Məhkəmə qərarları › İş №3(006)-4398/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4398/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4398/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, himayəsində üç uşağı olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 noyabr 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 01 oktyabr 2022-ci il tarixdə, saat 13:01 radələrində idarə etdiyi “Mercedes” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ü.Hacıbəyov küçəsi 145 saylı ünvanın qarşısında hərəkətdə olan zaman piyada X1 vuraraq ona yüngül bədən xəsarəti yetimişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə təxminən saat 13:01 radələrində ünvan 3 ünvanda yaşayış binasının qarşısında etibarnamə ilə idarə etdiyi “Mercedes E200” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istiqamətin düzəltmək üçün geriyə sürən zaman ehtiyatsızlıqdan görməyərək bir nəfər xanımı avtomobilə vurmuşdur. Daha sonra o, avtomobildə enərək həmin şəxsi avtomobilə əyləşdirərək yaxınlıqda olan Mediclub klinikasına aparmışdır. Orada ona ilkin yardım göstərilmişdir. Həmçinin bildirmişdir ki, o, zərərçəkmiş şəxslə barışmışdır, ona vurulmuş ziyanı ödəmişdir, əməlindən səmimi peşmandır, ailəlidir, himayəsində üç uşağı var, ailəsinin taksi fəaliyyətli ilə məşğul olmaqla dolandırır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə və zərərçəkmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, M.Ə.Əliyevin Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış material Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Nəsimi rayon şöbəsinin 05 noyabr 2022-ci il tarixli, 1392 saylı rəyindən görünür ki, Ç.S.Balayeva 01 oktyabr 2022-ci il tarixdə X3 müraciət edərkən ona “bədənin bir neçə nahiyəsini əhatə edən səthi travmalar, döş qəfəsinin hissəsinin əzilməsi, sağ biləyin və əlin digər hissələrinin açıq yarası” diaqnozu təyin olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirinindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 01 oktyabr 2022ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan 01 oktyabr 2022-ci il tarixli saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, M.Ə.Əliyev həmin tarixdə ayıq olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 01 oktyabr 2022-ci il tarixdə, saat 13:01 radələrində idarə etdiyi “Mercedes” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ü.Hacıbəyov küçəsi 145 saylı ünvanın qarşısında hərəkətdə olan zaman piyada X1 vuraraq ona yüngül bədən xəsarəti yetimişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanı ödəməsini, əməlindən səmimi peşman, ailəli, himayəsində üç uşağının olmasını, ailəsinin taksi fəaliyyətli ilə məşğul olmaqla dolandırmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yeganə qazanc yerinin sürücülük fəaliyyəti olmasını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar