşdıracaq hər hansı bir məlumat yayımlanmasına rast gəlinməmişdir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, Reklam İdarəsi faktla bağlı materialları araşdırmadan subyektiv mövqeyinə əsaslanaraq qanunsuz və əsassız protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X8 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (Məcəllənin 84.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biridə müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipidir. Beləliklə, hesab edir ki sadalanan qanunun normalarına əsasən E.Hüseynov barəsində Azərbaycan Respublikası X10nin Bakı şəhər Reklam İdarəsinin səlahiyyətli vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı tərtib etdiyi inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN1254665 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X6 barəsində X10 Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş 15 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərə görə 15 oktyabr 2024-cü il tarixdə, saat 12:25-də “Niel” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. İş materiallarında olan “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” 29 avqust 2024-cü il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən əsasən 15 oktyabr 2024-cü il tarixdə, saat 12:25-də ünvan 1 ünvanında “Niel” adlı obyektin üzərində müvafiq icazə olmadan 7 (beş) ədəd 27,36 m2 ölçüdə reklam (reklam daşıyıcısı) aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” göstərişdən və 012120 nömrəli qaimənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət etməsi və ya icazəsiz reklam yayımını dayandırması tələb edilmiş, həmin göstəriş xx.xx.2024-cü il tarixdə Vəliyev Telman tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazələrdən görünür ki, fərdi sahibkar X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixədək ünvan 1 ünvanında reklam yerlədirilməsinə icazə verilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.2-ci bəndinə əsasən Müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. 3.3-cü bəndinə əsasən Reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. 3.4-cü bəndinə əsasən Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq qurum: 3.4.1-ci bəndinə əsasən reklamın yerləşdirilməsinə verilmiş icazəyə (o cümlədən bu Qaydanın 2.15-ci bəndinə uyğun olaraq, reklamı müvafiq qurumu məlumatlandırmadan yayımlayan reklam yayıcısının malik olduğu icazəyə) münasibətdə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və 26-cı maddələrində nəzərdə tutulmuş tədbirlər görür (icazə ləğv edildiyi halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.4.2-ci bəndinə əsasən bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamın, həmçinin bu Qaydanın 3.4.1-ci yarımbəndinə uyğun olaraq yayımı dərhal dayandırılmayan reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1-ci bəndinə əsasən reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2-ci bəndinə əsasən bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. 3.6-ci bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət həyata keçirən qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2-ci hissəsinə (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi) uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstəriş təqdim etməli, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməli və şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üçün hərəkətlər etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” 29 avqust 2024-cü il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərə əsasən 15 oktyabr 2024-cü il tarixdə, saat 12:25də ünvan 1 ünvanında “Niel” adlı obyektin üzərində müvafiq icazə olmadan 7 (beş) ədəd 27,36 m2 ölçüdə reklam (reklam daşıyıcısı) aşkar edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” göstərişə və 012120 nömrəli qaimənin surətinə əsasən X3 xx.xx.2024-cü il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət etməsi və ya icazəsiz reklam yayımını dayandırması tələb edilmişdir. Qeyd olunan göstəriş xx.xx.2024-cü il tarixdə Vəliyev Telman tərəfindən qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazələrdən görünür ki, fərdi sahibkar X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixədək ünvan 1 ünvanında reklam yerlədirilməsinə icazə verilmişdir. Həmçinin məhkəmə iclasında X6 “Niel” adlı obyektin üzərinə bərkidilmiş monitorun üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yayımı həyata keçirmədiyini bildirmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi, “Niel” adlı obyektin üzərinə bərkidilmiş monitor işlək vəziyyətdə olmamışdır. Belə olan halda, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXMnin 427.8.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. İnzibati xəta törətmiş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmaması, bu sübutetmənin bilavasitə inzibati orqanın üzərinə düşməsi barədə İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələbləri baxımından isə nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokola, X6 tərəfindən yuxarıda göstərilən qaydada inzibati xətaya yol verildiyini təsdiq və sübut edən müvafiq sübutlar əlavə edilməmiş, məhkəmə baxışı zamanı da təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs X6 barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xəta hadisəsi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114- 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs X6 barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4391/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4391/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver